İlbəil abadlaşan, gözəlləşən və dəyişən Naxçıvan Muxtar Respublikasının qədimliyi, özünəməxsusluğu ilə seçilən Ordubad rayonu abadlıq və quruculuq işləri sayəsində simasını dəyişir, yeni quruculuq dövrünü yaşayır. Ötən gün yolumuzu Ordubaddan saldıq. Şəhərin mərkəzi küçəsi ilə üzüyuxarı qalxdıqca ilk müşahidə etdiyimiz hal qoca çinarların dəstəsinə qoşulmaq istəyən yol kənarlarında nizamla əkilmiş yeni çinar ağacları oldu. Ordubad ta qədimdən əsrlərlə yaşı olan çinarlarıyla məşhur olub.
Dünənin və bu günün qarşılıqlı vəhdətini tikinti-quruculuq tədbirlərinin sintezində də gördük, müşahidə etdik. Dar və qədim küçələriylə, qırxpillə kəhrizləriylə, meydanlarıyla muxtar respublikanın digər rayonlarından fərqlənən Ordubadda paralel olaraq yeni küçələr salınır, yollar çəkilir, inzibati binalar tikilir.
Hazırda Ordubad şəhərində və kəndlərdə bir çox tikinti işləri aparılır. Ordubad şəhərində və Şəhriyar qəsəbəsində içməli su və kanalizasiya sistemləri yenidən qurulur. 2011-ci ilin dekabrından bu işə başlayan “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi, demək olar ki, işi yekunlaşdırmaq üzrədir.
Həmin təşkilatın bir qrup inşaatçısı isə Ordubad Su Elektrik Stansiyasının tikintisini həyata keçirir. Qeyd edək ki, hazırda burada uzunluğu 10 kilometrdən çox olan su kanalının tikintisi aparılır.
Ordubad şəhərində quruculuq tədbirləri sırasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi üçün inzibati binanın tikintisi də var. Hazırda binanın fasadında və daxilində suvaq işləri görülür, dam örtüyü vurulur, qapı və pəncərələri salınır.
Ordubad rayonunda quruculuq, abadlıq, təmir-tikinti işləri rayon mərkəzi ilə məhdudlaşmır, bu işlər rayonun bir neçə kəndində də sürətlə davam etdirilir.
Rayon mərkəzindən 60-70 kilometr aralıda, dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşən Nəsirvaz, Xurs və Ələhi kəndlərində kompleks quruculuq işləri aparılır, Sabirkənd və Yuxarı Əylis kəndlərində isə məktəb və məscid tikilir.
Nəsirvaz və Ələhi kəndlərinin hər birində 88 şagird yerlik, Xurs kəndində isə 110 şagird yerlik məktəb binası, eyni zamanda hər üç yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri inşa olunur.
Hər biri zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan qonşu kəndlərin tədris ocaqlarında tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilir. Məktəb binalarının, demək olar ki, zirzəmi qatı və birinci mərtəbələrində hörgü işləri başa çatdırılmış, ikinci mərtəbələrdə beton-qəlib işləri görülür.
Əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hər üç kənddə kənd və xidmət mərkəzləri tikilir. Nəsirvazda və Ələhidə iki, Xursda üçmərtəbəli kənd mərkəzləri və hər üç kənddə birmərtəbəli xidmət mərkəzində yerli camaatın asudə vaxtlarının səmərəli təşkili, gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi üçün kompleks tədbirlər görülür.
Ordubadda tikinti işləri bunlarla kifayətlənmir. Qədimliyi və tarixiliyi ilə əlamətdar olan, Nuh peyğəmbərin ilk ayaq basdığı yer kimi bilinən Gəmiqayada eyniadlı muzey binasının tikintisi də həyata keçirilir. Ötən ilin avqustundan inşasına başlanılan muzey binasında son tamamlama işləri aparılır.
Elxan MƏMMƏDOV