Bu il muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da məktəb binalarının tikilməsi və ya yenidən qurulması diqqət mərkəzində saxlanılıb. Qeyd edək ki, cari ildə Ərəbyengicə və İbadulla kəndlərində təhsil müəssisələri üçün müasir binalar tikilərək istifadəyə verilib, maddi-texniki bazaları gücləndirilib. Kosacan və Kərimbəyli kəndlərindəki tam orta məktəb binalarının əsaslı şəkildə yenidən qurulması isə başa çatmaq üzrədir.
Tikintisinə başlanılan məktəb binası bir-birinə yaxın olan Yeni Havuş və Xətai kəndləri üçün nəzərdə tutulub. Üçmərtəbəli məktəb binası 120 şagird yerlik olacaq.
Qısa müddətdə binanın özülündə işlər tamamlanıb, birinci mərtəbədə beton sütunlar qaldırılıb, divarların və arakəsmələrin hörgüsünə başlanılıb. Hazırda ikinci mərtəbədə betonlama işləri aparılır.
Yeni məktəbdə 12 sinif otağı, laboratoriyalar, kitabxana, hərbi kabinə, müəllimlər otağı, 2 elektron lövhəli, 1 kompüter və 1 şahmat sinifləri, idman zalı, bufet olacaqdır. Məktəb qış aylarında fərdi qazanxana ilə qızdırılacaq.
Qeyd edək ki, adıçəkilən həmin ünvanda kənd və xidmət mərkəzlərinin də tikintisi aparılır. Tikintidə texniki təhlükəsizliyin təmin olunması diqqətdə saxlanılır. Keyfiyyət amilinə ciddi riayət edilən tikintidə, əsasən, yerli inşaat materiallarından istifadə olunur.
Xəbərlər şöbəsi