Etibarlı ərzaq təminatında başlıca sahələrdən biri aqrar sektordur. Muxtar respublikamızda bu sahənin inkişafına göstərilən diqqət və qayğının ifadəsidir ki, son illər xeyli uğura nail olunub, idxaldan asılılıq, demək olar ki, aradan qaldırılıb. Bunu cari ilin ilk doqquz ayının nəticələri də təsdiq edir. Əkinçilikdə mütərəqqi üsullara geniş yer verilməsi, daha çox ehtiyac duyulan məhsulların əkilib-becərilməsi, bu məqsədlə maarifləndirmə tədbirlərinin aparılması və metodik köməkliklərin göstərilməsi öz bəhrələrini verib.
Faktlara müraciət edək. 2018-ci ilin məhsulu üçün muxtar respublikada 61min 935 hektar sahədə əkin aparılıb. Bu, 2017-ci ilin məhsulu üçün əkilmiş sahədən 404 hektar çoxdur. Həmin dövrdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox, yəni 352 milyon 466 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Süfrələrimizin şahı hesab olunan çörək və çörək məhsullarının istehsalında strateji sahə kimi taxılçılığın inkişafına ciddi önəm verilməsi təbiidir. Bunun ifadəsidir ki, taxılçılıqla məşğul olanlara yüksək reproduksiyalı toxumların, gübrələrin verilməsi, torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikalarından, kreditlərdən istifadəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Taxıl tədarükünün yekunu da belə deməyə əsas verir. Belə ki, 2018-ci ilin məhsulu üçün 32 min 483 hektar sahədə taxıl əkilib, bunun 30 min 925 hektarı payızlıq, 1558 hektarı isə yazlıq taxıl olub. Taxıl zəmilərinin 22 min 632 hektarında buğda, 9851 hektarında isə arpa əkilib. Bu isə o deməkdir ki, ötən illə müqayisədə taxıl əkini sahəsi 851 hektar artıb. Əkinlərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib. Çəkilən zəhmət hədər getməyib. Taxıl zəmilərindən 97 min 689 ton məhsul tədarük edilib. Bu, əvvəlki illə müqayisədə 4270 ton çoxdur.
İkinci çörək sayılan kartof mətbəximizin ən çox tələb olunan ərzaq məhsuludur. Kartofçuluqda zəngin təcrübə qazanılan muxtar respublikamızda bu sahənin inkişafına ciddi önəm verilir və kartofçuluğa maraq ildən-ilə artır. Cari ildə 3215 hektar sahədə kartof əkini aparılıb. 1 oktyabr 2018-ci il tarixə 3153 hektar sahədən 48 min 473,9 ton kartof yığılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb. Hər iki təsərrüfat sahəsində bu il qazanılan nəticələr uğurludur: meyvə tədarükü ötən ilə nisbətən 4,3 faiz, tərəvəz tədarükü isə 0,7 faiz artıb. Daha dəqiq desək, meyvə bağlarından 39 min 780,12 ton, tərəvəz əkini sahələrindən 72 min 816,9 ton məhsul götürülüb.
Muxtar respublikamızda üzümçülük köklü ənənələrə malikdir. Sovet dönəmində yetişdirilmiş üzüm məhsulları keçmiş SSRİ-nin müxtəlif respublikalarına göndərilirdi. Lakin min bir zəhmətlə hasilə gətirilmiş bağların kökünə ötən əsrin səksəninci illərinin sonlarında balta vuruldu, üzümlüklər sıradan çıxarıldı. Bu sahənin əvvəlki şöhrətini özünə qaytarmaq üçün son illərdə həyata keçirilən kompleks tədbirlər artıq öz bəhrələrini verməkdədir. Keçirilən iməciliklərdə torpaq mülkiyyətçilərinə məxsus sahələrdə salınan üzüm bağlarında, əsasən, yerli sortlardan istifadə diqqət mərkəzində saxlanılır. Yetişdirilən məhsul muxtar respublikaya kənar yerlərdən gətirilən məhsulların qarşısını almaqla, həm də keyfiyyəti ilə seçilir. Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə 9848 ton üzüm yığılıb, bağlarda məhsul tədarükü davam edir.
Qeyd edək ki, digər əkinçilik sahələrində qazanılan uğurlar da qənaətbəxşdir. Belə ki, bəhs olunan dövrdə 104 min 413 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 10 min 256,5 ton dən üçün qarğıdalı, 760,6 ton dən üçün günəbaxan, 36 min 621 ton ərzaq üçün bostan məhsulları tədarük edilib.
O da vurğulanmalıdır ki, əkinçilikdə başlıca amillərdən biri də təsərrüfat suyuna olan tələbatın ödənilməsidir. Ötən dövr ərzində bu istiqamətdə bir sıra işlər görülüb və görülməkdədir. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahəni əhatə edəcək yeni qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib. 2 subartezian quyusunun bərpası, 11 kəhrizin təmiri başa çatdırılıb, 1 subartezian quyusunun tikintisi, 5 kəhrizin təmiri aparılır. Bundan əlavə, muxtar respublikada “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma sistemlərinin quraşdırılmasına başlanılıb.
Görülən işlər sırasında istixana təsərrüfatlarının və soyuducu anbarların yaradılmasını da qeyd etməyə dəyər. Bu dövrdə muxtar respublika əhalisini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda 1 istixana təsərrüfatı yaradılıb, digər belə bir təsərrüfatın fəaliyyəti isə genişləndirilib. Babək rayonunda tutumu 2500 ton olan soyuducu anbarın yaradılması, Şərur rayonunda soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı da ilbəil yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319-u bəhs olunan dövrdə, ümumilikdə, 2373 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. 215 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilib, 45-i nağd yolla satılıb. Bu dövrdə məhsul istehsalçıları 5082,5 ton mineral gübrə ilə təmin olunub.
Muxtar respublikanın coğrafi iqlim şəraiti burada yüksəkkeyfiyyətli ət və süd məhsullarının istehsalında başlıca amillərdən biridir. Elə tarixən də heyvandarlığın diyarımızda inkişaf etdirilməsinə böyük önəm verilib. Hazırda da bu sahəyə diqqət və qayğı göstərilir. Baytarlıq xidmətinin səviyyəsi yüksəldilir, müntəzəm olaraq mal-qara arasında xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilir, yeni heyvandarlıq təsərrüfatlarının yaradılmasına ciddi önəm verilir. Bu tədbirlər cari ildə də davam etdirilib. Belə ki, ilin ötən dövründə 15 heyvandarlıq təsərrüfatı fəaliyyətə başlayıb, ikisinin isə genişləndirilməsi başa çatdırılıb. 3 heyvandarlıq təsərrüfatının yaradılması, birinin isə genişləndirilməsi davam etdirilir. Bu sahənin inkişafı üçün verilən kreditlərin həcmi də ildən-ilə artır. Cari ilin ötən dövründə bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3 milyon 872 min 600 manat kredit verilib. Bu, əvvəlki illə müqayisədə 3,5 dəfə çoxdur.
Göstərilən qayğının ifadəsidir ki, ötən 9 ayda muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 117 min 969 başa, qoyun və keçilərin sayı 728 min 733 başa çatdırılıb. Heyvanların baş artımı məhsul istehsalına da təsirini göstərib, adıçəkilən dövrdə muxtar respublikada diri çəkidə 18 min 630,4 ton ət, 71 min 178,7 ton süd istehsal olunub.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq və 1 balıqçılıq təsərrüfatının yaradılması, birinin isə genişləndirilməsi üzrə işlərin davam etdirilməsi də ötən 9 ayın uğurlarıdır.
Muxtar respublikada arıçılığın inkişaf etdirilməsi və kənd yerlərində əhalinin məşğulluğunun təmin olunması üçün də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub. 2018-ci ilin 9 ayında da bu sahədə müvafiq tədbirlər görülüb, təsərrüfat subyektlərinə 262 min 800 manat kredit verilib. Bu da əvvəlki illə müqayisədə 9,7 dəfə çoxdur.
Qazanılan uğurlarda başlıca amillərdən biri də dövlət maliyyə dəstəyinin davamlı xarakter almasıdır. Belə dəstək cari ildə də göstərilib, kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektləri, ümumilikdə, 2,9 dəfə çox olmaqla, əvvəlki illə müqayisədə 4 milyon 530 min 300 manat güzəştli kreditlərlə təmin edilib.
Onu da qeyd edək ki, etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2018-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 85 milyon 784 min 300 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.
Daha bir təsərrüfat ili başa çatmaqdadır. Muxtar respublikanın torpaq mülkiyyətçiləri bu mövsümdə yetişən məhsulları toplayır, gələn ilin bol taxılının əsasını qoymaq üçün şum qaldırılması və taxıl əkini ilə məşğul olurlar. Onlar əmindirlər ki, çəkəcəkləri zəhmət hədər getməyəcək, daxili bazara öz töhfələrini verəcəklər.
Muxtar MƏMMƏDOV