23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda ən qiymətli sərvət və ekoloji problemlərin aradan qaldırılmasında əsas təbii vasitə olan meşələrimizin mühafizəsi və artırılması, yeni meyvə bağlarının salınması məqsədilə görülən işlər artıq bəhrələrini verməkdədir. Bunun ifadəsidir ki, son 25 ildə yaşıllıqların ümumi sahəsi 0,6 faizdən 14 faizə qədər artıb. Təbii meşə ehtiyatı az olan və 1990-cı illərdə insanların enerji ehtiyatı kimi istifadə etdiyi meyvə ağaclarının bu qədər artmasının başlıca səbəbi odur ki, təbiətə göstərilən dövlət qayğısı davamlı xarakter alıb. Bunun təməli hələ 1993-cü ilin 2 aprel tarixində ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan ­yaşıllaşdırma tədbirləri olub və bu gün də bütün respublika ərazisində uğurla davam etdirilir. 

 

2003-cü il 18 fevral tarixdə “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Pro­qram” və qəbul olunan dövlət proqramlarına uyğun olaraq yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması sahəsində tədbirlər ardıcıllıqla davam etdirilir. Bu gün xüsusilə qeyd olunmalıdır ki, artıq insanlar meşələrə yanacaq vasitəsi kimi baxmırlar. Çünki Naxçıvanda artıq ən yüksək səviyyədə enerji təminatı yaradılıb, vətəndaşlarımız fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunub, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılıb.
Muxtar respublikamızda da meşələrin qorunması və artırılması həyata keçirilən ekoloji siyasətin əsas amilidir. Deyə bilərik ki, bu sahədə böyük uğurlar qazanılıb. Son illərdə həmin sahədə görülən işlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən də qeyd edilib. Hər ötən il muxtar respublika ərazisində yeni meşə massivləri, meyvə bağları salınır. Diyarımızda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etdiyi üçün, xüsusilə torpaqların münbitliyinin bərpa olunmasında yaşıllaşdırma tədbirlərindən istifadə edilir. Yaşıllıqlar salınarkən, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız sahələr seçilir ki, bu da ekoloji tarazlıqla bərabər, iqtisadi səmərəliliyin də bərpa olunmasına şərait yaradır.
Muxtar respublikada hər ilin yaz və payız fəslində torpaq, iqlim və hidromühitin fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla tarlaqoruyucu, sahilbərkidici, eroziya və sürüşməyə meyilli sahələrdə meşə massivləri və meyvə bağları salınır. Naxçıvançay, Gilançay, Əlincəçay vadilərində, xüsusi mühafizə olunan təbiət ərazilərində, Darıdağ ərazisində, “İşgəsu” massivində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun sağ və sol hissələrində, ziyarətgah ətrafında, Didivar kəndinin ərazisində mövcud təpələrdə terras üsulu ilə, Duzdağ Fizioterapiya Mərkəzi ətrafında, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Culfa magistral avtomobil yollarının sağ və sol hissələrində, Arpaçay sol sahil kanalının aşağı sahillərində, Dəmirçi kəndinin yuxarı hissələrində, Vəlidağ ətrafında, yaşıllıq və meşə meliorativ tədbirləri aparılıb. Bundan əlavə, Naxçıvan şəhəri ətrafında muxtar respublikanın mövcud sututarlarının, çay massivlərinin və su kanallarının ətrafında, xüsusi mühafizə olunan ərazilər şəbəkəsində sürüşmə və eroziyaya meyilli ərazilərdə, qobu və yarğanlarda, şoranlaşmış və bataqlıqlaşmış sahələrdə, o cümlədən yarımsəhra və səhralaşmış ərazilərdə dövlət strukturlarının dəstəyi ilə 17 min hektardan çox sahədə yaşıllıqlar, meşə massivləri, meyvə bağları salınıb. Muxtar respublikanın meşə fondu torpaqlarında və digər təbiət ərazilərində ağac və kolların bərpası və artırılması, şəxsi mülkiyyətdə olan torpaqlarda yeni meyvə bağlarının salınmasına diqqət artırılıb.
Diyarımızda ən mühüm ekoloji faktor kimi təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına ciddi önəm verilir. Qeyd edək ki, ərazisinin 25 faizdən çoxu meşə ilə örtülü olan ölkələrdə ekoloji mühit daha əlverişli, təbiət hadisələri, sellər, daşqınlar, torpaq sürüşmələri və eroziya prosesləri daha zəif olur. Xüsusilə diyarımızdakı meşələrin I qrup, yəni yalnız mühafizə, qoruyucu funksiyalı olması bu əhəmiyyəti daha da artırır. Muxtar respublika ərazisində kəskin kontinental iqlim şəraitinin mövcud olması günəşli saatların çoxluğuna baxmayaraq, meşələrin qorunması ilə bərabər, yeni meşələrin, yaşıllıqların, meyvə bağlarının ­salınmasını da zəruri edir.
