“Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu mövsümdə də məhsulu yüksək qiymətə qəbul edir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaratmış, 2009-cu ilin iyul ayında “Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilmişdir.
Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 6 bunkerdən ibarətdir ki, burada da ABŞ istehsalı olan yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılmış, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilmişdir. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30, qarğıdalının hər kiloqramı isə 35 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl ehtiyatı anbarında mövsümə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilmiş, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılmış, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılmış, laboratoriyaya baxış keçirilmişdir.
Muxtar respublikada strateji əhəmiyyətli məhsula olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, 2013-cü ilin məhsulu üçün taxıl əkini keçirilmiş 35 min 324 hektar sahədə bol məhsul yetişdirilmişdir. Ayrı-ayrı rayonlardan gətirilən sarı kəhrəba “Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-də laborator analizdən keçirildikdən sonra 60 tonluq rəqəmsal tərəzidə çəkilərək qəbul olunur. Toxumluq və istehsal üçün nəzərdə tutulan taxıl, təyinatı üzrə ayrı-ayrı anbarlara təhvil verilir. Taxılçılıqla məşğul olan sahibkarlardan Xaləddin Zeynalov, Ramiz Şükürov, Zürab Mehdiyev qeyd etdilər ki, təsərrüfat suyuna olan tələbat vaxtında ödənilir, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilir, “Naxçıvan Aqrolizinq” ASC-nin rayon bazalarında aqrotexniki xidmət sarıdan köməkliklər göstərilir. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat və hər hektar sahə üçün tələb olunan mineral gübrələr verilir.
Taxılın əkilib-becərilməsi ilə yanaşı, məhsulun vaxtında toplanılmasına və münasib qiymətə “Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsinə də əlverişli şərait yaradılmışdır. Sahibkarlar yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirdilər.
Strateji əhəmiyyətli məhsulun tədarük olunub yüksək keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilmiş, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının “Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində hər birinin tutumu 3 min ton olan daha 3 ədəd uzunmüddətli taxıl ehtiyatı anbarının inşasına başlanılmışdır. İnşaat işlərinə “Gəmiqaya” MMC-nin təcrübəli inşaatçıları və mütəxəssisləri cəlb olunmuşlar. Hazırda hər 3 anbarın özülündə beton işləri başa çatdırılmışdır. Müasir layihə əsasında inşa olunan taxıl ehtiyatı anbarlarının vaxtında istifadəyə verilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilir.
Kərəm HƏSƏNOV