İnformasiya texnologiyalarının inkişafı poçt sahəsində ənənəvi xidmətlərlə yanaşı, yeni qeyri-ənənəvi xidmət növlərinin də yaranmasını zərurətə çevirir. Muxtar respublikada istər informasiya-kommunikasiya texnologiyaları sektorunda, istərsə də poçt sektorunda yeniliklərin tətbiqinə xüsusi diqqət göstərilir. Bu sahələr daim yenilik tələb etdiyindən insanlara daha keyfiyyətli və rahat xidmətlər təklif edilir. Poçt sahəsində tətbiq edilən yeniliklərdən biri də bank-maliyyə xidmətləridir.
“Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, muxtar respublikada 82 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, qurulan kompyuterlər lazımi proqram təminatı ilə təchiz edilmişdir. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin əməliyyatçılarına Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kurslar təşkil edilmiş, kursdan müvəffəqiyyətlə keçən işçilərə sertifikatlar verilmişdir.
İyul ayının 1-dən etibarən Naxçıvan şəhər sakinləri kommunal xidmət (elektrik, qaz və su) haqlarını poçt məntəqələrində də ödəyə biləcəklər.
Yaxın vaxtlarda muxtar respublikanın rayon və kənd poçt məntəqələrində də kommunal xidmət haqlarının yığılmasına başlanılacaq.
Cari ilin sonuna kimi poçt müəssisələri bank-maliyyə xidmətləri də göstərməyə başlayacaq. Bununla bağlı nazirlik tərəfindən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün ilkin müraciət edilib.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti