23 Dekabr 2024, Bazar ertəsi

Torpaq, su və hava dünyadakı bütün canlılar üçün ən vacib nemətlərdir. Bu mənada, ən sadə kimyəvi formula malik olan və ilk baxışda çox adi görünən su, əslində, bütün canlı aləmin özüdür desək, yanılmarıq. Canlı həyatın yaranması və yaşaması üçün torpaq və hava kimi suyun da hansı dərəcədə əvəzedilməz olduğu bu qiymətli sərvətin çatışmadığı zamanlarda dərhal görünür. 

Su həyat mənbəyidir. Bu nemət olmasa, yer üzündə nə insan, nə də digər canlı və bitki növləri, ümumiyyətlə, mövcud ola bilməz. Bu baxımdan suyun təbiətə həyat verən dövranı ilə yanaşı, insanın mədəni tələbatının artması ilə onun ehtiyatlarından istifadə məsələləri daha da böyük əhəmiyyət kəsb edir. Suyun sənaye, kənd təsərrüfatı və məişət məqsədləri üçün istifadəsi, ondan enerji alınması istiqamətində görülən işlər mövcud ehtiyatlardan səmərəli faydalanmanı həmişə ön plana çəkir. Suyun strateji əhəmiyyəti, ümumiyyətlə, dünyada mühüm su mənbələri üzərində maraqların kəsişməsi bizim də mövcud su ehtiyatlarımıza qarşı daha diqqətli olmağımızı tələb edir.

Suyun gündəlik istifadəsi çoxşaxəlidir. Sırf insan həyatı üçün lazım olan su ümumi su sərfinin cəmi 3-4 faizini aşmır. Belə ki, insanın digər məişət və mədəni tələbatlarının ödənilməsi daha çox su tələb edir. Ona görə də məişətdə su sərfini azaldan yeni texnoloji avadanlıqların tətbiqi suya olan tələbatın daha dolğun şəkildə ödənilməsinə imkan verir. Bununla yanaşı, su ehtiyatları qeyri-bərabər paylandığından əhalinin içməli su təminatını yaxşılaşdırmaq, yeni su anbarları tikmək, su kəmərləri çəkmək, çirkli suyu təmizləmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Şirin su ehtiyatlarından ən çox istifadə edildiyi kənd təsərrüfatında tətbiq olunan damcı suvarma sistemi də suya qənaət edilməsində mühüm rol oynayır.
Muxtar respublikamızda da şirin su qaynaqlarının qorunması və sudan səmərəli istifadə diqqət mərkəzindədir. Belə ki, suyun təbii dövranı, yağıntıların miqdarı daim dəyişkən olduğundan su təminatının da ciddi nəzarətə ehtiyacı vardır.
Diyarımızda yeni su anbarlarının yaradılması və su təminatı infrastrukturunun yeniləndirilməsi istiqamətində aparılan davamlı işlər indiyədək yağıntının çox az olduğu illərdə belə, su sarıdan ciddi çətinliklərlə üzləşməməyə imkan verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumatda bildirilir ki, bu gün muxtar respublikada 32 təbii və süni su anbarı vardır. Araz Su Anbarı istisna olmaqla, onların ümumi layihə gücü 303,5 milyon kubmetr su saxlamağa imkan verir. Bu il həmin su anbarlarına cəmi 195,3 milyon kubmetr su ehtiyatı yığılıb. Ondan istifadəyə gəldikdə isə indiyə qədər su istifadəçilərinə mexaniki üsulla və öz axımı ilə 225,8 milyon kubmetr suvarma suyu verilib. Təkrar suvarma nəzərə alınmaqla, 188 min 273 hektar torpaq sahəsi su ilə təmin olunub. Komitədən onu da bildirdilər ki, bu dövrdə muxtar respublikada mövcud olan 101 nasos stansiyası və 829 subartezian quyusu istismar edilib. Həmçinin yaşıllıq ərazilərin suvarma suyu ilə təmin olunması üçün 13 kilometr yeni suvarma boru xətti çəkilib, 10 kilometr suvarma boru xəttində təmir-bərpa işləri yerinə yetirilib.
Muxtar respublikanın suvarma və içməli su təminatında qədim hidrotexniki qurğular olan kəhrizlərdən də geniş istifadə edilir. Belə ki, bu gün muxtar respublikanın şəhər və rayonlarında 333 kəhriz istismar olunmaqdadır. Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün bu dövrdə 9 kilometr yeni içməli su xətti çəkilib, 46,6 kilometr içməli su xəttində və 4,4 kilometr kaptajda təmir-bərpa işləri aparılıb.
İdarəetmə baxımından su təsərrüfatı mürəkkəb sahədir. Bunu suyun istənilən ərazidəki qeyri-bərabər olaraq paylanması və suya olan tələbatın çox olduğu dövrdə onun ehtiyatlarının sürətlə azalması ilə izah etmək olar. Su ehtiyatlarından məqsədyönlü yararlanmada hər kəsin üzərinə düşən vəzifə isə ümumi su təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Başqa sözlə, hər bir vətəndaşın evində, həyətində qənaət edəcəyi bir kubmetr su qızmar bir yay günü hardasa, gün altında susuz qala biləcək körpə fidanlara həyat verəcək sudur. Ona görə də hər litri çox qiymətli olan sudan səmərəli istifadə hamımızın çox yaxşı bildiyi, suyun özü qədər sadə bir həqiqətdirsə, o zaman gəlin bu gün hardasa boş yerə gecə-gündüz axıb gedən suya biganə qalmayaq, onu qoruyaq. Çünki su ehtiyatlarımız nə qədər bol, nə qədər təmiz olarsa, bir o qədər məhsulumuz bol, süfrələrimiz bərəkətli, gələcəyimiz sağlam olacaq.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR