Əhalinin etibarlı ərzaq təminatında anbar təsərrüfatının mühüm rolu vardır. Soyuducu anbarlar əhalinin istehlakda üstünlük verdiyi yerli meyvə və tərəvəz məhsullarının ilin bütün fəsillərində münasib qiymətlərlə satışına imkan verir. Bu baxımdan muxtar respublikamızın müxtəlif yerlərində tikilib istifadəyə verilmiş soyuducu anbarlar istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ilboyu yüksək keyfiyyətlə saxlanılmasına şərait yaradır.
Soyuducu anbarlar məhsulların tədarükü vaxtı onların torpaq mülkiyyətçilərindən qarşılıqlı sərfəli qiymətlərlə alınaraq anbarlarda saxlanılması həm bazarda qiymət tənzimlənməsinə kömək edir, həm də istehsalçıların öz işini genişləndirməsinə bir stimul yaradır. Əsasən, regionda yetişdirilən meyvə-tərəvəz hesabına doldurulduğundan onlar həm də aqrar sahənin inkişafına da təsir göstərir, satış problemlərini həll edir. Muxtar respublikada ilbəil istehsal həcmi artırılan kartof, soğan, alma, armud, şaftalı, kələm, üzüm, sarımsaq kimi məhsulların istehsalı və satışı, həm də regionda məşğulluğun təmin olunmasında mühüm yer tutur. Bundan əlavə, belə anbarların muxtar respublikamızın, demək olar ki, bütün rayonlarında olması meyvə-tərəvəz məhsullarının daşıma xərclərinin, bununla da bazardakı satış qiymətlərinin də aşağı salınması üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən hazırda muxtar respublikadakı soyuducu anbarlara kifayət qədər meyvə-tərəvəz tədarük olunub. Belə ki, hazırda əksəriyyəti Naxçıvan şəhərində və muxtar respublikamızın ən iri kənd təsərrüfatı məhsulları istehsalçısı olan Şərur rayonunda, habelə Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarında yerləşən müxtəlif soyuducu anbarlarda meyvə-tərəvəzin yüksək keyfiyyətlə saxlanılması üçün müasir avadanlıqlar quraşdırılıb. Ümumi tutumu 14 min tondan artıq olan bu anbarlara 11 sentyabr 2018-ci il tarixədək 4 min 200 tondan artıq meyvə-tərəvəz tədarük olunub ki, bunun da əsas hissəsini, yəni 86 faizini ikinci çörək sayılan kartof təşkil edir. Bundan əlavə, anbarlarda əhali istehlakında mühüm yer tutan soğan, alma, kələm kimi məhsullar da tədarük olunaraq satışa göndərilib. Bəzi məhsulların tədarükü mövsüm sonunadək davam edəcəyindən yaradılacaq qış ehtiyatının da həcminin artacağı gözlənilir. Bu da önümüzdəki qış aylarında bazarlarda meyvə-tərəvəz sarıdan bolluq olacağından xəbər verir.
Əli CABBAROV