23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet sahələr sırasındadır. Hər il bu istiqamətdə mühüm addımlar atılır, müxtəlif layihələr icra edilir. Görülən işlər isə daxili bazarda yerli ərzaq məhsullarının xüsusi çəkisinin xeyli artmasına səbəb olur. Bu məqamda istər-istəməz bir qədər əvvələ boylanır, dükan-bazarlardakı qıtlığı, növbələri xatırlamamaq mümkün deyil. Xüsusilə də çörək dükanlarının piştaxtaları önündə saatlarla dayanan naxçıvanlıların çəkdikləri əziyyəti unutmaq mümkün deyil və o məqamları bugünkü gəncliyə danışsaq da, buna inanmazlar.

Ötən illər ərzində strateji sahə olan taxılçılıqda qazanılan uğurlar həyata keçirilən məqsədyönlü siyasətin real bəhrələri, insan amilinə qayğının bariz nümunəsidir. Faktlara müraciət edək.
2017-ci ilin payızından başlayaraq taxıl zəmilərində torpaq mülkiyyətçilərimizin çəkdiyi zəhmət öz bəhrələrini verib, taxıl tədarükünün nəticələri hamımızı, həm istehsalçıları, həm də istehlakçıları sevindirib.

Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün muxtar respublikamızda 32 min 483 hektar sahədə taxıl əkilmişdi. Əkin sahələrinin 22 min 632 hektarı buğda, 9 min 851 hektarı arpa olub. Zəmilərdən 97 min 689 ton məhsul tədarük edilib, hektarın orta məhsuldarlığı 30,1 sentnerə çatdırılıb. Təbii ki, bu nəticəyə nail olunmasında bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib, muxtar respublikaya “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi diqqətdə saxlanılıb. Güzəştli kreditlərin verilməsi davam etdirilib. Taxılçılar tərəfindən yüksək reproduksiyalı toxumların əkilməsinə ciddi önəm verilib. 27 min ton taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarlarının, un dəyirmanlarının, çörəkbişirmə sexlərinin fəaliyyəti genişləndirilib. Bu tədbirlər Naxçıvan şəhərindən tutmuş muxtar respublikanın ən ucqar bölgələrini də əhatə edib. Taxıl tədarükündə 80-i sahibkarlara, 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmaqla, 95 kombayndan istifadə edilib.
Uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçiləri sahələrə vaxtlı-vaxtında aqro­texniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb, çəkilən zəhmətin hədər getməməsi üçün tələb olunan bütün təsərrüfat işlərini yerinə yetiriblər.
Sərhəd bölgəsi olan Sədərək rayonu bu il də liderliyi saxlaya bilib. Bölgənin taxılçıları 2466 hektar taxıl zəmisindən 7959 ton məhsul toplayıblar. Bu isə orta məhsuldarlığın 32,3 sentner olması deməkdir. Ayrı-ayrı taxılçılarda bu rəqəm daha yüksəkdir. Rayonun Sədərək kənd sakinləri Elşən Əliyev 20, Qafar Zeynalov isə 30 hektar sahədə taxıl yetişdiriblər. Zəmilərə vaxtında və aqrotexniki qaydada qulluq göstəriblər. Çəkdikləri zəhmət hədər getməyib. Hər ikisi hektarın orta məhsuldarlığını 35 sentnerə çatdırıb. Elşən Əliyev deyir ki, neçə illərdir, taxılçılıqla məşğuldur. Çoxları elə düşünür ki, toxumu torpağa atdın, zəmini suvardın, bununla iş bitdi. Əslində, belə deyil. Taxıl da qayğı istəyir. Bu qayğının qarşılığını verə bilsən, torpaq sənin zəhmətinin əvəzini birə-beş ödəyəcək. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Tədarük etdiyim taxıldan yaxın günlərdə başlayacağım əkin üçün toxumluq götürmüşəm. Bir hissəsini isə üyüdərək ailəm üçün ayırmış, qalanını da satmışam. Hazır­da əkəcəyim sahələrdə şum qaldırılması ilə məşğulam. Çalışıram ki, builki əkin kampaniyasını da vaxtında başa çatdıram.
Ən böyük bölgəmiz sayılan Şərur rayonu taxıl tədarükündə 31,9 sen­tner məhsuldarlığa nail olub. Bu rayonda 4348 hektar sahədən 13 min 861 ton məhsul tədarük edilib. “Şərur Aqrotexservis” Səhmdar Cəmiyyətinin sədri Aqil Məmmədov deyir ki, cəmiyyətə məxsus olan texnikalarla sahələrin şumlanmasında, taxıl əkinində və tədarükündə taxılçılara yaxından köməklik göstəriblər. Hazır­da cəmiyyətin dəyirmanında taxıl üyüdülməsi həyata keçirilir.
Aqil Məmmədovun özü də taxılçılıqla məşğul olur. Cari ildə o, 25 hektar taxıl əkini sahəsindən 100 ton məhsul götürüb. Bu rəqəm məhsuldarlığın 40 sentner olması deməkdir. Sahibkar bunu son hədd hesab etmir. Bundan da yüksək məhsuldarlığa nail olanlardan danışır:
– Zeyvə kənd sakini Rasim Məmmədov 1 hektar taxıl əkini sahəsindən 7,5 ton (75 sentner), dərəkəndli Arif Musayev 1,6 hektar sahədən 11 ton (65 sentner) taxıl tədarük edib. Məhsulun keyfiyyətinə də söz ola bilməz. Rayonda belələri onlarladır. Bölgənin taxılçıları hərtərəfli dövlət qayğısından, rayonun bərəkətli torpaqlarından səmərəli istifadə edir, hər il yüksək nəticələrə nail olurlar. Qazandıqları uğurlar onların taxılçılığa marağını daha da artırır.
Bir vaxtlar dağlıq ərazilərdə taxıl əkilib-becərilməsinə o qədər də diqqət yetirilmirdi. Bunu belə zonalarda taxılın məhsuldarlığının aşağı olması ilə izah edirdilər. Lakin göstərilən hərtərəfli dövlət qayğısı müqabilində daxili bazarın yerli taxıl məhsulları ilə təminatına öz töhfələrini vermək istəyən şahbuzlular sübut etdilər ki, belə ərazilərdə də yaxşı məhsuldar­lığa nail olmaq mümkündür. Cari ildə onlar 1615 hektar sahədən 4432 ton məhsul tədarük ediblər. Orta məhsuldarlıq 27,4 sentner olub. Necə deyərlər, torpağa havayı bir dən belə, düşməyib. Ona görə də istehsalçı da, istehlakçı da sevinir ki, yenə də süfrələrimizdə yerli taxılın unundan hazırlanmış çörəyi boldur.
Bunun davamlı olması üçün muxtar respublikanın taxılçıları gələn ilin bol məhsulunun əsasını qoymaqdadırlar. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, noyabr ayının 5-dək 16 min 910 hektar sahədə taxıl səpini keçirilib. Bunun 12 min 868 hektarını buğda, 4042 hektarını arpa təşkil edir. Diyarımızın ən böyük bölgəsi olan Babək rayonunda 5341 hektar sahədə taxıl əkilib. Bu prosesdə Kəngərli rayonu ikinci yerdə gedir. Rayonda 3590 hektar sahədə əkin keçirilib. Culfalı taxılçılar 2896 hektara toxum səpiblər. Şərurda 2082, Sədərəkdə 1063, Ordubadda 801, Şahbuz rayonunda 654, Naxçıvan şəhərində 483 hektar sahədə taxıl əkini aparılıb. Onu da qeyd edək ki, taxılçılar yüksək reproduksiyalı və muxtar respublikanın coğrafi iqlim şəraitinə uyğun toxumdan istifadə edirlər. Hər il olduğu kimi, cari ildə də əkin kampaniyasını vaxtında başa çatdırmaq üçün taxılçılar texnika, yanacaq və gübrə ilə təchiz olunublar. Bu da belə deməyə əsas verir ki, gələn il də taxılımız bol olacaq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR