22 Dekabr 2024, Bazar

Müasir dünya iqtisadiyyatının formalaşma tarixi onu göstərir ki, ölkələr iqtisadi-mədəni inkişafın bütün mərhələlərində məhz sənaye məhsulu istehsalı göstəriciləri ilə daha yüksək nəticələr əldə etmək üçün yarışmış, xalq təsərrüfatının digər sahələrində qazanılmış dəyərin bu şəkildə son məhsula çevrilməsi yollarını axtarmışlar. Son illərdə muxtar respublikamızda da sənaye məhsulu istehsalına göstərilən diqqət regionda təsərrüfat-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə, sərf olunan iş qüvvəsinin dəyərinin artırılmasına və beləliklə də, insanların rifah halının onilliklər keçəndən sonra deyil, ilbəil artırılmasına gətirib çıxarmışdır. Naxçıvan aqrar sahədəki ekstensiv inkişaf göstəriciləri ilə xatırlanan ucqar bir regiondan innovativ sahibkarlığın inkişaf etdirildiyi, yüzlərlə növ sənaye məhsulu istehsalına sərmayə yatırılan bir sənaye regionuna çevrilmişdir.

Sənayeləşmə hazırda ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Başqa sözlə, Azərbaycan Respublikası ərazisində əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, yerli xammaldan daha səmərəli istifadə olunması məqsədilə daha geniş çeşiddə sənaye məhsulu istehsalını təşkil edə bilmək qarşıya qoyulmuş ən mühüm vəzifələrdəndir. Qeyd edək ki, bu vəzifə ölkəmizdə həyata keçirilən regional inkişaf strategiyası ilə tamamilə üst-üstə düşən və gələcəkdə iqtisadi təhlükəsizliyimizin maksimum səviyyəyə çatmasına imkan verəcək həyati vacib bir məsələdir. Ancaq bir anlıq geriyə dönüb baxsaq, görərik ki, sənayeləşmə heç də yeni məfhum deyildir. Qərb dövlətləri, Yaponiya kimi sənaye nəhəngləri bu işə yüzillər əvvəl başlayıb hazırkı inkişaf səviyyəsinə gəlib çatmışlar. Yəni bu ölkələr düymədən tutmuş təyyarə istehsalına qədər sənayeləşmə yolu keçmiş, əvvəlcə maşınlı sənaye, sonra elektron və robot texnologiyalı, daha sonra isə innovativ texnologiyalar əsasında sənayeləşmə yoluna çıxmış, yüzlərlə ton xammala ödədiyi pulu kiçik bir cihazın ixracı ilə təkrarən geri qaytara bilmək bacarığına yiyələnmişlər. Bizdə də bir vaxtlar sənayeləşmədən ağızdolusu danışılsa da, bu, son nəticədə Naxçıvan kimi ucqar regionların yeraltı və yerüstü sərvətlərinin qeyri-səmərəli yollarla istismar edilməsi yolu ilə mərkəzin inkişaf etdirilməsindən başqa bir şey olma­mışdır. Yəni keçmiş SSRİ məkanında sənayeləşmə hələ XX əsrin 20-­30-cu illərində baş versə də, əslində, bu, regionların müflisləşdirilməsi və Rusiyanın sənayeləşdirilməsi demək idi. Nəticədə, sovet imperiyası dağılandan sonra regionlara yoxsulluq və işsizlik, bərbad infrastruktur və pozulmuş təsərrüfat əlaqələri miras qaldı. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkə­mizdə yüzlərlə yeni sənaye müəssisələri tikilmiş, respublikamızda yeni-yeni istehsal obyektləri istifadəyə verilmişdir. 

İstər ölkəmizdə, istərsə də muxtar respublikamızda sənaye məhsulu istehsalının növbəti inkişaf dalğası ölkəmizin müstəqillik əldə etməsi və ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründən başlanır. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması nəticəsində Azərbaycana Qərb texnologiyasının axını ilə yeni mərhələyə start verilmişdir. Ölkəmizin paytaxtında və regionlarında həyata ke­çirilən infrastruktur yenilənməsi layihələri, mütərəqqi texnologiyaların tətbiqi ilə qurulan emal, təkrar emal və istehsal müəssisələri Azərbaycanın modern sənaye ölkələri sırasına qoşulması yolunda atılan ilk inamlı addımlar idi. Neft hasilatından əldə olunan gəlirlərin regionlara yönəldilməsi işində sənayeləşmə kənd təsərrüfatı, turizm kimi prioritet sahələr sırasına daxil olmuşdur. Bu dövrdən başlayaraq ölkəmizin digər regionları kimi, Naxçıvan Muxtar Respublikasında da sənaye məhsulu istehsalı prioritet sahə kimi öz xüsusi çəkisini qorumaqdadır.
Müasir dövrdə sənayenin inkişafını muxtar respublikamız üçün bir neçə aspektdən aktual hesab etmək olar. İlk olaraq Naxçıvanda zəngin xammal resursları hesabına müxtəlif sənaye məhsullarının istehsalı iqtisadi cəhətdən sərfəli, ekoloji və sosial effektlərinə görə səmərəli hesab edilir. Yerli xammalın hazır məhsula çevrilməsi ilə muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində və yerli əhalinin tələbatlarının ödənilməsində mühüm nəticələr əldə olunur. Hazır məhsul idxalına sərf olunan valyuta vəsaitlərinə qənaət olunmasına şərait yaranır ki, bu da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına böyük bir töhfədir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, heç bir ölkədə insana lazım olan bütün növ sənaye məhsullarının istehsalından danışmaq mümkün deyildir. Hətta ən inkişaf etmiş ölkələrdə belə, sənaye məhsullarının sərfəli olan növlərinin inkişaf etdirilməsi ilə ixtisaslaşma, brendlə tanınma siyasəti aparılır.
Naxçıvan Muxtar Respublikasının sənaye potensialına təsir edən digər mühüm amil istehsal olunmuş məhsulların bazar seqmenti, başqa sözlə, onun reallaşdırılma imkanlarıdır. Muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq, nəqliyyat və rabitə infrastrukturuna qoyulmuş sərmayə və xarici iqtisadi əlaqələrin genişləndirilməsi nəticəsində burada istehsal olunan sənaye məhsulları daxili bazarın tələbatlarını ödəməklə bərabər, xarici bazarlarda da özünə alıcı toplamaqdadır.
Regionda sənayenin inkişafını şərtləndirən üçüncü və bəlkə də, ən mühüm amil kimi sənaye məhsulu istehsalı ilə iqtisadiyyatın digər sahələrinə birbaşa investisiya imkanlarının yaradılmasıdır. Belə ki, təkcə sənayenin xammal bazası kimi tanıdığımız kənd təsərrüfatı və mineral ehtiyatların deyil, eyni zamanda rabitə və nəqliyyatın, turizm və səhiyyənin, təhsil və mədəniyyətin, idman və bədən tərbiyəsinin də maraqları sənayedə kəsişir, burada pulla ölçülə bilən gəlirlər şəklində ölçülə bilir. 2012-ci ildə istehsal olunmuş 796 milyon manatlıq sənaye məhsulu dedikdə muxtar respublikanın hər bir sakininin süfrəsinin yüzlərlə növ keyfiyyətli ərzağı, evinin komfortu, geyimi, ayaqqabısı, çox çeşiddə təmir-tikinti materialı, rahat yollarında şütüyən yerli avtomobilləri və sair başa düşülür. Belə məhsulların istehsalı üçün müasir texnologiyaların tətbiq olunması ilə yerli xammal və əmək ehtiyatlarının istifadəyə cəlb edilməsi innovativ sənayeləşməyə də zəmin yaradır. Artıq Naxçıvan Muxtar Respublikasında sənayeləşmə istiqamətində görülmüş işlərin məntiqi nəticəsi olaraq növbəti mərhələyə – sənaye parkları yaradılmasına zəmin hazırlanmışdır. Məqsəd bütün dünyada olduğu kimi, sənayenin iqtisadi inkişafda lokomotiv rolunu doğru məcraya yönəltməklə regionda işgüzar fəallığın tempini sabit səviyyədə saxlamaqdır. Bunun üçün isə Naxçıvanda bütün zamanlarla müqayisədə ən əlverişli investisiya mühiti formalaşmış, sənaye məhsulu istehsalına yönəlmiş kiçik və orta sahibkarlıq subyektləri dövlət qayğısı ilə əhatə olunmuşdur. Nəticədə, çox qısa bir dövrdə, cəmisi 17 ilə sığan bir müddətdə bir qəpiklik plastik torbanı da xaricdən idxal edərək ona valyuta ödəyən naxçıvanlı öz ağlının, bacarığının məhsulu olan yüzlərlə növ yerli sənaye məhsulunu, tikinti materiallarından tutmuş avtomobilə qədər sənaye məhsullarını daha keyfiyyətlə və daha sərfəli qiymətə alaraq istehlak edir.

Naxçıvan Muxtar Respublikasında sənayeləşmə istiqamətində görülən işlər hər addımda görünür. Regionda vüsət almış genişmiqyaslı quruculuq işlərinə şahidlik edən hər kəs bunu təsdiq edir. Ötən il Naxçıvan-Culfa magistral yolunun açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanda bütün sahələrdə çox uğurlu inkişaf prosesi gedir. Dinamik inkişafdır. Bütün iqtisadi göstəricilərimiz çox yaxşıdır. Həm sənaye istehsalı artır, yeni müəssisələr açılır. Ümumi Daxili Məhsul artır. Bu gün Naxçıvanda olarkən, bir neçə yeni obyektin açılışında iştirak edərkən bir daha görürəm ki, hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir”.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR