23 Dekabr 2024, Bazar ertəsi

Aqil Məmmədov muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ilklərdən biridir. Sovet dönəmində Moskva Ümumittifaq Yeyinti Sənayesi İnstitutunu Mühəndis-mexanik ixtisası üzrə bitirən Aqil Məmmədov müxtəlif kənd təsərrüfatı sahələrində çalışıb. Çalışdığı işlərdə işgüzarlıq göstərib, yenilikçi kimi tanınıb, məsuliyyəti ilə diqqəti cəlb edib. 2002-ci ildən Şərur “Aqrotexservis” Səhmdar Cəmiyyətinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Ötən bu müddət ərzində cəmiyyət rayonda kənd təsərrüfatının inkişafına öz töhfəsini verib, şərurlu torpaq mülkiyyətçilərinin yaxın köməkçisinə çevrilib. 2012-ci ildə cəmiyyətə rəhbərlik edən Aqil Məmmədov səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülüb. 

– Hər dövrün, hər ictimai quruluşun özünəməxsus tələbləri var. Həyatda uğur qazanmaq, üzvü olduğun cəmiyyətə, xalqına xeyir vermək, bildiklərini istehsalata tətbiq etməklə bu tələbləri qarşılamaq olar. Müstəqillik qazandığımız illərdə mən bunu yeni yaradılan, inkişafına hərtərəfli dövlət dəstəyi göstərilən sahibkarların fəaliyyətində görmüşəm. Görmüşəm ki, məhz bu amilləri əsas götürənlər qarşılaşdıqları çətinliklərdən qorxmur, geri çəkilmir, mübarizlik göstərir və son nəticədə, istəklərinə nail olurlar. Bundan isə həm özləri, həm də cəmiyyət qazanır.

Cəmiyyətimiz fəaliyyətə başlayarkən biz də bəzi çətinliklərlə qarşılaşdıq. Ancaq muxtar respublikada bu sahəyə güclü dəstək olduğunu görüb tədricən həmin çətinlikləri aradan qaldırdıq. Müasir texnikaların alınmasına ciddi önəm verdik. Çünki indiki dövrdə bir-iki, özü də köhnə texnika ilə tələbatı ödəmək mümkün deyil. Bu işdə də dövlət bizə dəstək oldu.
“Aqrotexservis” Səhmdar Cəmiyyətinin fəaliyyəti bir sıra sahələri əhatə edir. Başlıca olaraq isə cəmiyyət ona məxsus texnikalarla rayonda şum qaldırılması, taxıl əkilməsi və biçilməsi, kip vurulması və digər kənd təsərrüfatı işləri ilə məşğuldur. Cəmiyyətdə 15 nəfər özünə daimi iş yeri tapıb. Mövsüm ərzində onların sayı artır.
Sahibkarlıq subyekti Şərurun və qonşu Sədərək, Kəngərli rayonlarının torpaq mülkiyyətçilərinə 4 şum traktoru, 3 kombayn, 2 otbiçən, kipvuran və digər kənd təsərrüfatı texnikası və aqreqatları ilə xidmət göstərir.
Cari ilin taxıl tədarükü mövsümündə cəmiyyət torpaq mülkiyyətçilərinin 180 hektar taxıl zəmisinin məhsulunu biçib. 30 hektar sahədə yazda, bir o qədər də bu mövsümdə şum qaldırılmasında iştirak edib.
Cəmiyyət heyvandarlıqla məşğul olanlara da köməyini əsirgəmir. Belə ki, heyvandarlıqda məsul dövrlərdən biri olan qış üçün yem tədarükündə otlaqların biçilməsində, kip vurulmasında yaxından iştirak edir.
Qeyd edək ki, cəmiyyətin özünə­məxsus 52 hektar torpaq sahəsi var, əlavə olaraq hər il 50 hektar sahəni icarəyə götürür. Həmin sahə bu gün rayonun ən məhsuldar torpaq sahəsinə çevrilib. Bir vaxtlar daş-­çınqılla dolu olan, su qaldırılması xeyli zəhmət tələb edən sahədə abadlıq işləri aparılıb, ərazinin su təminatı qaydaya salınıb, torpağı münbitləşdirmək üçün tədbirlər görülüb. Çəkilən zəhmət isə hədər getməyib. Cari ildə sahibkar həmin ərazidə 25 hektar taxıl əkini sahəsindən 100 ton (40 sentner) məhsul götürüb. Digər əkin sahələrində də uğurlu nəticələrə nail olunub. 12 hektar kartof əkini sahəsində məhsuldarlıq 30 sentnerə çatdırılıb, 8 hektar sahədən soğan tədarük edilib, 4 hektar tərəvəz əkini sahəsində məhsul hələ boldur.
Cəmiyyət muxtar respublikada inkişafına böyük önəm verilən meyvəçiliklə də məşğul olur. Hazırda 1 hektar tingçilik olmaqla, 8 hektar sahə bu məqsəd üçün ayrılıb. Bağlarda yerli meyvə sortları yetişdirilməsinə üstünlük verilir.
Müəssisədə olarkən onu da öyrəndik ki, cəmiyyətə məxsus torpaq sahəsinin 30 hektarında payızlıq taxıl əkini üçün şum qaldırılıb, 2 hektar sahədə soğan əkilib. Digər təsərrüfat işlərinin həyata keçirilməsinə ciddi hazırlıq gedir.
Şərurlular müəssisənin yerləşdiyi ünvanı həm də dəyirman kimi tanıyırlar. Axı burada cəmiyyətin nəzdində olan “Dostluq” un dəyirmanı da fəaliyyət göstərir. Türkiyədən alınmış avadanlıqların quraşdırıldığı dəyirmanda gündəlik olaraq 4-5 ton taxıl üyüdülür.
Mövsüm başlayandan dəyirmanda 250 ton taxıl üyüdülərək sahiblərinə verilib. Rayonun Yengicə kəndində fəaliyyət göstərən lavaş sexinin rəhbəri Cabbar Tağıyevlə elə dəyirmanda görüşüb həmsöhbət olduq. O bildirdi ki, bir neçə ildir, yetişdirdiyi taxılı üyütmək üçün bu dəyirmana gətirir. Çünki burada xidmət yüksək səviyyədə qurulub, görülən işin keyfiyyətinə söz ola bilməz. Xidmət haqqı da müştərilərin ürəyincədir.
Burada görüşdüyümüz digər torpaq mülkiyyətçiləri də həm cəmiyyətin, həm də un dəyirmanının fəaliyyətindən razılıqla danışdılar. Çərçiboğan kənd sakini Rauf Məmmədov dedi: O vaxt torpağın əsl sahibi olursan ki, ondan səmərəli istifadə edirsən. Bunun üçün isə torpağın şumlanmasından başlayaraq məhsul yığımına kimi nəzərdə tutulan aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirməlisən. Bu gün şərurlular həmin tədbirlərin görülməsində əvvəlki illərdən fərqli olaraq çətinliklərlə üzləşmirlər. Onlara bu işlərdə “Aqrotexservis” Səhmdar Cəmiyyəti də yaxından kömək edir.
...İlin qayğıları artan bu mövsümdə cəmiyyət öz xidmətini yüksək səviyyədə göstərmək üçün imkanlarından səmərəli istifadə etməyə çalışır. Bu da təbiidir. Torpaq mülkiyyətçilərindən kimlərsə şum qaldırılmasını başa çatdırmağa, kimlərsə taxıl əkinini vaxtında yekunlaşdırmağa, bəziləri yağışlar başlamamış sahəsindəki otu biçdirməyə, kip vurmağa tələsir. Ancaq onlar arxayındırlar ki, hər bir təsərrüfat işini vaxtında başa çatdıra biləcəklər. Bu işlərdə bəhs etdiyimiz cəmiyyət onların xidmətindədir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR