23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin konfrans zalında muxtar respublikada fəaliyyət göstərən bank qurumları, sığorta təşkilatları və sahibkarlar üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Tapdıq Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində daşınar əmlakın yüklülüyünə dair qanunvericiliyin təkmilləşdirilməsi və daşınar əmlakın yüklülüyünün reyestrinin yaradılması da tapşırılıb. O qeyd edib ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələlər vahid qanunda əks olunub və bu vəzifə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və müvafiq olaraq muxtar respublika ərazisində palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə həvalə edilib.

Sonra çıxış edən idarənin əməkdaşı Elşən Cəfərli bildirib ki, muxtar respublikamızda daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılmasının bank və bank olmayan kredit təşkilatları üçün onlayn və əlçatan olması və eyni zamanda kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanının artması kimi faydaları vardır. Vurğulayıb ki, daşınar əmlakın yüklülüyü barədə məlumatların daxil edildiyi elektron informasiya sistemi kimi onun vasitəsilə yüklülük verən, yəni borclu zinət əşyası, texnika, qurğu, ofis avadanlığı, istehlak malları, sahibkarlıq subyekti, mebel, təsərrüfat heyvanları kimi daşınar əmlakı yüklülük sahibinə, yəni bank, bank olmayan kredit təşkilatlarına girov qoyaraq kredit əldə edə bilər. Reyestrə daxil edilmiş məlumatlar həmin andan etibarən reyestrdə axtarış aparan hər bir şəxs üçün açıqdır.
Bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən İAMAS, Avtomatlaşdırılmış Vergi Ödəniş Sistemi, Hökumət Ödəniş Portalı, Azərikart kimi bir neçə mühüm informasiya sistemləri ilə interfeysi qurulmuş reyestrin 600-dən artıq istifadəçisi var.
Tədbirdə “Banklarda biznes kreditlərinin və risklərinin idarə edilməsi” mövzusunda və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin ümumi fəaliyyəti barədə bankın əməkdaşı Azad Əliyev çıxış edib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR