22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərinə respublikamızın digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlarla dəfələrlə həmsöhbət olmuş, onların qədim, qədim olduğu qədər də müasirliyə qovuşmuş şəhərimiz haqqında təəssüratlarını dinləmiş, müsahibələr almışıq. Qürur hissi duymuşuq ki, diyarımız haqqında belə xoş sözlər eşidirik. Sirr deyil ki, son illər Naxçıvan şəhəri öz gözəl siması ilə, doğrudan da, vəsf olunmağa layiq bir ünvana çevrilmişdir. Bunun kökündə duran amilləri axtarsaq, öncə ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqəti, dahi rəhbərin uzun illər üçün müəyyənləşdirdiyi yenilikçi strategiyanı, ulu öndərin ölkəmizin gələcəyinə hesablanmış siyasətinin uğurlu davamını, naxçıvanlıların yurd yerinə bağlılıqlarını görərik.

Bu bağlılığın ifadəsidir ki, diyarımızın bütün bölgələri kimi, paytaxt Naxçıvan şəhəri də bu gün öz inkişafının yeni mərhələsindədir. Sözümün bu yerində bir haşiyə çıxmaq istəyirəm. Ötən həftə Bakı şəhərinə gedərkən paytaxta yaxın bir neçə rayonda oldum. Naxçıvana qayıdarkən keçdiyim şəhərlərə də diqqət yetirdim. Bu ünvanlarda da quruculuq tədbirlərinin aparıldığını gördüm. Ancaq, sözün həqiqi mənasında, bir daha inandım ki, belə tədbirlərdə Naxçıvan öndə gedir və bu qədim yurd yerinə gələn qonaqların da bunu etiraf etmələri bu günün reallığının ifadəsidir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu, Naxçıvan şəhərində quruculuq tədbirləri həyata keçirilərkən, hər şeydən əvvəl, qədimliklə müasirliyin vəhdətinin qorunmasına diqqətlə yanaşılmasıdır. Daha dəqiq desək, müasirlik qədimlikdən qaynaqlanır ki, bu da ulu keçmişə, o dövrlərdə yaradılmışlara ehtiramın ifadəsi kimi diqqəti çəkir. 

Naxçıvan şəhərində aparılan quruculuq işləri 2013-cü ildə də davam etdirilir. Bu tədbirlərə nəzər salsaq, həyatımızın bütün sahələrini əhatə etdiyini görərik. Əvvəlcə ilin ötən dövrü ərzində yenidən qurulan və ya tikilərək istifadəyə verilən obyektlərə nəzər salaq.

Əvvəlki illərdə olduğu kimi, bu il də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. Bir neçə belə obyekt şəhərimizin gözəlliyinə əlavə çalarlar gətirmişdir. Elə götürək iyun ayının 4-də Naxçıvan şəhərində istifadəyə verilən yeni yaşayış kompleksini. Kompleksin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikamızda əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri tikilərək istifadəyə verilir. Naxçıvan şəhərində dünya təcrübəsinə əsaslanaraq inşa edilən bu yaşayış kompleksində sakinlərin rahat və müasir mənzillərlə təmin olunması, onların gündəlik məişət tələbatlarının ödənilməsi və istirahətlərinin təşkili diqqət mərkəzində saxlanılmışdır”.
Məlumat üçün bildirək ki, müasir layihə əsasında və yüksək keyfiyyətlə inşa olunan kompleksin tərkibinə iki 10 mərtəbəli və bir 15 mərtəbəli yaşayış binaları daxildir. 10 mərtəbəli yaşayış binalarının hər birində 40 dördotaqlı, 15 mərtəbəli yaşayış binasında isə 78 mənzil vardır. Bu isə 118 ailənin rahatlığı deməkdir.
Kompleksdə hər cür kommunal-məişət şəraiti yaradılmışdır. Binalara kommunikasiya xətləri çəkilmiş, mənzillər sürətli internetlə təmin olunmuşdur. Mərkəzi isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan binalar isti, soyuq, rütubət və radiasiyaya davamlı izolyasiya qatına malikdir. Kompleksin həyətində geniş abadlıq işləri aparılmış, istirahət parkı istifadəyə verilmişdir. Burada yaşayan insanlar həmçinin yeni ticarət mərkəzinin xidmətlərindən istifadə etmək imkanı qazanmışlar. İkimərtəbəli ticarət mərkəzində 30 satış yeri, iş otaqları və kafe vardır. Burada 27 nəfər işlə təmin edilmişdir. Ticarət mərkəzində kişi, qadın və uşaq geyimlərinin, eləcə də digər tələbat mallarının satışı həyata keçirilir.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində də bir neçə bina yenidən qurularaq sakinlərin ixtiyarına verilmişdir. Buradakı mənzillərin sahəsi artırılmışdır. Paralel olaraq prospektdəki yol yenidən qurulmuşdur.
Naxçıvan şəhərində müxtəlif təyinatlar üzrə aparılan tikinti-qurucu­luq işlərindən təhsil müəssisələrinə də böyük pay düşür. Cari ildə Naxçıvan şəhərinin ən böyük təhsil müəssisələrindən biri olan 10 nömrəli məktəbin binası yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Quruculuq tədbiri 10 nömrəli uşaq bağçasının binasını da əhatə etmişdir. Məktəblilərin ilkin musiqi təhsilinə yiyələnmələri də diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan şəhərindəki Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi üçün yeni bina yüksək zövqlə inşa olunmuşdur. Burada təhsilin yüksək səviyyədə qurulmasına hərtərəfli şərait yaradılmışdır.
Beynəlxalq elmi tədbirlərin ev sahibinə çevrilən Naxçıvan şəhərində Naxçıvanşünaslıq Mərkəzi üçün ayrılmış binanın yenidənqurmadan sonra istifadəyə verilməsi Naxçıvanşünaslığa böyük töhfə kimi dəyərləndirilməlidir. Şəhərsalma mədəniyyətinin yaşı beş min ilə çatan bu qədim yurd yerinin ulu tarixinin elmi əsaslarla tədqiqində mühüm rol oynayan bu ünvan yeni araşdırmaların əldə edilməsində metodik mərkəzə çevrilmişdir.
Azərbaycan rəssamlığının ayrılmaz qolu olan Naxçıvan rəssamlığı bu gün inkişafının yeni dövrünü yaşayır. Hərtərəfli dövlət qayğısı mədəniyyətin bu böyük sahəsinin yeni uğurlar qazanmasına stimul olmuşdur. Naxçıvanlı rəssamların yeddi rəngin möcüzəsi ilə yaratdıqları əsərlər bu gün nəinki muxtar respublikanın, həmçinin ölkə­mizin hüdudlarını aşaraq müxtəlif beynəlxalq sərgilərdə özünə yer almışdır. Onların hərtərəfli fəaliyyətinə şərait yaradılması məqsədilə Heydər Əliyev prospektində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün istifadəyə verilən 2 mərtəbəli yeni bina özünün arxitektura üslubu ilə şəhərimizə gələn qonaqları ehtizaza gətirir. Naxçıvanlı rəssamlar da çalışırlar ki, onlara yaradılan belə şərait müqabilində yaradıcılıq diapazonlarını daha da genişləndirərək muxtar respublikamızın dünənini, bu gününü rəssamlığın müxtəlif janrlarında əbədiləşdirərək gələcək nəsillərə ərməğan etsinlər.
Bu sırada həyata keçirilən tədbirlərdən biri də Naxçıvan rəssamlıq məktəbinin ən böyük nümayəndələrindən biri olan Bəhruz Kəngərlinin muzeyinin yenidən qurulmasıdır.
Muxtar respublikamızda güclü sahibkarlar təbəqəsi formalaşmışdır. Bu vacib sahənin inkişafına diqqətin nəticəsidir ki, regionda müxtəlif sahələr üzrə emal və istehsal sahələri fəaliyyət göstərir. Bu ünvanların məhsulları Naxçıvanla yanaşı, ölkə­mizin digər bölgələrinə də göndərilir. Naxçıvan şəhərində istifadəyə verilən Biznes Mərkəzi sahibkarlara və onların birgə fəaliyyətinə daha bir qayğının ifadəsidir. Buraya gələnlər muxtar respublikada emal və istehsal olunan məhsullar barədə ətraflı məlumat ala bilərlər.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsinə də quruculuq tədbirlərindən xeyli pay düşmüşdür. Bir neçə il əvvəl bu ünvanda kompleks qurucu­luq işləri həyata keçirilmiş, uşaq musiqi məktəbi, uşaq bağçası, kənd mərkəzi istifadəyə verilmişdir. Bu gün də qəsəbədə qələbəlikdir. Naxçıvan-Sədərək magistralından qəsəbəyə daxil olan yol yenidən qurulur. Həmçinin 4 yaşayış binasında da əsaslı təmir işləri aparılır. Qəsəbə məktəbinin binasının da yenidən qurulmasına başlanılmışdır.
