“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələri də yaratmışdır. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilir.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binanın birinci mərtəbəsində məişət avadanlıqlarının, gündəlik tələbat mallarının, santexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının, ikinci mərtəbədə isə xalçaçılıq və mebel məmulatlarının, elektrotexnika avadanlıqlarının, məişət cihazlarının satışı bölmələri fəaliyyət göstərir. Binada eskalator və lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur. Burada quraşdırılan video-nəzarət sistemi ilə ərazini və alış-veriş obyektlərini müntəzəm müşahidə etmək mümkündür.
İnşaat materiallarının satışı binasında bütün növ tikinti və təsərrüfat mallarının satışı təşkil olunmuş, anbar istifadəyə verilmişdir. Açıq satış yerində isə, əsasən, topdan və pərakəndə satış həyata keçirilir. Burada müxtəlif ağır tikinti materiallarının satışı təşkil olunmuşdur. Ticarət mərkəzinin həyətində səliqə-sahman yaradılmış, fəvvarə quraşdırılmış, kafe istifadəyə verilmişdir.
Ticarət mərkəzində 21 bölmədə 12 min 300 çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar orta bazar qiymətindən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır. Ticarət mərkəzində bütün növ tikinti materiallarının vahid bir mərkəzdən satışı təşkil olunmuşdur. Mərkəzdə müştəri xidməti və satışdan sonrakı xidmət sistemi müasir standartlara uyğun qurulmuşdur. Belə ki, burada çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçmişdir.
“Cahan” Alış-Veriş Mərkəzində (AVM) idarəetmə, satışın təşkili, mal təminatı, mühasibat uçotu sistemi bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilməklə həyata keçirilir. Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri fəaliyyət göstərir və “Cahan” AVM-in satınalma bölməsinin sifarişləri əsasında mal tədarük olunur. Həmçinin AVM-in satış, satınalma, mühasibat və sair bölmələrinin işçiləri də mütəmadi olaraq bu nümayəndəliklərə ezam olunur, bu sahədə dünya təcrübəsi öyrənilir.
“Cahan” AVM-də kredit bölməsi fəaliyyət göstərir ki, burada da şirkətin daxili imkanları hesabına vətəndaşlara 6 aylıq faizsiz kreditlə mal əldə etmək imkanı yaradılmışdır. Malların kreditlə verilməsi prosesi sadələşdirilmiş formada – mal və material alan vətəndaşın və zamin duran şəxsin şəxsiyyət vəsiqələrinin surətləri təqdim olunmaqla aparılır. Həmçinin alış-veriş mərkəzindən mal alan müştərilərə hər 70 manat üçün bir uduş kuponu verilir və uduş kampaniyası bayram və əlamətdar günlərdə həyata keçirilir. Məlumat üçün qeyd edək ki, ticarət mərkəzinin fəaliyyətə başladığı 2011-ci ilin oktyabr ayından ötən dövr ərzində üç dəfə uduş kampaniyası keçirilmişdir. Birinci və ikinci dəfə keçirilən uduş kampaniyasının hər birində 1, üçüncü dəfə keçirilən uduş kampaniyasına isə 2 avtomobil çıxarılmışdır. Bu kampaniyalar zamanı 2 ədəd “OPEL” və 2 ədəd “NAZ Lifan” markalı avtomobil və 100-dən çox bahalı hədiyyələr udulmuşdur.
“Cahan AVM” Məhdud Məsuliyyətli Cəmiyyəti dünyada tanınmış şirkət və firmalarla əlaqələr quraraq mənşə sertifikatı olan daha keyfiyyətli mal və materialların muxtar respublikamıza idxal olunması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Hazırda alış-veriş mərkəzi dünyanın 42 şirkət və firmalarının Naxçıvan Muxtar Respublikasında daimi satış nümayəndəsi və ya satış təmsilçisidir. Alış-veriş mərkəzində marketinq işi günün tələbləri səviyyəsində qurulmuşdur. Daxili bazarın tələbatı öyrənilməklə hər hansı bir malın sifarişi vaxtında verilir və alınan malların keyfiyyət göstəriciləri nəzərə alınmaqla dünya bazarında tanınmış şirkətlərdən idxal olunur. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur. Təkcə bir faktı qeyd edək ki, elektron avadanlıqlar Cənubi Koreyanın “Samsunq”, “Soni”, mebellər Türkiyənin “Mondi”, “Merinos”, “İstiqbal”, xalçalar “Gümüş suyu”, ev əşyaları “Emsan”, “Arzum”, inşaat materiallarından metlax və kafellər “Çanaqqala Seramik” firmalarından alınıb gətirilir. Məlumat üçün qeyd edək ki, alış-veriş mərkəzi fəaliyyətə başlayan zaman muxtar respublikamızda 2-3 növdə metlax və kafel satışa çıxarılırdısa, hazırda 60-70 çeşiddə metlax və kafel alıcılara təqdim olunur. Satışa çıxarılan metlax və kafellərin hər kvadratmetrinin qiyməti 5 manatdan 12 manata qədər dəyişir. Yəni ticarət mərkəzində hər bir vətəndaş üçün ailə büdcəsinə uyğun mal və material seçmək imkanı yaradılmışdır.
Onu da qeyd edək ki, ticarət mərkəzində POS-terminallar quraşdırılmışdır. Alınan mal və materialların pulunun ödənilməsi plastik kartlar, nağd ödəmələr isə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində münasib qiymət, yüksək keyfiyyət prinsipi ilə işləyən “Cahan” AVM kifayət qədər alıcı cəlb etməklə muxtar respublikamızda ən böyük vergi ödəyicilərindən birinə çevrilmişdir.
Kərəm HƏSƏNOV