Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən payız-qış mövsümünə hazırlıq, torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün 2018-ci ilin avqust ayında da işlər davam etdirilmiş, sudan səmərəli istifadəyə nəzarət artırılmışdır. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 30 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində 25 min 655 hektar torpaq sahəsi suvarılmışdır.
Bu dövrdə 2 kilometr yeni içməli su xətti, 8 kilometr yeni suvarma xətti çəkilmiş, 4 kilometr mövcud içməli su xətti təmir-bərpa olunmuşdur. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 2 min 244 metr uzunluğunda müxtəlifdiametrli boru xətti çəkilmişdir.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində də işlər davam etdirilmişdir. Hazırda Şahbuz şəhər çirkab sutəmizləyici qurğuda avadanlıqlar quraşdırılır və ətrafda abadlıq işləri aparılır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin
mətbuat xidməti