Culfa rayon mərkəzindən 43 kilometr şimalda, Əlincəçayın sağ sahilində Zəngəzur silsiləsinin yamaclarına sığınan Qazançıya üz tutmağımızın səbəbi böyük quruculuq işlərinə “ağuşunu açan” bu kəndin dünəni və bu günü ilə tanış olmaq, tikilməkdə olan sosial obyektlərin qədim yaşayış yerinin mənzərəsinə qatacağı müasirliyi öz gözlərimizlə görmək idi. Maşınımız Ərəzin, Əbrəqunus, Bənəniyar, Saltaq, Göydərə, Əlincə kəndlərini arxada qoyub Qazançıya doğru yüksəklərə qalxdıqca bir sərinlik duyulurdu. Kəndə çatanda isə bu sərinlik daha da artdı. Bu isə təbii idi. Çünki biz dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, yaşıllıqların əhatə etdiyi bir yaşayış məntəqəsində idik. Bir saat öncə Culfa şəhərində olarkən hiss etdiyimiz istidən burada əsər-əlamət yox idi. Hündür ağacların xəfif küləkdən ahəstəcə yellənən yarpaqları dağların sərin mehinə qoşularaq qonaqlarını qarşılayırmış kimi həm də hansısa dağ çiçəyinin gözəl rahiyəsini özü ilə bərabər gətirib bizə hiss etdirməklə sanki “xoş gəlmisiniz”, – deyirdi.
Tarixin özü qədər qədim kənd
Bu qədim yaşayış yeri haqqında kiçik araşdırma apararkən məlum oldu ki, kənd muxtar respublikamızın ən qədim yaşayış məskənlərindən biridir. Ərazidə Tunc və İlk Dəmir dövrlərinin abidəsi olan Qazançı qalası, orta əsrlərə aid Qazançı körpüsü, ətrafdakı bir neçə kənd xarabalıqları, karvansara və sair abidələr bunu bir daha sübut edir. Tədqiqatlara əsasən Nadir şaha qədər burada 1000-dən artıq ailə yaşayıb. Bu faktı kəndin 1727-ci ildə Əlincə nahiyəsinə daxil olan 28 yaşayış məntəqəsi içərisində ən çox vergi (21164 axça) verməsi də təsdiqləyir.
“Qazançı” sözünün etimologiyası ilə bağlı belə bir fikir də yürüdülür ki, bu ad “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanı Salur Qazanın adı ilə bağlıdır. Ümumiyyətlə, Naxçıvandakı “qazan” köklü toponimlərin hamısı oğuz igidi Qazanın adı ilə əlaqələndirilir.
Tədqiqatçı alimlər “Qazançı” adının mənşəyini bizim eranın II əsrində Cənubi Qafqaz, o cümlədən Albaniyada yaşayan qədim türkdilli bolqar tayfaları ilə də əlaqələndirərək qeyd edirlər ki, bolqar tayfalarının ən iri qəbilələrindən biri Qazançı idi. Və alimlərimiz belə bir nəticəyə gəlirlər ki, bu adın mənşəyinin “bulqar” türk tayfa adı ilə əlaqələndirilməsi doğru fikirdir. Çünki bu ad bolqarların Kazan qolunun adı ilə bağlıdır.
Burada eramızdan əvvəl 2-1-ci minilliyin əvvəllərinə aid Qazançı qalası, IX-X əsrlərə aid yaşayış yeri, XV-XVI əsrlərə aid edilən və Azərbaycanda biraşırımlı körpülərin ən yaxşı nümunəsi olan Qazançı körpüsü, XIII-XVII və XIV-XVIII əsrlərə aid Qazançı nekropolları və adlarını çəkdiyimiz tarixi abidələrdən tapılmış nümunələr bu yaşayış məskəninin qədimliyindən, eyni zamanda Naxçıvan mədəniyyətinin zənginliyindən geniş söhbət açır.
Qədim dövrlərin bizə ərməğanı olan Qazançı körpüsü və qalası kimi onlarla bənzərsiz memarlıq nümunələrimizin rəsmlərə köçürülən şəkillərinin mənzillərimizi bəzəməsi tariximizi dəyərləndirərək hər an yaşatmaq istəyindən irəli gəlir.