Hazırda Naxçıvan şəhərinin ayrı-ayrı ünvanlarında müxtəliftəyinatlı obyektlərin tikintisi və ya yenidən qurulması həyata keçirilir. Bu sırada ilk olaraq yenə təhsil sahəsi diqqəti çəkir. Bu strateji sahəyə böyük qayğının ifadəsidir ki, bir neçə ünvanda təhsil müəssisələri üçün bina inşa olunur. Növbəti tədris ilində Naxçıvan Özəl Universitetinin tələbələri də yeni auditoriyalarda təhsil almaq imkanı qazanacaqlar. Şəhərdəki 11 nömrəli tam orta məktəbin binasında da yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq məktəb binasına iki korpus əlavə olunmuşdur. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, 3 laboratoriya, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompyuter otağı, 1 elektron lövhəli sinif, fənn kabinələri və sinif otaqları olacaq. Tikinti işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.
Yenidən qurulan binalar sırasında 220 yerlik uşaq bağçasını və 3 nömrəli Uşaq Musiqi Məktəbini qeyd etmək lazımdır. Bu o deməkdir ki, yeniyetmə və gənc­lərin hərtərəfli təhsil alması, biliklərə yiyələnməsi, onların asudə vaxtının səmərəli təşkili muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Elə götürək inşası sürətlə davam etdirilən “Gənclər Mərkəzi”nin binasını. Burada müxtəlif kurslar fəaliyyət göstərəcək. Gənc­lərin asudə vaxtının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılacaq. Tikintisinə başlanılan qısa müddət ərzində 4 mərtəbəli binada hörgü işləri başa çatdırılmış, çardağın qurulmasına başlanılmışdır.
Heydər Əliyev prospekti yenə də tikinti meydançasını xatırladır. Həmin ünvanda zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq yaşayış binasının tikintisi aparılır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisinə ötən ilin aprel ayından başlanılan 36 mənzilli binanın zirzəmi hissəsində avtomobil dayanacağı üçün park, birinci mərtəbəsində isə ticarət obyektləri yerləşəcək.
Yenə də tarixə ehtiramın ifadəsi kimi Naxçıvanqalada aparılan bərpa və yenidənqurma işləri 2013-cü ilin quruculuq tədbirləri sırasındadır.
Onu da qeyd edək ki, Naxçıvan şəhərində yeni təyinatlı tikintilərin sayı da ildən-ilə artır. Fəxri Xiyaban və Bayraq Meydanı, dörd istiqamətdən görünən saat qülləsi şəhərimizin simasına yeni çalarlar gətirəcək.

Bu yazıda Naxçıvan şəhərində tikintisi 2013-cü ildə başa çatdırılaraq təhvil verilən, hazırda həyata keçirilən quruculuq obyektlərinin bir qismi haqqında qısa məlumat verdik. Oxucuların vaxtını alıb geniş söhbətə ehtiyac duymadıq. Çünki görünən dağa bələdçi nə lazım? Naxçıvanlılar, şəhərə gələn qonaqlar, turistlər bu qədim yurd yerinin saatbasaat, günbəgün, aybaay dəyişərək daha da gözəlliyə qovuşduğunu görürlər.
Hər açılan sabah həyatın davam etdiyinin göstəricisidir. Şəhərimizdə hər açılan sabah bir yeniliklə müşahidə edilir. Bu yeniliyi yaradanlar doğma diyara, onun sabahına cavabdehlik hissi daşıyan, Naxçıvanın müasir tarixinə öz imzasını yazan insanlardır. Odur ki, onların əməyi öz yurdunu qəlbən sevənlər tərəfindən yüksək dəyərləndirilir. Yurdunu qəlbən sevənlər isə qurulanların, yaradılanların qayğısına qalmağı bacarırlar. Bilirlər ki, bütün bunlar onlar üçündür.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR