Muxtar respublikada taxıl biçininin sürəti artır
Bu günlər muxtar respublikamızın taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin, sahibkarlarının sevincinin həddi-hüdudu yoxdur. Daha bir taxıl tədarükü mövsümü uğurla davam etdirilir. Bu isə o deməkdir ki, süfrələrimiz yenə də yerli çörəklə bol olacaq. Belə bolluğa isə asanlıqla nail olmamışıq.
Ulu öndər Heydər Əliyevin uzaqgörən aqrar siyasətinin son 17 ildə muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər qazanılıb. Naxçıvan ölkəmizin öndə gedən regionuna çevrilib. Digər sahələrə toxunmadan muxtar respublikanın torpaq mülkiyyətçilərinin aqrar sahədə, konkret olaraq, taxılçılıqda qazandıqları uğurları, bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğını göz önünə gətirsək, tarix üçün qısa zaman kəsiyində böyük nailiyyətlərlə üz-üzə dayanmış olarıq. Bu gün bir qarış torpağımız əkilməmiş qalmır, dövlətimiz bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradıb. Zəhmətdən qorxmayan, torpağa daimi iş yeri kimi baxan insanlarımız bu şəraitdən səmərəli istifadə edir, yurdumuzun iqtisadiyyatının güclənməsinə çalışır, daxili bazarda yerli çörəyin xüsusi çəkisinin artmasında, süfrələrimizin ruzi-bərəkətinin daha çox olmasında səy və bacarıqlarını əsirgəmirlər. Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub, həm kreditlərdən, həm də həmin yardımlardan təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.
2009-cu ildə tutumu 18 min ton taxılı uzun müddətə, tutumu 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən Taxıl Ehtiyatı Anbarının istifadəyə verilməsi muxtar respublikada taxıl ehtiyatının yaradılmasında əsas rol oynamaqla istehsalçıların məhsul tədarükü zamanı rastlaşdıqları problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
Aqrar sektorun inkişafında mühüm mərhələ kimi soyuducu anbarların yaradılması, əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək üçün mövcud subartezian quyularının, kəhrizlərin, nasos stansiyalarının təmiri və yenilərinin istifadəyə verilməsi üzləşilən çətinlikləri aradan qaldırıb. Bu da hektarlarla sahənin əkin dövriyyəsinə qatılmasına imkan verib. Bununla yanaşı, kənd təsərrüfatı üzrə ümumi inkişafı sürətləndirən mühüm amillərdən biri, yuxarıda dediyimiz kimi, müasir texnikalardan istifadə olunması və lizinq münasibətlərinin yüksəldilməsidir. Bu istiqamətdə də xeyli iş görülüb. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194 ədədi 2012-ci ildə olmaqla, cəmi 879 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib, ötən il 185 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilib.
Cari ilin taxıl tədarükü üçün qabaqlayıcı tədbirlər diqqət mərkəzində saxlanılıb, 100-dən artıq kombayn işlək vəziyyətə gətirilib, taxılı sahələrdən daşımaq üçün texnikalar ayrılıb, ehtiyat hissələr əldə olunub, rayonlarda qərargahlar yaradılıb.
Məlumat üçün bildirək ki, 2013-cü ilin məhsulu üçün muxtar respublikada 35 min 324 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə 359 hektar çoxdur. Taxıl istehsalçılarına əvvəlki illərdə olduğu kimi, kreditlər verilib, bu vəsaitin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb. Mineral gübrələrlə təminat da unudulmayıb, sahələr vaxtlı-vaxtında suvarılıb, ötən payızdan çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib.
Bunu regionumuzun ən böyük bölgələrindən biri olan Babək rayonunun timsalında da görmək mümkündür. Taxılçılıq üçün münbit torpaq sahələrinə malik olan bu bölgədə hər il yüksək keyfiyyətli məhsul istehsal olunur. Torpaq mülkiyyətçiləri mövcud şəraitdən səmərəli istifadə etməyə çalışır, daxili bazara öz töhfələrini verirlər. Cari ilin bol məhsulu üçün ötən ilin payızında rayonun taxılçıları 10 min 362 hektar sahədə taxıl əkini keçirib, ötən müddət ərzində bütün aqrotexniki tədbirlərə əməl edilib. Bu da öz bəhrələrini verib. Bir neçə gündür ki, sahələrdə kombaynlar minbir zəhmətlə hasilə gətirilmiş taxılı tədarük edirlər. Operativ məlumata görə, bu günədək 990 hektar sahənin məhsulu toplanılıb.
Taxıl biçininin gedişi ilə tanış olmaq üçün rayonun bir neçə kəndinə baş çəkdik. Nehrəm kəndində sahəsinin taxılını biçdirən Cəfər Salmanlı ilə həmsöhbət olduq. Bildirdi ki, ötən ilin payızında 3,3 hektar sahədə taxıl əkini keçirib. Taxılçılıq üçün dövlət tərəfindən müəyyən olunmuş bütün güzəştlərdən istifadə edib. Bu gün sahəsinin məhsulu biçilir. İlk bunkerdən görünür ki, sahədə keyfiyyətli və bol məhsul yetişib.
Babək qəsəbəsində, Qoşadizə, Şəkərabad, Hacıvar, Yarımca, Sirab, Kültəpə kəndlərində də taxıl biçininin sürətlə aparıldığının şahidi olduq. Taxılçılardan Heydər Məmmədov, Arif Səfərov, İbrahim Məmmədov və başqaları bildirdilər ki, cari ildə daha yüksək göstəricilərə nail olacaqlar. Onların sözlərini mexanizatorlar Namiq Əliyev, Zakir Vahabov da təsdiq etdilər. Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün Babək rayonunda fiziki şəxslərə məxsus 21 kombayn var. Onların hamısı işlək vəziyyətə gətirilib. Həmin texnikaların, hələlik, 18-dən istifadə olunur. Taxılçılar hər il “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xidmətindən də istifadə edirlər.
* * *
Builki taxıl mövsümü ilə bağlı müşahidələr apararkən uzun illər Nehrəm kəndində ictimai təsərrüfata rəhbərlik etmiş təsərrüfatçı Tofiq Abutalıbovla da görüşdüm. Onun dediklərindən:
– Sovet dönəmində ümidimizi bağlamışdıq dükanlara gətirilən una. Bu gün həmin unu əldə etmək üçün dövlətimiz öz qapımızda bizə hər cür şərait yaradıb. Torpaq verib, su verir, gübrə verir, texnika verir, yardım edir, dəyirman da nə qədər istəsən... Daha nə lazımdır? Qalır ki, zəhmətə qatlaşasan, əziyyət çəkəsən ki, süfrən də bol olsun. Kim ki zəhmətdən qorxmur, canına cəfa verməyi bacarır, onun gün-güzəranı da istədiyi kimidir, kimsə ələbaxımlıq xəstəliyinə tutulub, özündən küssün...
...Daha bir taxıl tədarükü mövsümünü yaşayırıq. Muxtar respublikamızda da taxıl tədarükü sürətlə davam etdirilir. Ötən ilin payızından bu günə kimi çəkilən zəhmətin bəhrəsini itkisiz toplamaq, məhsul tədarükü kampaniyasını optimal müddətdə başa vurmaq üçün hərtərəfli şərait yaradılıb. Bütün bölgələrimizdə bu məqsədlə qərargahlar təşkil olunub.
* * *
Ürəkaçan rəqəmlərlə dolu olan qeydlərimə daha bir statistik göstərici əlavə etməyə ehtiyac duyuram. Əgər 1995-ci ildə muxtar respublikada 23 min 600 ton taxıl istehsal olunubsa, həmin rəqəm 2012-ci ildə 101 min 848 tona yüksəlib. Bu, çəkilən zəhmətin, böyük dövlət qayğısının əvəzsiz qalmaması, torpağa tər axıdan insanların qiymətli sərvətin səxavətindən səmərəli istifadəsi deməkdir.
...Rəqəmlər cansız olsa da, onların arxasında fədakar əmək, insan amilinə göstərilən qayğı dayanır. Ən qiymətli kapital olan insana muxtar respublikamızda belə qayğı, sözsüz ki, inkişafın, tərəqqinin, yüksəlişin ifadəsidir. Taxılçılıqda əldə olunan nailiyyətlər dövlət qayğısı ilə yanaşı, yurd, torpaq qədri bilən naxçıvanlıların fəallığının nəticəsidir. Bu da onunla bağlıdır ki, qədim diyarımızın sakinləri halallığa söykənən və onu hər şeydən üstün tutan insanlardır. Elə ona görə də süfrələrinin ruzi-bərəkəti ildən-ilə artır.
Qeyd edək ki, muxtar respublikanın digər rayonlarında da taxıl biçini uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, taxıl biçininə ilk başlayan Ordubad rayonunda bu günə qədər 722, Culfa rayonunda 809, Kəngərli rayonunda 520, Sədərək rayonunda 203, Naxçıvan şəhərində 20, ümumilikdə, muxtar respublika üzrə 3264 hektar sahənin taxılı tədarük olunub.
Muxtar MƏMMƏDOV