Qazançı bu gün
Qazançı kəndi də digər dağ yaşayış məntəqələrimiz kimi, ilin-günün bu vədəsində əkilməli, biçilməli, yetişdirilməli, qışa tədarük görülməli bir vaxtda öz qayğıları ilə yaşayır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Aslanov söhbət zamanı dedi ki, kəndin ərazisi 4523 hektar sahədən ibarətdir. Bunun 450 hektarı şəxsi mülkiyyətdə, 320 hektarı dəmyə əkin sahələri, 130 hektarı sulu və həyətyanı sahələr, qalanı isə ümumi istifadədə olan torpaqlardır. Yerli əhali onlara mənsub olan bu torpaqlardan səmərəli istifadə edir, yuxarıda da qeyd etdiyimiz əkib-biçməklə, məhsul əldə etməklə öz yaşayışlarını qururlar.
Kəndin 752 sakini var. Onlar 224 təsərrüfatda birləşiblər. Əhali, əsasən, əkinçilik və heyvandarlıqla məşğuldur. Kənd adamları 5000-dən artıq xırdabuynuzlu, 6000 iribuynuzlu, 2500 baş quş saxlayırlar. Buranın gözəl təbiəti bal istehsalına da şərait yaradır. Niyə də yaratmasın ki? Aranda arı saxlayanlar isti günlərdə xərc çəkib arıları dağa, yaylağa qaldırdıqları halda, bu kəndin arıçıları belə qayğıdan azaddırlar. Elə 35 təsərrüfatda 800-dən artıq arı ailəsinin saxlanılması qazançılıların bu sahədən bəhrələndiklərinin göstəricisidir. Ötən il Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal” festivalına kəndin arıçıları 500 kiloqramdan artıq bal çıxarıblar. Təmiz və keyfiyyətli olduğuna görə yaxşı da mənfəət götürüblər. Təcrübəli arıçılardan biri olan Hüseyn Əliyev 70 arı ailəsi saxlayır. O, bizimlə söhbət zamanı arıçılığın sirrinin halallıqla bağlı olduğunu söylədi: “Bəziləri hansı yolla yaxşı qazanc əldə edək, – deyə düşünürlər. Arıçılıq isə halallıq istəyir. Yalnız halallıqla bu sahəni inkişaf etdirmək və yaxşı qazanca sahib olmaq mümkündür. Bu işə haram qatdınsa, heç vaxt uzun sürməz. Hökmən itirəcəksən”.
Kəndin zəhmətkeş insanları bu il 220 hektardan artıq sahədə əkin keçiriblər. Bunun 145-i buğda, 20-si arpa, 15-i noxud, 2-si lobya və kartof, 0,3-ü sarımsaq, qalanı isə digər tərəvəz və çoxillik otdur. Bundan əlavə, həyətyanı sahələrdə də bir qarış torpaq belə, boş saxlanılmayıb.
Qazançı kəndində meyvəçilik də ildən-ilə inkişaf etdirilir. “Qocalmış” ağacların “ömrü” nəzərə alınmaqla əkilən yeni tinglər kənddə alma, armud, ərik, gilənar, gilas kimi meyvə və giləmeyvə bolluğuna şərait yaradan səbəblərdəndir. Bu kənddə bütün dağ yaşayış məntəqələrimizdə olduğu kimi, cəviz ağacları çoxdur. Ötən il əhali 22 ton cəviz satıb.
İcra nümayəndəsi kəndin torpağa tər verib, əvəzində zər, ruzi alan əhalisi haqqında maraqlı bir fikri də vurğuladı: Bu kəndin əhalisi nə isə almaq üçün kənara getmir. Buradaca bir-birinə pendir, şor-kərə, yumurta, tərəvəz satır. Yəni kimdə nə yoxdursa, onu qonşusundan, həmkəndlisindən alır.
Qədim yurda müasir töhfələr
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə başladığı quruculuq siyasəti illərdir ki, muxtar respublikamızda sürətlə, həm də keyfiyyət amili əsas götürülərək həyata keçirilir. Qədim diyarımızda quruculuq prosesinin ucqar dağlıq ərazilərimizdə yerləşən kəndlərimizi daha çox əhatə etməsi isə burada yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına, onların rifah halının yüksəldilməsinə, bir sözlə, insan amilinə verilən dəyərdir. Ucqar Qazançı kəndində başlanan və uğurla həyata keçirilən quruculuq işləri də burada yaşayan yüzlərlə insanın rahatlığı, sosial qayğılardan azad olunması üçün nəzərdə tutulub.
Kəndin mərkəzindəki canlanmadan adam qürur hissi duyur. Məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzlərinin inşası Qazançını böyük tikinti meydançasına çevirib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən həyata keçirilən işlər barədə məlumatlanmaq istəyərkən iş icraçısı Babalı Hüseynov söhbətə kəndin sosial mənzərəsində xüsusi yeri olan məktəb binasından başladı. Məlum oldu ki, 216 şagird yerlik nəzərdə tutulmuş məktəb binası 3 mərtəbədən ibarətdir. Binada tikinti işləri başa çatdırılıb, hazırda qapı və pəncərələr salınır. Məktəbdə 3 laboratoriya, 2 elektron lövhəli, 1 şahmat sinfi, kitabxana, idman zalı və hərbi kabinənin yaradılması nəzərdə tutulub. Məktəb binasından kənarda tikilən yardımçı binada isə bufet, qazanxana və sanitar qovşaq yerləşəcəkdir. Söhbətimizə icra nümayəndəsi də qoşulub başa çatmış tədris ili ilə bağlı maraqlı bir məlumatı bildirərək dedi ki, məktəbin 7 məzununun hamısı ali məktəblərə qəbul olunub. Onlardan bir nəfəri – Ləman Aslanova 500-dən artıq bal toplayıb. Heç şübhəsiz, belə yaraşıqlı, müasir binaya və maddi-texniki təchizata malik olacaq kənd məktəbinin pedaqoji kollektivi daha böyük təhsil göstəricilərinə nail olmaq kimi mühüm vəzifənin öhdəsindən layiqincə gələcək.
İş icraçısı ilə söhbətimizin davamında o, digər tikili – kənd mərkəzi ilə həkim ambulatoriyası haqqında danışaraq dedi ki, onlar ayrı-ayrı girişləri olan bir binada fəaliyyət göstərəcəkdir. Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası, bələdiyyə, kitabxana, mədəniyyət evi üçün otaqlar istifadəyə veriləcəkdir. Həkim ambulatoriyasında isə kənd sakinlərinə hərtərəfli tibbi xidmət üçün stomatoloq, ginekoloq, müayinə, manipulyasiya, pediatr, peyvənd otaqları, əczaxana fəaliyyət göstərəcəkdir. Tikinti, ümumilikdə, başa çatdırılıb, burada son tamamlama işləri görülür.
Ərzaq, təsərrüfat malları və ət satışı mağazalarının, gözəllik salonunun və bərbərxananın fəaliyyət göstərəcəyi xidmət mərkəzində də tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda inşaatçılar binaya vurulan dam örtüyünü tamamlamağa çalışırlar.
Orta əsrlərdə Əlincəçay üzərində inşa edilən Qazançı körpüsü Şərq memarlıq üslubunun bənzərsiz nümunələrindəndir. Körpü yonulub hamarlanmış daş parçalarından tikilib. Kəndin quruculuq salnaməsini yaradan yeni tikililərlə yanaşı, tarixi memarlıq abidəsi olan Qazançı körpüsü, eyni zamanda körpüyə gedən yol da bərpa edilir. Bu isə muxtar respublikamızda uzun illərdən bəri tarixi abidələrə göstərilən diqqət və qayğının davamıdır.
Görülən işlər kənd sakinlərinin böyük sevincinə səbəb olub. Tikinti meydançasının yanında söhbətləşdiyimiz kənd məktəbinin hərbi rəhbəri Arzu Qurbanov, həkim ambulatoriyasının baş həkimi Cəmil Əliyev, kəndin 80 yaşlı sakini Zeyqəm Hüseynov və gənc nəslin nümayəndəsi Əbülfəz Quliyev kəndlərində həyata keçirilən quruculuq işləri üçün bütün sakinlər adından minnətdarlıq etdilər. Qədim tarixə malik kəndlərinin belə müasir növrağının onların yurd yerlərinə sevgilərini artırdığını söylədilər. Hər hansı bir işlə bağlı 43 kilometr qət edib rayon mərkəzinə getdiklərini bildirdilər. Yeni obyektlərin tikintisi, burada əhaliyə göstəriləcək xidmətlərlə bu problemlərə son qoyulacağını, sözün həqiqi mənasında, sevinclə vurğuladılar. Muxtar respublikamızda insanların yaxşı yaşayışı, onların rahatlığı üçün görülən işlərə görə dövlətimizə minnətdarlıqlarını ifadə etdilər.
Bizi çox səmimi qarşılayıb mehribancasına yola salan Qazançı sakinlərinin: “Kəndimizə gəlişiniz axırıncı yox, axarıncı olsun”, – söyləmələri bu qədim yaşayış məntəqəsi sakinlərinin yüksək qonaqpərvərliyə malik olduqlarını açıqca göstərir. Elə biz də günbəgün abadlaşıb müasirləşən bu kənddən daha axar-baxarlı, xoş büsatlı günlərdə yenidən görüşmək ümidi ilə ayrılırıq.
Mətanət MƏMMƏDOVA