Daimi xarakter alan bu tədbirlər təqdir olunur
Muxtar respublikamızda bir çox istiqamətlərdə festivalların keçirilməsi artıq ənənə halını alıb. Son illərin yeniliyi kimi bu sırada kənd təsərrüfatının inkişafı, diyarımızda yetişdirilən müxtəlif növ məhsulların daha geniş formada təbliği məqsədilə təşkil olunan festivallar da xüsusi qeyd olunmalıdır. Paytaxt şəhərimizdə ilk dəfə 2016-cı ildə “Göycə” festivalının keçirilməsi ilə başlayan belə tədbirlərdə müstəqil ölkəmizin vətəndaşları sahib olduqları torpaqlarda alın təri ilə, min bir zəhmətlə əkib-becərdikləri məhsulları həvəslə satışa çıxarırlar.
Son illərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivallarda muxtar diyarımızın hər bir rayonu üçün pavilyonlar ayrılır. Buraya gələnlər üçün ictimai iaşə xidməti təşkil olunur, muxtar respublikanın musiqi kollektivlərinin çıxışları festivalları daha da rəngarəng edir. Naxçıvana ölkəmizin digər yerlərindən və xaricdən gələn qonaqlar da bu tədbirlərdən razılıqla danışırlar.
Cari ildə də festivallar davam etdirilib. İlk olaraq may ayında ənənəvi “Göycə” festivalı keçirilib.
Qeyd etmək yerinə düşər ki, qədim diyarımızda son illər meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral və 2016-cı il 8 fevral tarixli sərəncamları ilə qəbul edilən meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarına əsasən bu illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib. İstehsalçılara meyvə bağlarının salınması üçün güzəştli kreditlər ayrılıb və meyvə məhsullarının saxlanması üçün soyuducu anbarlar tikilib istifadəyə verilib, yeni meyvə bağlarının salınmasına diqqət daha da artırılıb.
Məlumat üçün bildirək ki, uzun illər naxçıvanlı xalq seleksiyaçıları tumlu, çəyirdəkli və qərzəkli meyvələrin yüzlərlə sortunu yaradıblar. Onlardan ən çox istifadə edilənlərdən biri də alçadır. Alçanın mədəni sortları yalnız Azərbaycanda şöhrət qazanıb. Cır alça gözəl calaqaltı sayılır. Meyvələri erkən yetişmə vəziyyətinə gətirmək üçün insanlar müxtəlif calaqlar edərək göycə sortunu yaradıblar. Göycə daha iri, yetkin meyvəsinin ləti sulu və şirəli, lət hissəsi çəyirdəkdən tez ayrılan, dadlı və öz tamı ilə seçilən qiymətli bir meyvədir. Azərbaycanın bir çox rayonlarında becərilsə də, meyvəsinin dadına və keyfiyyətinə görə Naxçıvan göycəsi daha məşhurdur. Diyarımızda “tələbi”, “göycə sultanı”, “yaz mələsi”, “yay mələsi”, “payız mələsi” (Ordubad rayonunda) sortları geniş yayılıb.
Naxçıvanda göycə təzə halda və qurudularaq daxili bazarla yanaşı, xarici ölkələrdə də özünə alıcı tapıb.
Onu da qeyd edək ki, budəfəki festivala 186 fərdi təsərrüfatçı və “Naxçıvan məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, ümumilikdə, 12 ton 700 kiloqram məhsul çıxarılmışdı. Festivalın sonunda “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada kənd təsərrüfatının, xüsusilə də arıçılığın inkişafına geniş imkanlar açır. Bu sahənin əhəmiyyəti təkcə qiymətli arı məhsullarının istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında xüsusi rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”, arıçılıq sahəsinə güzəştli kreditlərin və arıçılıq avadanlıqlarının lizinq yolu ilə sahibkarlara verilməsi, arıçıların xəstəliklərə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təminatı, arıçılıq avadanlıqlarının istehsalı və satışının təşkil edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılmasının ifadəsidir ki, bu qədim diyarda arıçılıqla məşğul olanların sayı günü-gündən artır.
Son 9 ildə banklar tərəfindən arıçılıqla məşğul olan sahibkarlara 3 milyon 624 min 200 manat həcmində kreditlər verilməsi də bu sahənin inkişafına geniş imkanlar açıb. Balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Təkcə 2018-ci ilin ötən 9 ayında bu sahə üzrə təsərrüfat subyektlərinə 262 min 800 manat məbləğində kredit verilib.
Muxtar respublikada 2016-2018-ci illərdə arıçılıq məhsulları – bal festivallarının keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib. 2016-cı ildə keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda 210 arıçı iştirak edibsə, 2017-ci ildə onların sayı 264-ə çatıb. 2018-ci ilin oktyabr ayında keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda 315 arıçının iştirakı təmin olunub. Festivala muxtar respublikanın bütün rayonlarından süzmə, şan bal, arı südü, çiçək tozu, o cümlədən arı məhsullarından hazırlanmış tibbi ekstraktlar, mum kremləri, bal istehsalında xüsusi əhəmiyyətə malik olan dərman bitkiləri və digər məhsullar çıxarılmışdı. Həmin məhsullar xüsusi taralarda qablaşdırılmışdı. Festivalda baldan hazırlanan müxtəlif şirniyyatlar, araqlar, şərablar, doşab və şərbətlər də iştirakçılara təklif edilirdi.
