Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2018-ci ilin oktyabr ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlamış, ümumilikdə, məhsulların 107 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmişdir. Məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 35 müraciət operativ icra olunmuşdur.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 89 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 92 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə 20 təsərrüfat subyektində 118 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılmış, natamam tibbi müayinədən keçmiş 90 işçi tibb müəssisələrində müayinələrdən keçmələri üçün maarifləndirilmiş və konkret vaxt verilərək tam tibbi müayinədən keçmələri təmin edilmişdir. Komissiya tərəfindən 14 təsərrüfat subyektində 72 obliqat qrup işçidən qan nümunələri götürülmüş və müvafiq tibbi nəzarət təmin olunmuşdur.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində tədbirlər davam etdirilmişdir. Belə ki, 33 məktəbin bufetində, 8 digər təhsil müəssisəsinin bufet və yeməkxanasında və 15 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 14 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmış və aşkar olunmuş bir sıra nöqsanlar yerində aradan qaldırılmışdır.
145 bərbərxanada maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 37 bərbərxanada aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. 83 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, 13 təsərrüfat subyektində aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır. Standartların tələblərinə uyğun fəaliyyətin qurulması məqsədilə 10 təsərrüfat subyektində, o cümlədən 5 istehsal, 3 ictimai iaşə və xidmət sahəsi, 2 bərbərxanada təmir işləri aparılmışdır.
2018-ci ilin oktyabr ayında metroloji norma və qaydalara uyğun olaraq 1730 sayğac yoxlanılmışdır.
İdxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət aparılmış, məhsulların üzərinə 3 halda Azərbaycan dilində zəruri məlumatların vurulması təmin olunmuşdur. Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 10 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinq aparılmış, 4 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanmış, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar 2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası çərçivəsində Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 68 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılmışdır. Cari ilin oktyabr ayında, ümumilikdə, idxal olunan 1699 məişət qaz cihazına baxış keçirilmiş, təhlükəsizliyi təmin olunmayan 195 məişət qaz cihazının idxalına və satışına icazə verilməmiş, 1 ticarət obyektində satışda olan 10 sənaye üsulu ilə hazırlanmayan qaz başlıqları satışdan çıxarılmışdır.
2018-ci ilin oktyabr ayında, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 9870 manat dəyərində yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti