Muxtar diyarımızın şəhər, qəsəbə və kəndlərində yeni meyvə bağlarının salınması, mövcud bağlara aqrotexniki qulluq göstərilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cari ilin yaz əkini mövsümündə, ümumilikdə, kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 15 hektar üzüm, 4 hektar badam bağı olmaqla, 90 hektar sahədə meyvə bağı, 133 hektar sahədə meşə massivi, yaşıllıq zolaqları salınıb. Yaşıllaşdırma tədbirlərində 222 mindən artıq meşə və meyvə tingləri, həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilib.
Mövsüm ərzində, ümumilikdə, 155,l hektar olmaqla, 37 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 118,1 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 27 hektar sahədə yeni meyvə bağı, 10 hektar sahədə üzüm bağı salınıb, 45 min 700 müxtəlif meyvə tingi əkilib.
Xəbərlər şöbəsi