Müasir dövrdə muxtar respublikamızda iqtisadiyyatın inkişaf istiqamətləri, əsasən, yerli resurslardan istifadə olunması ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə yönəlib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikanın istehsal müəssisələrində müxtəlif növdə və çeşiddə məhsulların istehsalı üçün əlverişli şərait yaradıb. İndi artıq yerli və regional bazarlarda mənşəyi Naxçıvan olan hər bir məhsul istehlakçılar tərəfindən həvəslə alınır. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də fəaliyyətini bu istiqamətdə genişləndirərək muxtar respublikamıza xas olan brend məhsullarla daxili bazarı təmin etmək üçün ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal etmək üzrə ixtisaslaşıb.
2014-cü ildə təsis edilmiş “Naxçıvan Məhsulları” MMC hazırda meyvə qurudulması, cem, kompot, pendir, makaron istehsalı, bal və ailə təsərrüfatı məhsullarının qablaşdırılması üzrə fəaliyyət göstərir. Bundan əlavə, cəmiyyət 2016-cı ildən başlayaraq dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını da həyata keçirir. Bu məqsədlə 21 istehsal və topdansatış müəssisəsi və 230-dan çox ailə təsərrüfatı ilə də əməkdaşlıq edilir. Ümumilikdə, müəssisə tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşən 46 müəssisə və təşkilatın ərzaq məhsulları ilə təmin olunması həyata keçirilib.
“Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada quraşdırılmış avadanlıqlar hesabına müasir standartlara uyğun məhsullar istehsal olunur. Xüsusilə qış tədarükü məqsədilə meyvə qurudulması və pendir istehsalı artan tələbatı ödəmək baxımından əhəmiyyətlidir.
Müəssisədə olarkən burada yaradılmış səliqə-sahman və yüksək gigiyenik şərait diqqəti cəlb etdi. Şəhərimizin mərkəzində müəssisənin istehsal etdiyi məhsulların satışı üzrə ixtisaslaşmış mağazanın yaradılması da yerli məhsullarımızın daha geniş miqyasda tanıdılması və satış həcminin artırılması baxımından mühüm əhəmiyyətli tədbirlərdəndir. Şəhərimizin mərkəzində, Heydər Əliyev prospekti 21 ünvanında yerləşən “Naxçıvan məhsulları” satış mağazası fəaliyyətə başladığı qısa müddətdə xeyli sayda alıcıya xidmət edib. Mağazaya baş çəkdiyimizdə bildirdilər ki, burada hazırda mal çeşidinin sayı 600-dən artıqdır. Satılan meyvə quruları, pendir, mürəbbə, vafli, biskvitlər, eləcə də kompot və meyvə şirələri həvəslə alınır. Qiymətinin digər analoqlara nisbətən daha münasib və keyfiyyətinin də yüksək olması pambıq bezlərə və “Bəsləmə” toyuqlarına olan tələbatı da artırıb. Malların səliqə-sahmanla təklif olunduğu mağazada alıcıların xidmətdən razı qalması üçün hər cür şərait yaradılıb. Üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu əks olunmuş hədiyyəlik paketlər turistlərin də diqqətini cəlb edir. Reklamın effektliyini artırmaq üçün sosial şəbəkələrdə də “Naxçıvan məhsulları” səhifəsi yaradılıb.
Əli CABBAROV