“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Görülən tədbirlər sırasında kənd təsərrüfatının mühüm sahələrindən biri sayılan heyvandarlığın inkişafı da xüsusi yer tutur. İlbəil bu sahəyə maliyyə dəstəyi gücləndirilir, otlaq sahələri genişləndirilir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalandırmanın tətbiqinə diqqət artırılır.
Bunu cari ilin ötən ilk 9 ayında görülən işlər də təsdiq edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bəhs olunan dövrdə təsərrüfat subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində təkcə 2018-ci ildə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3 milyon 872 min 600 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 3,5 dəfə çoxdur. Digər tərəfdən cari ilin ötən ayları ərzində heyvandarlıq təsərrüfatlarının yaradılması da davam etdirilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilir. Hazırda muxtar respublikada 23 belə məntəqə fəaliyyət göstərir.
Son illərdə Ordubad rayonunda da heyvandarlığın inkişafı sahəsində mühüm nəticələr əldə olunub. Rayon İcra Hakimiyyətindən öyrəndik ki, cari il oktyabrın 1-nə olan məlumata görə, rayonda iribuynuzlu (inək və camış) 10 min 686 baş, xırdabuynuzlu (qoyun və keçi) heyvanların sayı 74 min 606 baş təşkil edir. Ötən ilə nisbətən iribuynuzlularda 250, xırdabuynuzlularda isə 1534 baş artım olub. Qışa yem tədarükü üçün 677 hektar sahədə yem bitkisi əkilib və 2 min 38 ton məhsul əldə edilib. Həmçinin 898 hektar sahədən arpa biçilib, ümumilikdə, 2 min 523 ton məhsul yığılıb. Rayonun Dırnıs, Xanağa, Kotam, Aza, Düylün, Biləv, Bist, Xurs, Azadkənd, Sabirkənd və başqa yaşayış məntəqələri bu sahənin inkişafında mühüm rol oynayır. Nəsirvaz kəndindən Rövşən Almuradov, Biləvdən Əfqan Quliyev, Azadan Zeynalabidin Əhmədov, Dırnısdan Gülməmməd Məhərrəmov, Azadkənddən Allahverdi Allahverdiyev kimi fermerlər heyvandarlığın inkişafına öz töhfələrini verməkdədirlər. Belə zəhmətkeş təsərrüfat sahiblərindən biri də Bist kənd sakini Tahir Qəziyevdir. O, bizimlə söhbətində bildirdi ki, dövlətimizin heyvandarlığın inkişafına göstərdiyi diqqət və qayğı ona öz təsərrüfat sahəsini daha da genişləndirməyə imkan verib. Belə ki, uzun illərdir, bu sahə ilə məşğul olan müsahibim 2012-ci ildə götürdüyü güzəştli kredit hesabına heyvandarlıq təsərrüfatını xeyli genişləndirib. 30 xırdabuynuzlu heyvan alan Tahir Qəziyev bu gün onların sayını 104-ə çatdırıb. Sahibkar təsərrüfat sahəsindən əldə etdiyi vəsait hesabına 4 iribuynuzlu mal-qara da alıb. İstehsal etdikləri ət, süd məhsullarını dükan-bazarlara da çıxaran sahibkar özünə xeyli alıcı toplayıb. Bildirdi ki, hazırda qış üçün yem tədarükü ilə məşğuldur və ona məxsus olan 4 hektar torpaq sahəsinin otunu biçib. Fermer onu da vurğuladı ki, gələcəkdə də dövlətin bu sahəyə göstərdiyi qayğıdan səmərəli istifadə edəcək, fəaliyyətini daha da genişləndirəcək.
Rayonda baytarlıq işinin təşkilinə də xüsusi diqqət yetirilir. Təhlükəli yoluxucu xəstəliklərin vaxtlı-vaxtında qarşısının alınması üçün bir sıra işlər davam etdirilir. Ümumiyyətlə, 2018-ci ilin ötən ayları ərzində 1777 baş iribuynuzlu mal-qara, 1102 baş xırdabuynuzlu müalicəyə cəlb olunub, 4843 baş iribuynuzlu mal-qarada, 10766 baş xırdabuynuzluda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə qan nümunələri götürülərək seroloji müayinə edilib. Bu müddətdə 98 min 333 kvadratmetr sahəni əhatə edən 891 obyektdə dezinfeksiya işləri yerinə yetirilib.
Hazırda heyvandarlığın inkişafına kompleks yanaşma bu sahədə müsbət nəticələrin əldə olunmasına imkan verir. Həyata keçirilən tədbirlər bundan sonra da daxili bazarın keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunmasına əminlik yaradır.
Güntac ŞAHMƏMMƏDLİ