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, emal müəssisələrinin xammalla təchiz olunmasında və məşğulluğun təmin edilməsində kənd təsərrüfatının inkişafı böyük əhəmiyyət kəsb edir. Əhalinin müxtəlif kənd təsərrüfatı məhsullarına, o cümlədən meyvə və tərəvəzə olan tələbatının ödənilməsi diqqət mərkəzində saxlanılır. Bunun üçün sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə müxtəliftəyinatlı güzəştli kreditlər verilir, yeni texnika və avadanlıqlar alınıb gətirilir, ardıcıl meliorativ tədbirlər görülür və məhsulların satış yarmarkaları təşkil edilir. Bu sahədə fəaliyyətin təmin edilməsi üçün icrası uğurla başa çatan 2012-2015-ci və hazırda həyata keçirilən 2016-2020-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramları muxtar respublikada yaşıllıqların zənginləşdirilməsində, yeni meyvə bağlarının salınmasında mühüm dövlət sənədləridir. Həmin dövlət proqramları ilə təsdiq edilən tədbirlər planında aidiyyəti dövlət orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirilib. O cümlədən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kəngərli rayonu ərazisində 100 hektar püstə bağının, Naxçıvançay, Əlincə­çay, Gilançay çayları boyunca cəviz, armud, alma, Arazboyu düzənliklərdə ərik, albalı, gavalı, şaftalı, dağlıq, dağətəyi ərazilərdə isə cəviz, armud, heyva, alma bağlarının salınması kimi tədbirlərin icra edilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, 2012-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət pro­qramının icrası nəticəsində, ümumilikdə, muxtar respublika ərazisində 751 hektar meyvə bağı salınıb və 660 min ədəd meyvə tingi əkilib. Bu sahənin daha da inkişaf etdirilməsi üçün 2016-cı ildə qəbul edilmiş dövlət proqramına əsasən ötən dövr ərzində hər il 200 hektardan çox yeni meyvə bağları salınıb. Süfrə üzümü yetişdirilməsi də diqqətdə saxlanılıb və orta hesabla hər il 20 hektara yaxın yeni üzüm bağları salınıb.
Proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsində rayonlaşdırma prinsipi əsas götürülüb. Bu məqsədlə ayrı-ayrı sahələrdə, o cümlədən dağlıq, dağətəyi zonaları əhatə edən xüsusi mühafizə olunan təbiət ərazilərində (qoruq, milli park, yasaqlıqlarda) tingçilik sahələri yaradılıb və müəyyən edilmiş tinglərin yetişdirilməsi istiqamətində müəyyən işlər görülüb. Cəviz, badam, alma, alça, armud, gilənar, tut, ərik, şaftalı tingləri əkilib. Ümumilikdə, müxtəlif yerlərdə 4 hektara yaxın tingçilik təsərrüfatları yaradılıb və hər il orta hesabla 400 min ədəddən çox meyvə tingi, həmçinin müxtəlif meşə və həmişə­yaşıl tinglər yetişdirilir.
Görülən işlər çərçivəsində bu coğrafi ərazinin iqlim-torpaq xüsusiyyətlərinə uyğunlaşan yeni meyvə sortlarının gətirilib əkilməsinə də üstünlük verilir. Bu məqsədlə 2015-ci ildən başlayaraq püstə bağlarının artırılması və bərpası üçün lazım olacaq tinglərin yetişdirilməsi məqsədilə elmi-təcrübi işlər davam etdirilir.
Meyvəçiliyin inkişafı dövlət proqramının icrası ilə əlaqədar tədbirlər 2018-ci ildə də davam etdirilməkdədir. Bu il yaz əkin mövsümündə, ümumilikdə, 223 hektar sahədə əkin işləri aparılıb ki, bunun da 100 hektardan çoxu meyvə bağları olub. Bu işlər cari ilin payız əkin mövsümündə də davam etdiriləcəkdir. Qeyd edək ki, payız mövsümündə aparılacaq yaşıllaşdırma tədbirlərinə dair hazırlanmış əkin planında, ümumilikdə, 300 hektardan çox sahədə əkin və əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub. Bunun da 150 hektardan çoxu meyvə bağlarıdır.
Meyvəçiliyin inkişaf etdirilməsi, doğma yurdumuzda bu sahədə tarixən qazanılmış şöhrətin özünə qaytarılması, yaşıllıq və meşə ehtiyatlarının daha da artırılması iqtisadi, ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu həyati əhəmiyyətli tədbirlərin yerinə yetirilməsində hər birimiz fəal vətəndaşlıq mövqeyi göstərməliyik.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR