Ölkə başçısı cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikamızda tütünçülüyün inkişafına yeni vüsət verib.
Oktyabr ayının 9-da dövlət başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident cənab İlham Əliyevin tütünçülükdəki çatışmazlıqlardan, hazırda görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs etməsi dövlətimizin bu sərfəli təsərrüfat sahəsinin inkişafına göstərdiyi diqqətin ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da gəlirli sahə olan tütünçülüyün inkişafı, tütün emalı sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi üçün işlər davam etdirilir. Bunu Şərur rayonunun timsalında da görə bilərik. Bu bölgənin təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir.
Məlumat üçün bildirək ki, ötən əsrin yetmiş-səksəninci illərində rayonda hər il 3-3,5 min ton yüksəkkeyfiyyətli quru tütün istehsal olunurdu. İbadulla, Ərəbyengicə, Aralıq, Axura, Həmzəli, Aşağı və Yuxarı Yaycı kəndlərindəki ictimai təsərrüfatlarda keyfiyyətli tütün yetişdirilirdi. 3 nömrəli tütünçülük təsərrüfatı kimi ixtisaslaşmış Püsyan kəndindəki ictimai təsərrüfatda hər il 250-300 ton quru tütün hasil edilirdi. Bu kənddə həm də mexaniki qurutma məntəqəsi tikilmişdi. Təəssüf ki, səksəninci illərin sonlarında kənd təsərrüfatında yaranmış tənəzzül tütünçülükdən də yan keçmədi. Müstəqilliyinin ilk illərində Azərbaycanda yeni iqtisadi sistemə keçidlə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatının gəlirli sahələrindən hesab olunan tütünçülüyün inkişafında müəyyən çətinliklər yaransa da, son illərdə dövlət tərəfindən aparılan davamlı və sistemli iqtisadi islahatlar bu problemləri aradan qaldırmaqdadır. Əsas məqsədlərdən biri də tütünçülüyü dirçəltmək hesabına kənd əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir.
Bu ilin yazında Zeyvə, Düdəngə, Maxta, Kürçülü, Kərimbəyli, Oğlanqala, Aşağı Aralıq və digər kəndlərdə, ümumilikdə, 11,8 hektar sahədə tütün əkilib. Vaxtlı-vaxtında əkinlərə qulluq göstərilib. Maxta kənd sakini Gündüz Qurbanov erkən yazda 2,5 hektar sahədə tütün əkib. Artıq tütünün son qırımı yekunlaşıb, qurudulan məhsul Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin emal müəssisəsinə göndərilir.
Tütün sahəsindən 4 tondan artıq hazır məhsul əldə edən sahibkar deyir ki, Şərurun tütünçülük ənənələrinin bərpası istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün möhkəm baza yaradılır. Zəhmətimizin qarşılığını ikiqat çıxarırıq. Dövlət bizə hər cür kömək göstərir. Tütünün şitilini əldə etmək də çətin deyil. Onu “Cahan Tobacco”dan alırıq.
Qırım bitdikdən sonra əsas işlərdən birinin də tütün yarpaqlarını bir-bir şişlə ipə düzmək olduğunu diqqətə çatdıran sahibkar deyir ki, əvvəllər qadınlar bu işə çox vaxt sərf edir, əvəzində isə az miqdarda əməkhaqqı alırdılar. Bu gün isə bizə yaradılan imkanlardan istifadə edərək müasir avadanlıq – tütüntikən maşın almışıq. Bu texnika ilə saatlarla görülən işi tez bir zamanda yekunlaşdıra bilirik. Belə ipə düzülən yarpaqlar çox asanlıqla asılır, tez də quruyur. Bu da tütünün keyfiyyətini itirməsinin qarşısını alır. Bir sözlə, dövlətimiz kəndliyə hər cür şərait yaradıb. Bizə düşən isə yaradılan şəraitdən istifadə edib torpaqlarımızdan dördəlli yapışmaqdır.
İqtisadi cəhətdən xeyli sərfəli olan bu bitki haqqında ətraflı məlumatı isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovdan alırıq:
– Tütünün kök sistemi mil şəklində olur, yaxşı şaxələnir və çoxlu saçaqlar verir. İstiliksevən bitkidir. Torpağın tipindən və botaniki sortlardan asılı olaraq tütün əkiləcək sahələrdə şumun dərinliyi 27-30 santimetrə çatdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu, tütünün keyfiyyətinə və məhsuldarlığına çox təsir edir. Şum altında hektar hesabı ilə gübrələmə aparılması yaxşı nəticə verir. Şitil isə sahəyə şum qatında torpağın temperaturu 10-12 dərəcəyə çatdıqda, daha doğrusu, aprel-may aylarında köçürülür. Basdırılan şitillər sağlam, boyları 12-14 santimetr uzunluğunda olmalıdır. Əgər torpaq kifayət qədər nəm deyilsə, tarla suvarılmalıdır. Vegetasiya dövründə bitkilərin dibləri və cərgəaraları alaqlardan təmiz və yumşaq saxlanılmalıdır. Hər suvarmadan sonra torpaq mütləq yumşaldılmalıdır. Birinci becərmə şitil basdırıldıqdan 8-10 gün sonra 6-8, sonrakı becərmələr 10-15 gün fasilə ilə 10 santimetr dərinlikdə həyata keçirilir. Vegetasiya suvarmaları şırımla aparılır. Bu dövrdə yemləmə gübrələrinin verilməsi bitkilərin məhsuldarlığını xeyli yüksəldir. Birinci yemləmə gübrəsi kimi tütünün 2-3 cüt yarpaq fazasında suvarmadan əvvəl hər hektara 1-2 sentner superfosfat və azot gübrəsi verilir. İkinci yemləmə isə qönçələnmənin başlanğıcında aparılır. Tütün bitkisinin becərilməsində vacib aqrotexniki tədbirlərdən biri də ucvurmadır. Bu tədbirə qönçələnmənin əvvəlində başlamaq lazımdır.
Əsgər Həsənov bildirir ki, tütünün əsas zərərvericiləri olan danadişi, mənənə, şalalar, tütün tripisi, sovkavar, məftil qurdları, tarla ilbizi, xəstəliklərdən isə yalançı unlu şeh, kök, gövdə, qaraayaq, qara çürümələri bitkiyə ciddi zərər verir. Odur ki, xəstəlik və zərərvericilərə qarşı mübarizə mütəmadi olaraq aparılmalıdır. Tütün bitkisi növbəli əkin kimi taxıldan, çuğundurdan və paxlalı bitkilərdən sonra becərildikdə yaxşı nəticə verir. Tütün, öz növbəsində, payızlıq və yazlıq taxıl bitkiləri üçün yaxşı sələf sayılır.
Son illərdə muxtar respublikada kənd təsərrüfatının bütün sahələrinin inkişafına göstərilən qayğı öz bəhrələrini verməkdədir. Artıq kənd adamı görür ki, sahib olduğu torpaq onun daimi iş yeridir. Bu imkanlardan səmərəli istifadə yaxşı gün-güzəran deməkdir. İxrac üçün də xeyli gəlirli olan bu sahənin yenidən dirçəldilməsi məqsədilə görülən işlər isə torpaq mülkiyyətçilərinə əlavə gəlir gətirəcək.
Ramiyyə ƏKBƏROVA