23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri sayəsində Naxçıvan şəhərində də onlarla yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, tikililərin əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin olunub. Əhalinin sosial rifah halının yaxşılaşdırılması naminə atılan bu addımlar demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib. 

Cari ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunur. Artıq təmir­-bərpa olunan binaların əksəriyyətində işlər yekunlaşıb, sakinlər rahat mənzillərində firavan həyata qovuşublar. Hazırda şəhərimizin bir neçə ünvanında yaşayış binalarının təmir-bərpası davam etdirilir.

Bu il Naxçıvan şəhərindəki Zəroş Həmzəyeva küçəsinin hüsnünə yaraşıq gətirən yeni çalarlar əlavə olunub. Küçədəki 3 nömrəli binaya da quruculuq ərməğanından pay düşüb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən təmir-bərpa işləri iyul ayının əvvəllərindən başlanıb. Obyektin iş icraçısı Samiq Abdullayevdən aldığımız məlumata görə, 4 mərtəbəli 36 mənzilli yaşayış binasının hazırda daxilində suvaq və boyama, fasad hissədə isə suvaq və üzləmə işləri aparılır. Kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, pilləkənlərə döşəmə daş vurulur, pəncərələr dəyişdirilir, dam örtüyü yenilənir. Əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub. İnşaatçılar lazım olan mal-materialla təmin olunublar.
Naxçıvan şəhərinin Nizami küçəsi də genişmiqyaslı quruculuq tədbirlərindən bəhrələnib. Cari il sentyabrın 3-dən etibarən küçədəki 38 nömrəli binada əsaslı təmir işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçılarının çalışdığı obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İş icraçısı Aqil Mirzəyevin dediyinə görə, zirzəmi ilə birlikdə 6 mərtəbəli 47 mənzilli yaşayış binasının hazırda fasad hissəsi sökülüb, bloklarda söküntü işləri davam edir.
Qeyd edək ki, muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər çoxşaxəlidir. Qayğıya ehtiyacı olan vətəndaşların mənzil və fərdi yaşayış evləri ilə təmin olunması, mövcud yaşayış binalarının təmir-bərpa edilərək və ya yenidən qurularaq sakin­lərin istifadəsinə verilməsi, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində yenilərinin tikilməsi diyarımızda insan amilinə verilən böyük önəmin ­təzahürüdür.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR