Redaksiyadan muxtar respublikamızda taxıl biçininin gedişi ilə bağlı reportaj hazırlamaq tapşırığı alanda ilk olaraq hansı bölgəyə getməyi soruşdum. Bildirdilər ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə Kəngərli rayonuna gedirsiniz.
Redaksiyadan çıxanda saat 10 radələri idi. Nazirliyin əməkdaşı Xaliq Abbasov bildirdi ki, vaxtında çatacağıq. Çox tez getməyin xeyri yoxdur. Çünki səhər çağlarında zəmilərə şeh gəldiyindən biçinə başlamaq olmaz. Ona görə mexanizatorlar gecə saatlarında da məhsul tədarük edirlər. Səhər saat 11-ə qədər kombaynlara texniki baxış keçirilir ki, işin qızğın çağında dayanma halları baş verməsin.
Nazirliyin digər əməkdaşı Zərrab Əfəndiyev söhbətə qoşulur:
– Bu il muxtar respublika üzrə 100-dən artıq kombaynın gücündən istifadə olunacaq. Onların hamısı texniki baxışdan keçirilib, nasazları işlək vəziyyətə gətirilib. Lazım olan ehtiyat hissələri əldə olunub. Kifayət qədər yanacaq ehtiyatı yaradılıb. Taxılın sahələrdən daşınması üçün texnikalar ayrılıb. Məqsəd isə ondan ibarətdir ki, mövsüm uğurla və optimal müddətdə başa çatdırılsın.
– Bəs Kəngərli rayonunda vəziyyət necədir? Sahələrə neçə kombayn çıxarılıb?
– Hələlik 12 kombayn. Ehtiyac olarsa, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən əlavə kombaynlar gətiriləcək ki, məhsul itkisinə yol verilməsin. Torpaq mülkiyyətçilərinin minbir zəhmətlə hasilə gətirdikləri məhsul vaxtında toplanılsın.
Başımız söhbətə qarışdığından biçin aparılan sahəyə nə vaxt çatdığımızı bilmirik. Öyrənirik ki, burada Böyükdüz və Xok kəndlərinin torpaq mülkiyyətçilərinin yetişdirdikləri məhsul toplanılır. Xok kənd sakini Xaləddin Zeynalov 50 hektar sahədə taxıl əkib. Onun 30 hektarı arpadır. Böyük heyvandarlıq təsərrüfatı var. Ona görə də arpa əkininə daha çox maraq göstərir. Rayonda birinci olaraq o, arpa sahəsində biçini başa çatdırıb. Kənd sakinləri Rəhim Qəmbərov 18, İsrail Məmmədov 10 hektar sahədən məhsul götürüblər. Deyirlər ki, çəkdikləri zəhmət hədər getməyib. Bu işdə dövlətin qayğısından da razılıq edirlər.
Zəmisini biçdirən Hüseyn Allahverdiyevə yaxınlaşırıq. Salamlaşıb hal-əhval tuturuq. Onun dedikləri:
– Şükür Allaha. Sahələrdə bol məhsul yetişib. Yığıb-yığışdırmaqla qurtaran deyil. Düzdür, yağışlar bir qədər işimizi yubatdı, biçinə gec başladıq. Ancaq itki yoxdur.
– Nə qədər taxıl əkmisiniz?
– 1,3 hektar sahəyə toxum səpmişəm. Son illər muxtar respublikada yaradılmış toxumçuluq təsərrüfatları biz taxılçıların əlindən yaxşıca tutur. Özümüz də bəzən bu işlə məşğul oluruq. Əkin vaxtı da bilirik ki, torpağa necə toxum səpmişik. Neçə illər əvvəl əlimizə keçən toxumdan istifadə edirdik. Çəkdiyimiz zəhmət də hədər gedirdi.
– Bəs aqrotexniki tədbirləri necə aparmısınız?
– Aqrotexniki tədbirləri vaxtında aparmasaydım, belə bol məhsul yetişməzdi. Onu da deyim ki, məhsuldarlığın artırılmasında gübrələrdən düzgün istifadə başlıca rol oynayır. Bu sahədə də narazılığımız yoxdur. Dövlət tərəfindən gübrə verilib, hər hektar taxıl sahəsi üçün müəyyən edilmiş yardımı da almışıq. Texnika üçün müraciət etməyə isə ehtiyac qalmayıb. Mütəxəssislər sahələrə baxdıqdan sonra biçinə başlamışıq. Çalışırıq ki, biçin kampaniyası yekunlaşan kimi sahələrdən saman və küləşi yığışdıraq. Çünki gələn ilin əkini üçün şum qaldırmağı da yubatmaq olmaz.
Zəmilərin kənarında növbə gözləyən Məmmədhüseyn Məmmədovun, Mirbağır Seyidovun razılıq dolu söhbətlərini dinləyirik. Onlar da deyirlər ki, bu il də sahələrdə bol məhsul yetişib. Əlavə edirlər ki, Kəngərli torpaqları münbit torpaqlardır. Bu torpaqlarda yüksək keyfiyyətli taxıl yetişdirmək heç də çətin məsələ deyil. Son illər bu sahənin inkişafına göstərilən dövlət qayğısı onları daha da ruhlandırıb. Rayonun taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri zəhmətdən qorxan deyillər. Mövcud şəraitdən səmərəli istifadə edirlər.
Biçinin gedişinə nəzarət edən rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rza Məmmədovla da həmsöhbət olduq. Bildirdi ki, cari ildə Kəngərli rayonunda 3869 hektar sahədə məhsul yetişdirilib. Biçin kampaniyasına iyun ayının 16-dan başlanılıb. Bu günədək 670 hektar sahədə biçin aparılıb. Məhsuldarlıq hələlik 26 sentnerdir.
Sahədən ayrılarkən üst-başımız toz-torpaq içində olsa da, üzümüz gülürdü desəm, səmimiyyətimə inanın. Çünki bu gün tədarük edilən məhsul təkcə torpaq mülkiyyətçilərinin deyil, bizim hamımızındır. Bir neçə gündən sonra onu süfrələrimizdə görəcəyik. Bu gün o çörəyin ətri taxıl zəmilərindən gəlir.
Muxtar MƏMMƏDOV