Yeni Asfalt-Beton Zavod Kompleksinin istifadəyə verilməsi bu imkanları daha da artırıb
Hamar və təhlükəsiz yollar təkcə ondan istifadə edən insanların rahatlığı haqda deyil, həm də regionun ümumi inkişaf səviyyəsi barədə əyani təsəvvür yaradan ilk göstəricilərdəndir. Elə Naxçıvana səyahət edən qonaqlar da muxtar respublikanın giriş qapılarından tutmuş ucqar dağ kəndlərinədək çəkilmiş komfortlu yollarımızı görüb heyranlıqlarını gizlətmirlər. Digər sahələr kimi, yol təsərrüfatının da tamamən müasir texnologiyaya əsaslanmaqla yenidən qurulması muxtar respublikamızda bu vacib sahədə yüksək nəticələrə nail olunmasına şərait yaradıb.
Əslində, yol təsərrüfatı kifayət qədər mürəkkəb sahədir. Xüsusən Naxçıvan kimi relyef quruluşunun mürəkkəb, hava-iqlim şəraitinin dəyişkən olduğu yerdə və əhalisinin mədəni tələbatlarının artdığı bir dövrdə yollarımızın da bunlara uyğun olaraq keyfiyyətli çəkilməsi və daha etibarlı şəkildə istismar olunması burada görülən işlərə qarşı tələbləri ciddi şəkildə artırır. Bu mənada, son illərdə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilməklə muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaradılıb, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub. Muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması nəticəsində, istifadə olunan avtomobillərin də sayı çoxalmaqda, yeni salınmış yollarda hərəkət intensivliyi də artmaqdadır. Odur ki, Naxçıvanda yeni avtomobil yollarının çəkilməsi, mövcud olanların müasir standartlara uyğun yenidən qurulması sahəsində işlər həmişə aktuallıq kəsb edir. Ötən aylarda istifadəyə verilmiş Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksinin kollektivi də qarşıya qoyulmuş bu vəzifələri yerinə yetirmək üçün onlara göstərilən dövlət qayğısından səmərəli istifadə etməyə çalışır.
Son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər yol tikintisinin səmərəli təşkilinə şərait yaradıb. Nəticədə, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunub. Bu sahədə mühüm rolu olan yeni Asfalt-Beton Zavod Kompleksi isə məhsuldarlığına və istehsal etdiyi məhsulun keyfiyyətinə görə müasir standartlara cavab verir. Belə ki, üç hektar sahəni əhatə edən zavodda Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. Zavod asfalt istehsalı sahəsindən və qum-çınqıl karxanasından ibarətdir. Burada istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Zavodda enerji sərfiyyatı istehsal edilən asfaltın miqdarına uyğun tənzimlənir və əlavə enerji itkisinə yol verilmir. Yeni Asfalt-Beton Zavodu saatda 240 ton asfalt-beton istehsal edir ki, bu da əvvəlki zavodun istehsal gücündən 4 dəfə çoxdur. Burada quraşdırılmış Türkiyə mənşəli daşqırıcı qurğu vasitəsilə ölçüsü 25 millimetrədək olan 5 növdə 210-230 ton fraksiya istehsal etmək mümkündür. Daşqırıcının istehsal gücü saatda 100-110 tondur. Zavodda tutumu 300 ton olan bitum ehtiyatı anbarı yaradılıb, hər birinin tutumu 50 ton olan 6 bitum çəni quraşdırılıb. Dörd bitum çəninin quraşdırılması və əlavə 200 tonluq anbarın yaradılması istiqamətində isə işlər davam etdirilir. 21 nəfərin işlə təmin olunduğu zavod kompüter sistemi vasitəsilə avtomatik olaraq idarə edilir.
Hazırda muxtar respublikamızda yol tikinti işləri sürətlə davam etdirilir. Hər il muxtar respublikada 100 kilometrlərlə yeni avtomobil yolları çəkilir. Paytaxt Naxçıvan şəhərinin yenidən qurulan prospekt və küçələri ilə yanaşı, Culfa-Ordubad magistral avtomobil yolu və Ordubad rayonunun Dəstə kənd avtomobil yollarında işlərin yüksək səviyyədə aparılması üçün keyfiyyətli asfalt-beton məmulatına həmişə ehtiyac vardır. Qum və çınqıl ehtiyatları ilə zəngin olan Naxçıvanda belə asfalt istehsal edən zavodun tikilməsi texniki-iqtisadi cəhətdən özünü doğruldan layihələrdəndir. Belə ki, fəaliyyət göstərdiyi müddətdə zavodda 35 min tona yaxın hazır asfalt istehsal olunaraq tikinti yerlərinə göndərilib. Yollarımıza qara örtük döşəndikcə sürücülərin, piyadaların rahatlığı daha da artır, şəhər və kəndlərimizin siması daha da gözəlləşir. Zavodun kollektivi onlara bəxş olunmuş bu ərməğanı həmişə minnətdarlıqla xatırlayaraq muxtar respublikamızın quruculuq işlərinə öz töhfəsini verməyə çalışacaq.
Əli CABBAROV