Gündən-günə inkişaf edən muxtar respublikamızda onlarla istehsal müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri də çeşid-çeşid dadlı və keyfiyyətli məhsulları ilə şəhər, rayon, hətta ən ucqar kəndlərimizdəki mağazaları belə bəzəyən, alıcı zövqünü oxşayan “Fərda” Şirniyyat İstehsalı Müəssisəsidir.
Müəssisənin rəhbəri Zamiq Səfərovla söhbətimiz zamanı bildirdi ki, “Fərda” hazırda daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edir. Müəssisənin fəaliyyətinə 2008-ci ildə icarəyə götürdükləri binada başladıqlarını qeyd edən sahibkar bir müddət sonra istehsal etdikləri məhsullara tələbatın artdığı üçün daha böyük əraziyə ehtiyac duyulduğunu və 2013-cü ildə Naxçıvan şəhərinin Babək məhəlləsində onlara yeni torpaq sahəsi verildiyini söylədi. Daim dövlət qayğısından bəhrələndiklərini vurğulayan Zamiq Səfərov həmin torpaq sahəsində hazırda müəssisənin fəaliyyət göstərdiyi üç mərtəbədən ibarət binanın tikildiyini, 2014-cü ildə yeni avadanlıqların alınması məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 100 min manat maliyyə dəstəyi göstərildiyini dedi.
2013-cü ildə tikintisinə başlanılan müəssisə 2016-cı ildə istifadəyə verilib. Binanın zirzəmisində хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu аnbаr, ikinci mərtəbəsində şirniyyat istehsalı sahəsi, iаşə хidməti göstərilməsi üçün yеməkхаnа, digər yаrdımçı оtаqlаr, firma mağazası və kafe, üçüncü mərtəbəsində isə nanəli konfet, rahatlokum, dondurma istehsalı sahələri, inzibati heyət üçün ayrı-ayrı iş otaqları yerləşir. Burada Türkiyə və İran İslam Respublikasının “İsfəhan soba”, “Məşhəd soba”, “Həmədan soba”, “Sevel”, “OMG” firmaları tərəfindən istehsal olunan ən müasir texnoloji avadanlıq və soyuduculardan istifadə olunur. Müəssisə rəhbəri söhbət zamanı maraqlı bir faktı da vurğuladı: – İstehsala bir soba ilə başlamışdıqsa, indi müəssisədə səkkiz soba var.
“Fərda” Şirniyyat İstehsalı Müəssisəsində hazırda 135 çeşiddə məhsul istehsal olunur. Bunun 120-si Şərq, milli və Avropa şirniyyatları, 6-sı rahatlokum, 8-i dondurma, 1-i isə nanəli konfetdir. Gündəlik istehsal gücü şirniyyat üçün 600, rahatlokum üçün 80-100, dondurma üçün may-avqust aylarında 200, hazırda isə 70, nanəli konfet üçün 80-100 kiloqramdır. Müəssisənin Naxçıvan şəhərində 5, Şərur və Culfa rayonlarının hər birində 1 mağazası, “Danyeri” və “Sizin market” ticarət obyektlərində şöbələri fəaliyyət göstərir. Həmçinin bu istehsal müəssisəsinin məhsullarının yuxarıda da qeyd etdiyimiz kimi, bütün rayon və kəndlərdəki ərzaq mağazalarında satışı təşkil olunur. Müəssisədə məhsulların mağazalara və sifarişçilərə çatdırılması üçün 6 avtomobilin xidmətindən istifadə edilir. Onlardan 3-ü məhsulları rayon və kəndlərdəki mağazalara, 3-ü isə Naxçıvan şəhərindəki mağazalara və tort sifarişlərini restoranlara çatdırmaq üçün ayrılıb.
“Danyeri” Alış-Veriş Mərkəzində “Fərda”ya ayrılmış bölmədə şirniyyatlarla yanaşı, 8-10 növdə satılan çörək də bu müəssisə tərəfindən mərkəzə məxsus çörək sexində bişirilib alıcılara təklif olunur. Çörəyin gündəlik istehsalı 1000 ədəddən artıqdır. Söhbət əsnasında Zamiq Səfərov onu da bildirdi ki, müəssisənin həyətyanı sahəsində təbii qazla və yanacaq olaraq odunla isidilməsi nəzərdə tutulan 2 təndir və 1 kürə düzəldilib. Məqsəd bu ilin sonunadək geniş şəkildə çörək istehsalına da başlamaqdır.
Müxtəlif növ şirniyyat və tort sifarişlərini qəbul edib, yüksək səviyyədə alıcıya təqdim edən “Fərda” Şirniyyat İstehsalı Müəssisəsi məhsullarının keyfiyyətinə görə hər bir naxçıvanlının üz tutduğu bir ünvandır. Bu ünvanda həm də yüksək sanitariya şəraitində hazırlanan məhsullar indi hər kəsin süfrəsini bəzəyir. İstənilən saatda, istənilən çəkidə və görüntüdə bayram, toy, doğum günləri və sair üçün tort sifarişləri həm də münasib qiymətlərlə yerinə yetirilir. Müəssisənin bütün mağazalarında gündəlik olaraq satılan şirniyyatlar isə süfrələrimizin bəzəyi olaraq daim onlardan dadmaq istəyənlərin xidmətindədir.
Müəssisənin “Cahan” Ticarət Mərkəzində yerləşən mağazasında olarkən burada müştəriləri çox səmimi qarşılayan satıcı qız diqqətimi cəlb etdi. Adını soruşdum, Kifayət Nəsirovayam, – dedi. Öyrəndim ki, 5 ildir, yəni mağaza açılandan burada çalışır. Söhbətimizə bizi kənardan dinləyən alıcılar – Naxçıvan şəhər sakinləri Ləman Abbasova və Süleyman Hüseynov da qoşuldular. Onların dediklərindən: – Biz bura tez-tez gəlirik. “Fərda”nın şirniyyatlarını ailəlikcə sevirik. Bir qonağımız gələn kimi, yaxud bütün bayramlarda, doğum günlərimizdə şirniyyat üçün bu ünvana üz tuturuq.
“Danyeri” ticarət obyektində isə şirniyyat və çörək alan Naxçıvan şəhər sakini Leyla Ağəliyevanın fikirlərini öyrəndik. O dedi: – Həqiqətən də, “Fərda”nın şirniyyatlarının əvəzi yoxdur. Hələ çörəyini demirəm. Buradan həmişə şirniyyat və çörək alıram. Aparıb mətbəxə qoyan kimi onların bir-birindən gözəl ətri ətrafa yayılır. Qablaşdırmaları isə daha nəfisdir. Əvvəllər şirniyyatları polietilen torbalara yığırdılar, evə çatanadək əzilib, ovulurdu. Elə indi də bəzi yerlərdə belədir. Lakin burada şirniyyatlar qutuya yığıldığına görə əzilmir və itkiyə getmir.
Bu gün muxtar respublikamızda sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır, müəssisələrin təminatı üçün hərtərəfli şərait yaradılır. “Fərda” Şirniyyat İstehsalı Müəssisəsi də bu şəraitdən səmərəli istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurur.
Mətanət MƏMMƏDOVA