Bu ilin oktyabr ayında da meliorasiya və irriqasiya tədbirlərinin həcmi genişləndirilmiş, payız suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində işlər davam etdirilmişdir. Qeyd olunan dövrdə su istifadəçilərinə 10 milyon kubmetr suvarma suyu verilmiş, təkrar suvarma da daxil olmaqla, 8 min 658 hektar torpaq sahəsi suvarılmış, 19 kilometr beton və torpaq kanal, 23 kilometr ara arxlar lildən təmizlənmiş, 20 kilometr yeni suvarma boru xətti çəkilmiş, 4 kilometr suvarma boru xətti təmir olunmuşdur.
Kəngərli rayonunun Böyükdüz kəndindəki 600 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 20 min 186 metrlik xətt çəkilmişdir. Torpaqların qrunt sularından təmizlənməsi üçün açıq drenaj kanalı qazılmış, 157 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilmiş, 6 kilometrdən çox içməli su xətti təmir edilmişdir. Kəhrizlərin təmir-bərpası oktyabr ayında da diqqətdə saxlanılmış, 5 kəhrizdə bərpa işləri davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 56 subartezian quyusunda isə təmir işləri aparılmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad və Şahbuz rayonlarında işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti