Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bir neçə obyektdə aparılan quruculuq işləri davam etdirilir. Onlardan biri də 44 nömrəli üçmərtəbəli yaşayış binasıdır. 27 mənzilli binanın əsaslı təmirinə bu ilin aprel ayından başlanılıb.
Binanın eni 4 metr 70 santimetr artırılaraq 18 mənzil əlavə olunub. İş icraçısı İlqar Fərəcovun verdiyi məlumata görə, hazırda binada qapı və pəncərələr dəyişdirilir, üçüncü mərtəbədə isə hörgü işləri gedir.
Binanın birinci mərtəbəsinə üzlük travertin döşənib, dam örtüyünün vurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları yaşayış binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.
* * *
Muxtar respublikamızda müxtəlif təyinatlar üzrə aparılan tikinti-quruculuq işlərindən Əliabad qəsəbəsindəki 16 nömrəli tam orta məktəbə də pay düşüb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan yenidənqurma işlərinə cari ilin aprel ayından başlanılıb. İş icraçısı Namiq İsmayılovun verdiyi məlumata görə, 869 şagird yerlik olacaq məktəb binasına bir mərtəbə və iki korpus əlavə olunub.
Üç mərtəbədən ibarət olacaq məktəb binasının birinci mərtəbəsində müəllimlər otağı, kitabxana və sinif otaqları, ikinci mərtəbədə fənn kabinələri və siniflər, elektron lövhəli sinif, kompyuter otağı, üçüncü mərtəbədə isə 2 elektron lövhəli sinif, 2 kompyuter otağı və digər sinif otaqları yerləşəcək.
Binanın zirzəmi hissəsində isə qazanxana, 3 fənn laboratoriyası, müəllim və şagirdlər üçün ayrı-ayrı yeməkxanalar olacaq. Hazırda yeni korpuslarda hörgü və suvaq işləri aparılır. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir.
Xəbərlər şöbəsi