Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2018-ci ilin avqust ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin standartlar səviyyəsinə uyğunluğunu diqqətdə saxlamışdır. Bu dövrdə məhsulların 237 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilmiş və sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olmuş 39 müraciət operativ icra olunmuşdur.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 112 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 235 halda laboratoriya analizləri aparılmış və texniki normativ-hüquqi aktların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin icrası çərçivəsində məhsulların 9 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılmış, 12 anbardan, 23 bostandan və 11 satış obyektindən götürülmüş məhsulların 91 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” üzrə muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının, arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların sertifikatlaşdırılması tədbirinin icrası istiqamətində aidiyyəti təşkilatların nümayəndələri ilə birlikdə Ordubad rayonunun Sabirkənd kəndində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirici görüş keçirilmişdir.
Əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə avqust ayında 34 təsərrüfat subyektində 78 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılmışdır.
Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 2 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 13 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 14 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılmışdır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 80 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılmış, 10 ticarət obyektində satışda olan 15 mətbəx qaz pilətəsinin təhlükəsizlik sistemi olmadığı aşkarlanmış və satışdan çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mətbuat xidməti