23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr ­tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və 2018-ci il 5 may tarixdə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Pro­qramı” ölkəmizdə üzümçülüklə bağlı aqrar siyasətin və strategiyanın inkişafına xidmət edəcək mühüm dövlət sənədləridir.

Azərbaycanda üzüm becərilən bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasıdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda bölgədə üzüm istehsalının 20 min tona çatdırılması bir vəzifə olaraq qarşıya qoyulub. Hazırda həmin dövlət proqramları ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Muxtar respublika ərazisində müasir dövrdə əkinəyararlı münbit torpaqlardan məqsədyönlü istifadə olunması, yeni yaradılan müvafiq tikintilərin, istehsal müəssisələrinin istifadə olunmayan sahələrində, şorakət ərazilərdə salınması mühüm problemlərdən biridir.

Bölgədə əkinəyararsız sahələrin əkin dövriyyəsinə daxil edilməsi, istifadə olunmayan boş qalmış sahələrdə, təpəliklərdə yaşıllıq zolaqlarının salınması, ağacların əkilməsi və nəhayət, üzüm plantasiyalarının yaradılması tədqir­ə­layiqdir. Xüsusilə Neh­­rəm kəndi inzibati ərazisinin şərq hissəsində indiyə qədər istifadəsiz qalan təpəliklərin şumlanaraq əkinəyararlı hala gətirilməsi nəticəsində 150 hektardan çox müasirtipli üzüm plantasiyalarının salınması müvafiq dövlət proqramlarının icrasında mühüm tədbirlərdən biridir. Yeni salınan üzüm plantasiyasında daha çox xaricdən gətirilən və filloksera zərərvericisinə dözümlü olan Amerika üzüm növünə calaq edilmiş süfrə istiqamətli üzüm sortları əkilib. Üzümlükdə tənəklərin damcı üsulu ilə suvarılması şəbəkəsi yaradılıb və avtomatlaşdırılıb. Tənəklərə ştamplı birtərəfli və ikitərəfli kordon forması verilib. Tənəklərin qış fəsli şaxtalardan qorunması üçün üzüm bağlarında lazım olan anda işə düşə bilən tüstüverən aparatlar quraşdırılıb. Ərazidə təzə üzüm məhsulunun və ondan istehsal olunan qurudulmuş məhsulun uzun müddət saxlanılması üçün saxlama kameraları da mövcuddur. Üzüm bağlarında ancaq kişmişi və süfrə sortları əkilib. Hazırda üzüm plantasiyasının 70 faizdən çoxu məhsul verir. Tənəklərdə bol məhsul vardır. Üzüm bağında daha çox əkilən Amerika sortu Red Qlob və Viktoriya sortlarıdır. Həmin sortların salxımları çox iridir, çəkisi 750-1500 qram olur. Gilələri çəhrayı rənglidir, şəkərliliyi 14-15 faizdir. Məhsuldar sortdur. Süfrə istiqamətli Viktoriya sortu isə Rumıniya sortu olub hibrid mənşəlidir, kardinal və qaraburnu sortlarının hibridləşdirilməsindən alınıb. Salxımları çox iridir, kütləsi 100-1500 qramdır. Gilələri ağımtıl­-sarı rənglidir, şəkərliliyi 15-16 ­faizdir. Hər iki sort çox gözəl əmtəə görünüşünə malikdir və Naxçıvan şəraitində sentyabr ayının əvvəllərində tam yetişir.
Qeyd edək ki, yeni salınan üzüm plantasiyasından toplanılan məhsul muxtar respublika əhalisinin süfrə üzümü və ondan alınan digər məhsullarla dolğun təmin olunmasında mühüm rol oynayır. Belə məhsuldar­lıq muxtar respublikadan üzüm ixracına da şərait yaradacaqdır.
Ancaq arzu edərdik ki, yeni üzümlüklərin salınmasında və genişləndirilməsində bölgədə mövcud olan, müxtəlif vaxtlarda yetişən 150-dən artıq yerli üzüm sortundan daha geniş istifadə olunsun. Çünki tarixən Naxçıvan əhalisi üzümlə qidalanmada fizioloji cəhətdən daha çox yerli məhsulların qəbul edilməsinə uyğunlaşıb.

Varis QULİYEV
aqrar elmlər üzrə elmlər doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR