23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamız uğurla inkişaf edir, bütün yaşayış məntəqələrində məqsədyönlü infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin həyat tərzində öz əksini tapır. Belə layihələr meliorasiya və su təsərrüfatı sistemini də əhatə edib. Bunun ifadəsidir ki, son illər içməli su təminatının yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülüb, yeni içməli su xətləri çəkilib, kaptajlar bərpa olunub. 

Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində o dövrün tələblərinə uyğun qurulan, uzun müddət istismar olunduğundan şəhəri tam əhatə etməməklə yanaşı, artıq yararsız vəziyyətə düşmüş və əhalinin keyfiyyətli içməli suya olan mövcud tələbatını ödəmirdi. Bəzi məhəllələrdə sakinlər ancaq küçələrdəki su kranlarından istifadə edirdi. Əhaliyə su müəyyən saatlarla verilir, yüksək mərtəbəli evlərə içməli su öz axını ilə qalxmırdı. Əhali tərəfindən binanın çardaq hissəsinə kustar yolla düzəldilmiş su çənləri qoyulur və ayrı-ayrı şəxslərə məxsus nasoslar vasitəsilə mənzillərə su vurulurdu. Bəzən su çənlərinin sıradan çıxması suyun daşmasına, yuxarı mərtəbədə yaşayan insanların mənzillərinin yararsız vəziyyətə düşməsinə səbəb olurdu.
Kanalizasiya quyularında da vəziyyət ürəkaçan deyildi. Çirkab suları təmizlənmədən Araz çayına və ya sahələrə axıdılırdı. Bu da insan sağlamlığına və ekologiyaya mənfi təsir göstərirdi.

Naxçıvan şəhəri və ətraf kənd­lərdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində reallaşdırılan layihələr artıq başa çatıb.
“Naxçıvan Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində inşa edilən Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksi əhalinin içməli suya olan ehtiyacını tam şəkildə ödəyir. Naxçıvançay yatağında uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib. Əhalini keyfiyyətli su ilə təmin etmək üçün gün ərzində 40 min 800 kubmetr və ya saniyədə 472 litr sutəmizləmə gücünə malik olan nanofiltrli membrantipli su­təmizləyici qurğunun, əhaliyə suyun fasiləsiz çatdırılması üçün ümumi tutumu 25 min kubmetr olan su anbarının tikintisi həyata keçirilib. Naxçıvan şəhəri və Naxçıvan şəhər inzibati ərazisinə aid olan 5 kənd (Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul), həmçinin layihədən qənaət olunmuş vəsait hesabına Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndləri daxil olmaqla, müxtəlif diametrli borularla 350,1 kilometr daxili su şəbəkəsi, 332,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 25874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. 135 min nəfər su və kanalizasiya şəbəkəsindən istifadə etmək imkanı qazanıb. Yerin relyefi nəzərə alınaraq şəbəkə üzərində 2 ədəd təzyiq­azaldıcı tikilib.
Çirkab suların təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin sağlamlaşdırılmasının və çirklənməsinin qarşısının alınması məqsədilə belə suların təmizlənməsi və kənd təsərrüfatında istifadəsi üçün Araz çayının kənarında Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi tikilib. Təmizləyici qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab sutəmizləmə gücünə malikdir. Qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Ətrafa qoxunun yayılmaması üçün kompleksdə 3 havatəmizləyici qurğu quraşdırılıb. Qurğudan çıxan bərk tullantılar xüsusi aparatlarda emal olunaraq gübrə kimi istifadə edilir. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axını ilə 170, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur. Layihənin icrasında yeni texnologiyalardan və avadanlıqlardan istifadə edilib, tikinti işləri aparılarkən keyfiyyət amilinə xüsusi diqqət yetirilib.
Bu işlərin həyata keçirilməsi nəticəsində Naxçıvan şəhər əhalisinin Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən təmiz su ilə 24 saat təmin edilməsinə nail olunub.
Su müqəddəsdir, su sağlamlıqdır, su təmizlikdir, su xilasedicidir. Buna görə də hər birimiz bütün sərvətlərimizi qoruduğumuz kimi, suyun da qədrini bilməli, su ehtiyatlarından səmərəli, qənaətlə istifadə etməli, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinə ­çalışmalıyıq.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR