Davamlı dinamik inkişaf iqtisadi siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan səmərəli kreditləşmə mexanizminin təmin edilməsi istehsal və xidmət sahələrinin inkişafı, daimi məşğulluq və əhali gəlirlərinin artırılması kimi məqsədlərə xidmət edir. İqtisadi inkişaf və rifah üçün olduqca vacib olan kreditləşmə zamanı əsas şərtlərdən biri də kreditlərin sərfəli olmasıdır.
Faiz dərəcələrinin istehlakçılar üçün optimal səviyyədə olması kreditlərin əlçatanlılığını artıran əsas amildir. Ölkə üzrə kredit bazarının təhlilinə nəzər yetirdiyimiz zaman Mərkəzi Bankın verdiyi məlumatlarda 2018-ci il avqust ayının 1-nə kreditlər üzrə tətbiq edilən orta faiz dərəcəsinin 11,9 faiz olduğunu görərik. Muxtar respublika iqtisadiyyatının inkişafı istiqamətində aparılan uğurlu kredit siyasətinin nəticəsi olaraq banklar və bank olmayan kredit təşkilatları tərəfindən kreditlər ən aşağı faiz dərəcələri ilə təklif edilmiş və nəticə etibarilə, əldə olunan rəqəmlər ölkənin digər iqtisadi rayonlarını geridə qoymuşdur.
Belə ki, cari ilin ötən 8 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 9 faiz təşkil edib. Bu göstərici ölkə üzrə ən aşağı faiz dərəcəsidir. Belə ki, orta faiz dərəcələri Aran iqtisadi rayonunda 22,8, Dağlıq Şirvan iqtisadi rayonunda 21,6, Şəki-Zaqatala iqtisadi rayonunda 22,1, Lənkəran iqtisadi rayonunda 22,2, Quba-Xaçmaz iqtisadi rayonunda 20,9, Gəncə-Qazax iqtisadi rayonunda 19,3, Yuxarı Qarabağ iqtisadi rayonunda 24,8, Abşeron iqtisadi rayonunda 16, Bakı şəhərində isə 10,3 faizdir.
Onu da qeyd edək ki, 1 avqust 2018-ci il tarixə muxtar respublika iqtisadiyyatının inkişafına yönəldilən ümumi kredit qoyuluşu 105 milyon 685 min 600 manatdır. Təkcə 2018-ci ilin 8 ayı ərzində muxtar respublika sakinlərinə verilmiş kreditlərin həcmi isə 30 milyon 760 min 400 manat təşkil edir.
Tamerlan MƏMMƏDOV
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar
Respublikası üzrə İdarəsinin əməkdaşı