Muxtar respublikamızda dağ və sərhəd kəndlərinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıdan Şərur rayonunun Havuş kəndinə də pay düşüb. Son illər kəndə gedən avtomobil yolunun təmir olunması bu yurd yerinə gediş-gəlişi xeyli asanlaşdırıb.
Havuşluların əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq və bağçılıqdır. Yaşlı sakinlərin dediyinə görə, kənddə bir vaxtlar cəvizliklər çox geniş ərazini tuturdu. Ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində qış aylarında mənzilləri qızdırmaq üçün cəviz ağaclarının da çoxu kəsilərək yandırılmışdır. Ötən illər ərzində muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərinin bir hissəsi kimi Havuşda da yeni bağların salınması nəticəsində artıq cəviz ağaclarının sayı xeyli artıb. Kənddəki həyətyanı sahələrin də hər birində 4-5 köklü cəviz ağacı vardır.
Havuşda yetişən cəvizin ləpələri həm dadlı, həm də yağlı olur. Ona görə də kənddə cəvizliklərin sahəsini daha da genişləndirmək nəzərdə tutulmuşdur. Bunun üçün bu günlərdə daha 4 hektar sahədə yeni cəviz bağı salınıb. “Göl yeri” deyilən geniş ərazidə salınan bağa iqlimə uyğun 390 kətanköynək cəviz tingi, hər tingin dibinə isə iki cəviz toxumu basdırılıb. Toxumların basdırılması yeni tinglərin yetişdirilməsi məqsədi daşıyır. Bu tədbirdə rayonun əksər kəndlərindən könüllü gəlmiş şərurlular da həvəslə çalışıblar.
Qeyd edək ki, yeni cəviz bağının salındığı ərazi “Çıraxana” deyilən gur bulağın suyu ilə suvarılır. Gələn yazda Havuşda yeni cəviz bağlarının salınması, bu bağların ümumi sahəsinin 20 hektara çatdırılması nəzərdə tutulub.
Elman MƏMMƏDOV