Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə yeni siyasi və iqtisadi şəraitə uyğun olan qanunvericilik və normativ-hüquqi baza yaradıldı, genişmiqyaslı islahatlar aparıldı. Qısa müddət ərzində bütün sahələrlə yanaşı, dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər öz həllini tapdı. Ölkəmizdə tamamilə yeni maliyyə nəzarəti strukturu, Azərbaycan Respublikasının Hesablama Palatası yaradıldı.1999-cu ildə Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 2001-ci ildə Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətə başlaması ilə kənar dövlət maliyyə nəzarəti sisteminin təməli qoyulmuş və respublikada səmərəli maliyyə nəzarəti sisteminin təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008 və 2010-cu illərdə “Hesablama Palatası” haqqında Qanuna dəyişiklik və əlavələr edilməsi haqqında qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunun gücləndirilməsində mühüm əhəmiyyətə malik olmuşdur.
Naxçıvan Muxtar Respublikasında da bütün sahələrlə yanaşı, dövlət maliyyə nəzarəti sisteminə də diqqət və qayğı göstərilir. 2005-ci ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının büdcəsinə nəzarət istiqaməti üzrə Azərbaycan Respublikası Hesablama Palatasının Auditorunun fəaliyyətinin təminatı sektoru fəaliyyətə başlamış, 2007-ci ilin may ayından isə Azərbaycan Respublikası Hesablama Palatasının Auditorunun fəaliyyət istiqaməti üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət büdcəsinə nəzarət şöbəsi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində 2008-ci il sentyabrın 19-da Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi yaradılmış, idarə lazımi iş şəraiti ilə təmin olunmuşdur.
“Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi haqqında” Əsasnamə təsdiq edilmiş, idarənin fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir. Əsasnaməyə əsasən Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi muxtar respublikada dövlət büdcə-maliyyə nəzarətini həyata keçirir. Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi büdcə vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin qanunla təsdiq edilmiş göstəricilərə uyğunluğunu təhlil edir. Hüquqi şəxslərə dövlət və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
İdarənin həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə intizamının gücləndirilməsi və hesabatlılığın artırılmasıdır. Fəaliyyəti dövründə idarə tərəfindən müəssisə və təşkilatlara ayrılan büdcə vəsaitlərinin istifadəsinin, illik maliyyə hesabatlarının dürüstlüyünün və mühasibat uçotunun aparılmasının normativ sənədlərə uyğunluğunun auditi aparılmışdır. İdarə tərəfindən ildən-ilə həyata keçirilən büdcə-maliyyə nəzarəti tədbirlərinin sayının artması ilə yanaşı, əhatə dairəsi də genişləndirilmişdir.
Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 10 il ərzində 80 müəssisə və təşkilatda audit tədbirləri həyata keçirilmiş, 87 müəssisə və təşkilat üzrə maliyyə hesabatlarının təhlili aparılmış, təhlillərin nəticələrinə dair rəylər hazırlanmışdır.
İdarə əməkdaşlarının fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, medal və fəxri adlarla təltif edilmişlər.
Dövlət qayğısını daim üzərlərində hiss edən Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində səylə çalışacaqdır.
“Şərq qapısı”