Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişaf etmiş sahələrindən biri də energetikadır. Keçən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması bu vacib sektorun inkişafına böyük əngəllər yaratsa da, ötən dövr ərzində muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı atılan mühüm addımlar hazırda bu sahənin hərtərəfli inkişafına zəmin yaratmış, nəticədə, muxtar respublika enerji idxal edən regiondan enerji ixrac edən regiona çevrilmişdir. Muxtar respublika energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkan vermişdir ki, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunmuşdur.
Hamımıza məlumdur ki, Yer kürəsində iki cür enerji mənbəyi mövcuddur: bərpaolunan və bərpa olunmayan. Bərpaolunan enerji mənbələri fasiləsiz fəaliyyət göstərir. Bunlar Günəş, külək enerjisi, hidroenerji və digərləridir. Bərpa olunmayan mənbələr isə (qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi) ətraf mühitin əlavə olaraq istiləşməsinə, ekologiyanın çirklənməsinə, zərərli tullantıların artmasına və digər neqativ nəticələrin yaranmasına səbəb olur. Buna görədir ki, son dövrlərdə dünya ölkələri sürətlə bərpaolunan enerji mənbələrinə keçidi prioritet məsələyə çeviriblər. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz, yəni bərpaolunan enerji mənbələrindən geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar.
Qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasından sonrakı dövrdə enerji istehsalı muxtar respublikamızda, əsasən, hidroenergetika mənbələri hesabına formalaşdırılıb. Su ehtiyatları çox az olmasına baxmayaraq, lakin muxtar respublikanın mövcud hidroenerji potensialından səmərəli istifadə olunmaqla ekoloji təmiz və iqtisadi cəhətdən daha səmərəli olan su elektrik stansiyaları tikilib. 2006-cı ilin dekabrında Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ilin oktyabrında Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları istismara verilib. Hidroenergetika mənbələri üzrə həyata keçirilən tədbirlər bununla yekunlaşmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il yanvar ayının 11-də muxtar respublikamıza səfəri çərçivəsində Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edərkən muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib: “Ordubad rayonunda elektrik stansiyasının təməli qoyuldu. Bu, çox böyük layihədir, böyük stansiya olacaq, 36 meqavat gücündə su elektrik stansiyası tikiləcək. Bu, Naxçıvan Muxtar Respublikasının iqtisadi və enerji potensialını böyük dərəcədə gücləndirəcək”.
Qeyd edək ki, bu stansiyada istehsal olunacaq elektrik enerjisinin mövcud elektrik şəbəkəsinə ötürülməsi üçün 2 ədəd hər birinin gücü 50 meqavolt-amper olan 115/10,5 kilovoltluq transformator yarımstansiyası quraşdırılacaq və Ordubad Su Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin Naxçıvan Modul Elektrik Stansiyası vasitəsilə şəbəkələrə ötürülməsi üçün uzunluğu 75 kilometr olan 110 kilovoltluq elektrik verilişi xətti çəkiləcək. Bundan əlavə, gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması da hazırlanır.
Son illərdə muxtar respublikanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan ən böyük addımlardan biri də Naxçıvan Günəş Elektrik Stansiyasının yaradılmasıdır. 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Eyni zamanda Culfa rayonunda külək elektrik stansiyasının tikintisi ilə bağlı hazırlıqlar aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il muxtar respublikada 431 milyon 691 min kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2006-cı ildəki göstəricidən 93,2 faiz çoxdur. 2017-ci ildə muxtar respublikada elektrik enerjisinin 231 milyon 432 min kilovat-saatı və ya 53,6 faizi istilik elektrik stansiyalarında, 168 milyon 946 min kilovat-saatı və ya 39,1 faizi su elektrik stansiyalarında, 31 milyon 313 min kilovat-saatı və ya 7,3 faizi isə Günəş Elektrik Stansiyasında istehsal edilib. Ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78,3 faizi muxtar respublikanın payına düşüb.
Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev deyib: “Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpaolunan enerji növləri hesabına təmin edəcək”.
Alternativ enerji mənbələrindən artıq yuxarıda da qeyd etdiyimiz kimi, dünyanın bir çox inkişaf etmiş ölkələrində istifadə olunur. Məsələn, Almaniyada işlədilən enerjinin 17 faizə qədəri külək və Günəşdən alınır. Naxçıvan Muxtar Respublikasında isə elektrik enerjisinə olan tələbatın 70 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da çox nadir göstərici hesab edilir. Hazırda dünyada alternativ və bərpaolunan enerji mənbələri hesabına işləyən elektrik stansiyalarında istehsal olunan enerji miqdarının ümumi istehsalın 50 faizdən çoxunu təşkil edən cəmi bir neçə ölkə mövcuddur.
Ümumiyyətlə, bu gün Naxçıvanın enerji təhlükəsizliyi sahəsində qazandığı uğurlar bu qədim Azərbaycan diyarı ilə yaxından tanış olan hər kəs, o cümlədən xarici ölkələrin diplomatik nümayəndələri tərəfindən maraqla qarşılanır. Məsələn, bu yaxınlarda Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransında üzərində ən çox dayanılan mövzulardan biri də Naxçıvanın alternativ və bərpaolunan enerji sahəsində qazandığı uğurlar idi. Bu sahədə muxtar respublikamız ilə ölkəsinin əməkdaşlıq etmək istəyini dilə gətirən diplomatlar da az deyildi. Qeyd edək ki, Naxçıvan artıq bir neçə ildir, müvafiq sahə ilə bağlı bəzi ölkələrlə əməkdaşlıq edir. Danimarkanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Svend Ollinqin dedikləri isə daha maraqlı idi: “XXI əsrin ən güclü ölkəsi alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə edən ölkə olacaq”.
Həqiqətən, müasir dövrdə enerji sektoru bütün sahələrin inkişafı üçün əvəzolunmaz mənbədir. Texnoloji inqilablar əsri olan XXI əsrdə isə bu sektorun ölkələr üçün əhəmiyyəti daha da aktuallaşacaq. Odur ki, muxtar respublikanın alternativ və bərpaolunan enerji mənbələrindən istifadədə əldə etdiyi və qazanacağı uğurlar yaxın gələcəkdə Naxçıvanın investisiya cazibədarlığını daha da artıracaq.
Səbuhi HƏSƏNOV