23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi avqust ayında aqrar sahənin inkişafına dair qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası və nazirliyin iş planına uyğun fəaliyyətini davam etdirib.
Cari ilin məhsulu üçün muxtar respublikada aparılmış təkrar əkinlərə aqrotexniki qaydada qulluq edilməsi, tərəvəz, bostan sahələrində, meyvə və üzüm bağlarında məhsulun yığılması, bazar və yarmarkalarda satışının həyata keçirilməsi, satışdan artıq qalan məhsulların soyuducu anbarlara verilməsi barədə torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüşlər keçirilib, biçindən sonra taxıl zəmilərində küləşin yandırılmasının qarşısının alınması istiqamətində müşavirələr olub.
Babək rayonunun Nehrəm və Zeynəddin kəndlərində payızlıq taxıl əkinlərinə hazırlıqla bağlı torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlərdə növbəli əkin qaydalarına əməl olunması, əkin sahələrinin düzgün seçilməsi, əkindən öncə torpağın analizə verilərək çatışmayan mikroelement­lərin üzvi və mineral gübrələrlə təmin olunması barədə söhbətlər aparılıb.
Nazirliyin mütəxəssisləri tərəfindən muxtar respublikanın rayonlarında bütün növ əkin sahələrində bitkilərin zərərvericilərlə və xəstəliklərlə sirayətlənməsini müəyyənləşdirmək məqsədilə müşahidələr aparılıb, zərurət yaranan yerlərdə kompleks mübarizə tədbirlərinin təşkili işlərində hüquqi və fiziki şəxslərə əməli köməkliklər göstərilib. Culfa rayonunun inzibati ərazisində mövcud olan yaşıllıq zolaqlarında, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus püstə bağında bitkilərə sirayətlənmiş ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb. Babək rayonunda “Şor nav” deyilən ərazidə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə məxsus əkin sahələrinə baxış keçirilərək becərmə tədbirlərinə dair tövsiyələr verilib. Ay ərzində 11 torpaq mülkiyyətçisinin müraciəti əsas götürülərək onlar nazirliyin əməkdaşları tərəfindən torpaq strukturuna uyğun olaraq təkrar əkinlərin həyata keçirilməsi ilə bağlı məlumatlandırılıblar. 4 hektar meyvə bağı, 8 hektar üzümlük, 6 hektar üzüm tingliyi, 3 hektar səbzə-tərəvəz sahələrində zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, həmçinin becərilmədə nəzərdə tutulan kompleks aqrotexniki tədbirlər haqqında sahibkarlara tövsiyələr verilib.

Nazirliyin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri toxumçuluq təsərrüfatlarında olub, yazlıq və payızlıq taxıl əkinlərindən tədarük edilmiş toxumların laboratoriya analizlərindən keçirilərək sertifikatlaşdırılması, əkinlərin becərilməsində aqrotexniki qaydalara əməl olunması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması qaydalarını sahibkarlara izah ediblər.
“Araz” Elm-İstehsalat Birliyinin təcrübə sahəsində biçin aparılıb, istehsal olunmuş məhsul döyücü aparatdan sortlar üzrə keçirilib və təcrübənin nəticələri dəqiqləşdirilir. Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Xok kəndlərində torpaq-tədqiqat işləri aparılıb, qarışıq torpaq nümunələri götürülərək analiz edilib. Həmin torpaqların qida maddələri ilə təmin olunma dərəcələri müəyyənləşdirilərək kartoqramları hazırlanıb.
Nazirliyin mütəxəssisləri Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı yaylaqlarda heyvandarlıq təsərrüfatı ilə məşğul olan sahibkarların iştirakı ilə “Yay otlaqlarında heyvanlara zootexniki qaydalara uyğun qulluq edilməsi”, “Baytarlıq tədbirlərinin vaxtında aparılması”, “Yaylaqlardan səmərəli istifadə edilməsi” və “Yovşan bitkisinin əhəmiyyəti” mövzularında müşavirələr keçiriblər. “Sürülərin yay otlaqlarında saxlanması” adlı buklet sahibkarlara paylanılıb.


Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR