23 Dekabr 2024, Bazar ertəsi

Müasir insan həyatını sürət və komfortsuz təsəvvür etmək mümkün deyil. Bu baxımdan bank və müxtəlif ödəmə xidmətləri də zaman içərisində müasirləşərək əvvəlki uzun növbələrdə vaxtitirmə dövründən indiki operativ elektron xidmətlər səviyyəsinədək yol keçib. Alınan malın, yaxud göstərilən xidmətin haqqının dərhal ödənişini həyata keçirməyə imkan verən müasir ödəmə terminalları isə bu baxımdan tətbiq olunan mühüm yeniliklərdəndir. Ölkəmizin bankçılıq sektorunda mühüm nailiyyətlərə imza atan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublika ərazisində quraşdırılan ödəmə terminalları əhaliyə göstərilən ödəniş xidmətlərinin təkmilləşdirilməsində əhəmiyyətli addımdır. 

Bu barədə “Naxçıvanbank” ASC-nin Marketinq, reklam və beynəlxalq əlaqələr şöbəsindən aldığımız məlumatda deyilir ki, müştərilərinə “Birlikdə yüksələk” devizi ilə xidmət göstərən Naxçıvanbank onların rahatlığı üçün 24 saat ərzində, hətta bayram və istirahət günləri də lazım olan ödənişləri edə bilməsi üçün cari ilin əvvəllərindən terminalların quraşdırılmasına başlayıb. Muxtar respublikanın paytaxtı ilə yanaşı, Şərur, Ordubad, Culfa şəhərlərində olmaqla, ümumilikdə, 40-a yaxın ödəmə terminalı quraşdırılıb. Bankın terminallarında müxtəlif ödənişlər həyata keçirmək mümkündür. Belə ki, istifadəçilər smartkartlarla edilən ödənişlər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti, Naxinternet, Naxtel 4G, Naxçıvan Su, Naxtelekom, “Naxçıvanqaz” İstehsalat Birliyinə, o cümlədən bütün mobil operatorlara edilən ödənişləri bu terminallar vasitəsilə onlayn rejimdə çox qısa bir müddətdə edə bilərlər. Bunlardan əlavə, Naxçıvanbankın ödəmə terminalları vasitəsilə Sazz, KATV1, Nar homenet, Azdata OM, Baktelecom.az, Aztelekom, Azeronline, Connect ADSL kimi bir sıra internet provayderlərin, stasionar telefonların, TV provayderlərin ödənişləri, o cümlədən Dövlət İmtahan Mərkəzinə aid ödənişlər də yerinə yetirilə bilər. Bankdan bildirdilər ki, tezliklə bu terminallar vasitəsilə yeni xidmətlərin də müştərilərin istifadəsinə veriləcəyi gözlənilir.

Terminallardan istifadə çox rahatdır. Naxçıvanbank terminallarında yalnız kağız əskinaslar qəbul edildiyindən aparılan hər hansı ödəniş zamanı hesabda müəyyən məbləğdə qalıq qalarsa, həmin qalıq məbləğ növbəti ayda yenidən ödəniş etdikdə ümumi ödənişin (borcun) məbləğindən çıxılır. Əgər terminalla və ya ödəmə prosesi ilə bağlı hər hansı problem yaşanarsa, 1185 müştəri xidmətlərinə zəng edərək bunu dərhal həll etmək mümkündür. İstifadəyə verildiyi qısa müddətdə isə bu terminallardan xeyli sayda muxtar respublika sakini istifadə edib. Belə ki, indiyə qədər terminallar vasitəsilə yerinə yetirilən əməliyyatların ümumi həcmi, təqribən, 600 min manatdan artıq olub.
Qeyd edək ki, Naxçıvan şəhərində bu terminallar Naxçıvanbankın baş ofis və filial şəbəkəsi ilə yanaşı, şəhərimizdəki universitetlərdə, avtovağzal və hava limanında, Culfa dəmiryol stansiyasında, habelə iri alış-veriş mərkəzlərində, mərkəzi bazarda, marketlərdə və əhalinin sıx rast gəlindiyi digər yerlərdə quraşdırılaraq istifadəyə verilib.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR