Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti, təbii-coğrafi şəraiti ilə mühüm turizm potensialına malikdir. Son illərdə muxtar respublikada yerli turizmin inkişafı üçün əhəmiyyətli addımlar atılır, yeni turizm obyektləri yaradılır, qədim diyar müxtəlif mədəniyyət və idman yarışlarına ev sahibliyi edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında indi yeni xidmət sahələrinin yaradılması daha çox diqqəti cəlb edir. Belə xidmət sahələrindən biri də əhalinin, o cümlədən turistlərin alış-veriş ehtiyaclarını təmin etməyə çalışan yeni ticarət şəbəkələrinin fəaliyyətə başlamasıdır.
İnkişaf etmiş ölkələrin turizm təcrübəsi göstərir ki, turistlər getdikləri yerlərdə alış-verişə böyük maraq göstərirlər. Bu maraq da onlarda bir neçə yöndən yaranır. Belə ki, yenə də araşdırmalara görə, turistlər bir ölkəyə səyahətləri zamanı əvvəlcə planlaşdırdıqları yerlərdə olur, adətən, günün ikinci yarısında və yaxud axşama doğru alış-veriş mərkəzlərinə üz tuturlar. Belə ticarət okyektlərinə getmək zərurəti isə bir neçə səbəbdən yaranır. Bunlardan birincisi, turistlərin öz ehtiyaclarını ödəmək və yaxud yaxınlarına hər hansı bir hədiyyə almaq düşüncəsidirsə, digər tərəfdən vaxtı dəyərləndirmək, istirahət etməkdir. Yəni müasir dövrdə böyük ticarət obyektləri müştərilərini, sadəcə, ticarət niyyəti ilə cəlb etmir, həm də onlara müxtəlif əyləncələr, vaxtı dəyərləndirmək üçün potensial imkanlar təqdim edir. Pərakəndəçilik sektorunun inkişafı ilə bağlı ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, indi müasir alış-veriş mərkəzlərində müxtəlif yemək çeşidləri, çay, kofe, dondurma, uşaqlar üçün əyləncə attraksionları təqdim edən müxtəlif xidmət sahələri fəaliyyət göstərir. Artıq insanlar indi alış-verişə kifayət qədər zaman xərcləyir və bu zaman müddəti çox vaxt düşündüklərindən artıq olur. Bu baxımdan müasir alış-veriş mərkəzləri, həm də istehlakçıların vaxtdan səmərəli istifadələri, gəzintiləri üçün bir fürsət sayılır. Ona görə də indi tanınmış istehsalçılar öz məhsullarını daha çox bu cür müasir xidmət sahələrində satmağa çalışır və ya bunun üçün məhsullarını satacağı ölkələrdə yer seçimini özləri müəyyənləşdirirlər. Elə bu cür araşdırmaların nəticəsidir ki, hazırda qardaş Türkiyə Respublikasının brend məhsul istehsalçıları Azərbaycanın gündən-günə inkişaf edən qədim Naxçıvan diyarına da böyük maraq göstərirlər. Yuxarıda da qeyd etdiyimiz kimi, muxtar respublikanın turizm imkanlarının genişlənməsi, həmçinin əhali artımı və sosial-iqtisadi inkişaf diyarımızı tanınmış məhsul istehsalçıları üçün cəlbedici məkana çevirib. Diqqət etsək, görərik ki, təxminən, son bir il ərzində paytaxt Naxçıvan şəhərində bir neçə brend məhsulun satıldığı ticarət obyekti yaradılıb.
Belə ki, ötən il mayın 10-da Azərbaycanın milli ətriyyat və kosmetika brendi olan “İdeal”ın Naxçıvan şəhərində mağazası fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də açılış mərasimində iştirak etdiyi mağazada dünyanın məşhur firmalarının istehsal etdikləri məhsullar alıcılara təklif olunur. Məhsulların hər birinin mənşəyi və keyfiyyəti diqqətdə saxlanılır. Mağazada “İdeal” firmasının öz istehsalı olan müxtəlif məhsullar da satışa çıxarılır.
Yenə ötən il oktyabrın 3-də Naxçıvan şəhərinin Atatürk küçəsində Türkiyə Respublikasının “Koton” Moda və Satış firmasının yeni mağazası istifadəyə verilib. Mağaza qısa müddətdə yerli istehlakçıların və bura yolu düşən qonaqların rəğbətini qazanıb. Ali Məclis Sədrinin mağazanın açılışında söylədiyi fikirlər də diqqətçəkicidir: “Yeni xidmət sahələri, mağazalar və sosial obyektlər o ölkələrdə istifadəyə verilir ki, orada sabitlik və inkişaf var, insanların yaşayış səviyyəsi ilbəil yaxşılaşır. Azərbaycan da belə ölkələrdəndir. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bütün bunların nəticəsidir ki, Azərbaycanda dünyanın ən tanınmış firmaları və şirkətləri fəaliyyət göstərirlər. Blokada şəraitində olmasına və ölkənin əsas ərazisindən ayrı düşməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə inkişaf təmin olunub. Bu isə muxtar respublikada böyük firmaların fəaliyyəti üçün geniş imkanlar açır. “Koton” təkcə bir ölkəyə aid firma deyil, o dünya markasıdır. Firmanın o yerlərdə mağazaları fəaliyyət göstərir ki, orada inkişaf və sabitlik var, əhalinin yaşayış səviyyəsi və alıcılıq qabiliyyəti yüksəkdir. Məhz bu istiqamətlər üzrə apardığı araşdırmalardan sonra “Koton” firması Naxçıvanda da mağazasını açmağı qərara almışdır”.
Qeyd edək ki, “Koton” firmasının bir çox xarici ölkələrdə və Türkiyədə, ümumilikdə, 500-ə yaxın mağazası var. Hazırda firma hər il 50-dən artıq kolleksiyada alıcılara 30 min fərqli çeşiddə məhsul təklif edir.
2018-ci ilin iyul ayından isə Naxçıvan şəhərinin “Təbriz” küçəsində Türkiyənin məşhur “So CHIC” firmasının yeni mağazası fəaliyyətə başlayıb. “Sezgin qrup”un tərkibində fəaliyyət göstərən bu məşhur firma gümüş və qızıl aksesuarları sahəsində 60 ildən çoxdur, tanınır. Firmanın xarici ölkələrdə və Türkiyədə 100-dən çox mağazası var. Naxçıvan şəhərindəki mağazada da qadın və kişi aksesuarları, o cümlədən saatlar, bilərziklər, üzüklər satılır.
Cari ilin avqust ayında isə yenə də Türkiyənin məşhur “Panço” firması Naxçıvan şəhərində öz mağazasını müştərilərin üzünə açıb. Əziz Əliyev küçəsindəki Gənclər şəhərciyində fəaliyyət göstərən mağazada alıcılara, əsasən, 12 yaşa qədər uşaqlar üçün geyim çeşidləri təqdim olunur. Keyfiyyətli uşaq geyimləri üzrə ixtisaslaşmış firmanın hazırda Türkiyə və Avropada 100-dən çox mağazası, 250-dən çox satış nöqtəsi var.
Sentyabr ayının sonlarında isə yenə də Naxçıvan şəhərinin “Təbriz” küçəsində “Evim AVM” ticarət mərkəzinin açılış mərasimi olub. Bu obyektdə alıcılara müxtəlif növ və çeşiddə məişət əşyaları təqdim edilir. Burada satışa çıxarılan məhsullar Türkiyə Respublikasının 50-dən çox tanınmış firması tərəfindən yüksək standartlara uyğun istehsal olunub.
Qeyd etdiyimiz kimi, son bir il ərzində paytaxt Naxçıvan şəhərində bu cür brend məhsulların satıldığı satış obyektlərinin fəaliyyətə başlaması muxtar respublikanın turizm imkanlarını artırır. Eyni zamanda yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir. Fəaliyyətə başlayan belə xidmət sahələrində brend məhsulların satılması isə əhalinin keyfiyyətli məhsullarla təmin olunmasına imkan yaradır. Şirkətlərin brendinq strategiyası ilə məşğul olan marketoloqların yaxşı bir sözü var: Əvvəllər brend məhsullar tanınma kimi qəbul edilirdisə, bu gün bəyənilmə kimi özünü təsdiq edir. Həqiqətən, hazırda Naxçıvan şəhərində alıcılara təqdim olunan Azərbaycan və türk brendindən olan məhsullar illərdir, dünya rəqabət bazarında özünü təsdiq etmiş məhsullardır. Belə məhsullar isə həm yerli sakinlərin, həm də əcnəbilərin tələbatını ödəyir.
Səbuhi HƏSƏNOV