Doğma diyarımızın zəngin təbii sərvətləri ilə yanaşı, buranın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri dad-tamı ilə seçilir. Onlar içərisində kətə məxsusi yer tutur. Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz, halvalı, şirin və döymə kətələri hər zaman çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri, demək olar ki, hər evdə bişirilir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif mineral və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir ki, belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır. Aprel ayının 7-də keçirilən ikinci “Kətə” festivalı da bu baxımdan yaddaqalan olub.
23 ictimai iaşə obyektinin və 130 fiziki şəxsin iştirak etdiyi festival diyarımızın bu qiymətli mətbəx nümunəsinin bundan sonra da yaşadılacağına əminlik yaratdı. Festivalda iştirak edən Türkiyədən olan və Naxçıvanda ali təhsil alan Şehriban Sarıhanın sözləri hamımızı qürurlandırır: “Burada təhsil aldığım müddətdə Naxçıvan mətbəxinin, demək olar ki, əksər yeməklərini dadmışam. Mətbəxiniz çox zəngindir. Elə düşünürəm ki, dünyanın hansı ölkəsindən bura gəlib bu yeməkləri dadan olsa, mütləq bundan ləzzət alacaq. Kətə haqqında onu deyə bilərəm ki, bu, çox dadlı bir yemək növüdür. Ümumiyyətlə, sizin mətbəx mədəniyyətiniz, süfrə təcrübəniz imkan verir ki, dadlı olanı daha ləzzətli şəkildə süfrəyə təqdim edəsiniz. Bu isə Azərbaycan xalqının zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir”.
Festivalın sonunda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri elan olunub. Onlara diplomlar təqdim edilib.
Naxçıvanqalada “Ailə təsərrüfatı məhsulları” festivalı da paytaxt sakinlərində, muxtar respublikamıza gələn qonaqlarda xoş təəssüratlar yaradıb.
Daha bir festival isə noyabr ayının 10-da keçirilib. Qeyd edək ki, Naxçıvanda ailə əməyinə əsaslanan təsərrüfatlar min illər ərzində yaranmış, böyük yol keçərək hazırkı inkişaf səviyyəsinə yüksəlmişlər. Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur.
Festivala muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdı. Həmin məhsulların dəyəri 158 min 800 manat təşkil edirdi. İki gün ərzində burada 127 min 40 manatlıq məhsul satılıb. Adı dillər əzbəri olan Naxçıvan məhsulları – Nehrəm pendiri və qatığı, Ordubad alanası, sucuğu, cəvizi, Şərurun müxtəlif çeşidli ət və balıq məhsulları, meyvə araqları, Sədərək çörəyi, Şahbuz balı, qaymağı və xaması, Qıvraq badamı, Naxçıvan qovurması, mürəbbə və şirniyyatları, eləcə də lavaşalar, turşular, meyvə şirələri, eyni zamanda min bir dərdə şəfa verən çoxçeşidli dərman bitkiləri muxtar respublikamızda aqrar sahənin yüksək səviyyədə inkişafını göstərirdi.
Festivalın sonunda “Ən yaxşı məhsul” nominasiyası üzrə keçirilən müsabiqədə qaliblər mükafatlandırılıblar.
Bir qədər də festivallara çıxarılmış müvafiq məhsulların qablaşdırılması barədə. Yüksək zövqlə qablaşdırılmış məhsullar muxtar diyarımızda bu sahənin inkişafının göstəricisi kimi diqqəti çəkirdi. Belə ki, bu prosesdə istifadə olunan vasitələrin hamısı Naxçıvanda istehsal edilib. Müxtəlif həcm və ölçülərdə qablaşdırılmış məhsullara alıcı tələbatında bu da əhəmiyyət kəsb edirdi.
Digər bir məsələ isə bu festivalların ailə təsərrüfatlarının bir-biri ilə əlaqələr qurmasına, onların qarşılıqlı fəaliyyətinə, məsələn, hər hansı bir təsərrüfata xammal əldə olunmasına şərait yaratmasıdır.
... Hər gün bir yeniliklə rastlaşan naxçıvanlılar artıq bundan təəccüblənmirlər. Belə yeniliklər onların həyat tərzinə çevrilib. Artıq ənənə şəklini almış, hər dəfəsini səbirsizliklə gözlədiyimiz festivallar da. Bu tədbirlərin mahiyyətində insana qayğı, onun zəhmətinə verilən qiymət dayandığını düşünən paytaxt sakinləri daxili bazarımızın məhz yerli məhsullar hesabına zənginləşdirilməsinin müxtəlif yolları olduğunu görür, bu yolların insanlara xidmət etdiyinə, nəticə etibarilə, iqtisadiyyatımızın gücləndirilməsinə sevinirlər.
İkinci bir tərəfdən isə əhalisinin 70 faizinin kənd yerlərində yaşadığı muxtar respublikamızda torpağa məhəbbət hisslərinin gücləndirilməsində, bu qiymətli neməti insanların özlərinə daimi iş yerinə çevirməsində belə tədbirlər mühüm əhəmiyyət daşıyır.
Muxtar MƏMMƏDOV