Ölkəmizin müasir sosial-iqtisadi inkişaf mərhələsində özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikasının bütün guşələri kimi, Şahbuz rayonu da hərtərəfli dövlət qayğısı ilə yanaşı, sahib olduğu zəngin təbii şərait, mövcud resurslar sayəsində iqtisadiyyatın və sosial-mədəni sferanın müxtəlif sahələrində yeni uğurlara imza atmaqdadır. Qədim tarixi qədər müasir inkişafı ilə də diqqətçəkən Şahbuz zəhmətkeş insanlarının əməyi ilə gün keçdikcə özünün yeni növrağına qovuşur, muxtar respublikamızın abadlaşan yurd yerinə çevrilir. Şahbuz, doğrudan da, ilin bütün fəsillərində gözəldir.
Dağlıq ərazidə yerləşən Şahbuzun iqtisadiyyatı, əsasən, aqrar sahədən ibarət olsa da, burada sənaye məhsulları istehsalı, tikinti-quruculuq işləri və sosial xidmət sahələrinin də inkişafında mühüm nəticələr əldə olunmaqdadır. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalında 3,2, nəqliyyat sektorunda yük daşınmasında 1,3, informasiya və rabitə xidmətlərində isə 2,1 faiz artım əldə olunub. Eləcə də sənaye məhsulu istehsalında 0,8 faiz, əsas kapitala yönəldilən vəsaitlərdə isə əldə olunmuş 1,2 faiz artım rayon iqtisadiyyatının çoxşaxəliliyə doğru irəliləyişindən xəbər verir. Belə ki, bəhs olunan dövrdə rayonda dövlət dəstəyi ilə iki istehsal sahəsi yaradılıb, bir layihə üzrə istehsal obyektinin yaradılması davam etdirilib.
Şahbuzun torpaqları çox bərəkətli, su ehtiyatları boldur. Kəndlinin torpağa bağlanması keçmişdəkindən fərqli olaraq indi kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yaxşı nəticələr verib. Bu il də şahbuzlu əkinçi və heyvandarlar üçün bərəkətli olub. Belə ki, cari ilin 1 oktyabr tarixinədək rayonda 5 min 86 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 15 ton dən üçün günəbaxan, 1484 ton tərəvəz, 6 min 976 ton kartof, 97 ton bostan məhsulları, 4 min 650 ton meyvə, 10,9 ton üzüm toplanılıb. Kənd təsərrüfatının əsas məşğuliyyət növlərindən olan heyvandarlıq sahəsi üzrə göstəricilər də ürəkaçandır. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında rayonda diri çəkidə 2 min 672 ton ət, 12 min 601 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı üzrə 1,4, süd istehsalı üzrə isə 1,2 faiz çoxdur.
Bu dövrdə həyata keçirilən tədbirlər tikinti-quruculuq sahəsində də inkişafı şərtləndirən əsas amillərdən olub. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Şahbuz rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20 milyon 321 min 300 manat vəsait yönəldilib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 1,5 faiz artaraq 18 milyon 997 min 700 manat təşkil edib. Bu dövrdə 4 müxtəlif təyinatlı obyekt tikilib və ya əsaslı təmir olunub, 8 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilib. Əhali gəlirlərinin artması və həyat səviyyəsinin yüksəlməsi fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Cari ilin yanvar-sentyabr aylarında rayonda əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 5006 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən çoxdur.
İnsan amilinin hər zaman üstün tutulması istər iqtisadi, istərsə də sosial-mədəni sahələrdə öz nəticəsini göstərir. Əhalinin həyat səviyyəsi göstəricilərinin artması, xidmətlərin keyfiyyətcə yaxşılaşması Şahbuzda insan inkişaf indeksinin də yüksəlməsinə təsir edən əsas amillərdəndir. Belə ki, cari ilin yanvar-sentyabr aylarında rayonda təkcə informasiya və rabitə xidmətlərinin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1 milyon 734 min 700 manat olub ki, bunun da 90,9 faizi mobil rabitənin payına düşür. Eləcə də təhlil olunan dövrdə sərnişin nəqliyyatı üzrə əldə olunmuş 1,7 faizlik artım rayonda əhali mobilliyinin əsas göstəricilərindəndir. Badamlı kəndində avtomobil yolunun yenidən qurulması Şahbuzda nəqliyyat xidməti sahəsində işlərin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Əhali məşğulluğu həmişə öz aktuallığını qoruyan məsələlərdəndir. Məhz məşğul əhali rayonun iqtisadi resurslarından daha səmərəli istifadə olunmasında əsas amillərdəndir. Bu baxımdan Şahbuzda sahibkarlığın müxtəlif növlərinin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində saxlanılır. Cari ilin yanvar-sentyabr aylarında Şahbuz rayonunda açılmış 103 yeni daimi iş yeri əhali gəlirlərinin artmasında diqqətçəkən cəhətlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası üzrə həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Görülən məqsədyönlü işlər sayəsində rayonda işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaranıb. Əhali gəlirlərinin formalaşmasında əməkhaqqı səviyyəsi də mühüm rol oynayır. Bu baxımdan Şahbuzda muzdla işləyənlərin orta aylıq əməkhaqqı səviyyəsindəki artımı qeyd etmək olar. Belə ki, cari ilin yanvar-avqust aylarında rayonda orta aylıq əməkhaqqının səviyyəsi 378,9 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Səmərəli məşğulluq imkanlarının yaradılması rayon əhalisinin alıcılıq qabiliyyətinin yüksəlməsi, əmtəə dövriyyəsi həcminin genişləndirilməsi ilə nəticələnib. Bəhs olunan dövrdə Şahbuzda pərakəndə əmtəə dövriyyəsi həcminin 40 milyon manatdan artıq olması bu qənaətə gəlməyə imkan verir.
Uğurlarla dolu daha bir il də arxada qalmaqdadır. Ölkəmizin qüdrəti artdıqca onun hər bir guşəsində yaşayan insanların qurub-yaratmaq həvəsi, xoşbəxt gələcəyə olan ümidləri daha da dərinləşir. Ucqar dağ rayonu Şahbuzun da hər bir sakini indi firavan həyat yaşamaqla bu gözəlliyi yaradanları minnətdarlıqla xatırlayır, bu yurd yerinin daha da abadlaşması istiqamətində fəallıqla iştirak edirlər.
Əli CABBAROV