Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi 2018-ci ilin avqust ayında da uğurla davam etdirilmişdir.
“Huawei” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 15 yeni nəsil avtomat telefon stansiyasının muxtar respublikaya gətirilərək quraşdırılmasına başlanmışdır. Şərur rayonunun Gümüşlü, Şahbulaq, Şahbuz rayonunun Daylaqlı, Babək rayonunun Nəhəcir kəndlərində Kareltipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyalarla əvəz olunmuş, Şərur rayonunun İbadulla, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndlərində yeni nəsil avtomat telefon stansiyalarının montaj-tənzimləmə işləri başa çatdırılmışdır. Kəngərli rayonunun Qarabağlar kəndində əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq 448 nömrəlik yeni avtomat telefon stansiyasının quraşdırılaraq Qıvraq mərkəzi avtomat telefon stansiyasına qoşulması təmin edilmişdir.
Mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 163 yeni telefon nömrəsi istismara verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 15 min 200 metr fiber-optik kabel xətti çəkilmişdir. Bu dövrdə genişzolaqlı ADSL texnologiyası vasitəsilə 754 yeni abunəçi internetlə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti