Dövlətimiz tərəfindən aqrar sahədə həyata keçirilən tədbirlər kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən taxılçılığın inkişafına hərtərəfli şərait yaradıb. Taxılçılığa strateji əhəmiyyətli sahə kimi yanaşılmasının nəticəsidir ki, məhsul istehsalında artan temp müşahidə edilir, taxıl əkini sahələri ilbəil genişləndirilir. Bu cəhətdən cari il də istisna deyil.
Məlumat üçün bildirək ki, ötən ilin payızında və cari ilin yazında 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb, bunun da 32 min 483 hektarını taxıl zəmiləri təşkil edib. Taxıl əkini sahələrinin 22 min 632 hektarında buğda, 9 min 851 hektarında isə arpa əkilib. Əkin sahəsinin 10 min 526 hektarı Babək rayonunun payına düşüb və əldə olunan məhsul 33 min 275 ton təşkil edib.
Taxılçılığın inkişafında rayonun Cəhri kəndinin sakinləri də fəallıq göstərirlər. Cəhri muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir. Kənd əhalisinin başlıca məşğuliyyət sahələri içərisində taxılçılıq da xüsusi yer tutur.
Bu günlərdə həmin kəndə getdik. Uzun illər taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçisi Sənan Novruzovla həmsöhbət olduq. O bildirdi ki, sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb. Bununla da o, 225 hektar əkin sahəsindən bol məhsul əldə edib. Bunun 135 hektarı icarəyə götürülmüş dəmyə sahə olub. O həm də 90 hektar suvarılan sahədə taxıl əkinini həyata keçirib. Bunun 210,1 hektarını buğda, 14,9 hektarını arpa təşkil edib.
Həmsöhbətim vurğuladı ki, 18 ildir, taxılçılıqla məşğuldur. Taxıl qayğı istəyən bir sahədir. Əkiləcək sahəyə toxum səpməklə və ya zəmini suvarmaqla iş bitmir. Gərək əkilən sahəni lazımi mineral gübrələrlə təchiz edəsən, ziyanvericilərə qarşı mübarizə tədbirləri görəsən, bir sözlə, bütün işləri vaxtlı-vaxtında yerinə yetirəsən. Onu da deyim ki, torpağa göstərilən qayğı, çəkilən zəhmət heç vaxt yerdə qalmır. Mən bunu neçə illərdir ki, öz fəaliyyətimdə görmüşəm. Bu il də tədarük etdiyim taxıldan payızlıq əkin üçün toxumluq götürmüşəm. Çalışıram ki, payızlıq əkin kampaniyasını vaxtında başa çatdırım. Hazırda şum qaldırılması ilə məşğuluq. 250-300 hektara yaxın sahədə taxıl əkini nəzərdə tutulub. Torpağın artıq 20-30 hektar sahəsinin şumlanma işi başa çatıb.
Müsahibim təsərrüfat işlərində 1 “Sampo 2035” markalı kombayn, 1 “Belarus 1221” traktorundan istifadə edib. Həmin texnikaları güzəştli kredit hesabına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən alıb.
Sənan Novruzov onu da bildirdi ki, dövlətimiz tərəfindən hər il güzəştli qiymətlərlə mineral gübrələr, əkilən sahələrdə ziyanvericilərin qarşısını almaq üçün dərman vasitələri, məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların verilməsi taxılçılığın inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Bütün bunların nəticəsində becərmə işlərinin səmərəsi daha da artır, məhsuldarlıq getdikcə yüksəlir.
Müsahibim deyir ki, sahibkarlığın inkişafına göstərilən diqqətin nəticəsində Cəhri kəndində müxtəlif istehsal müəssisələri və xidmət sahələri fəaliyyət göstərir. Eyni zamanda kənddəki “Ruzi” adlı un dəyirmanının sahibi olan Sənan Novruzov müəssisənin 2000-ci ildə yaradıldığını dedi. Bir gündə 3 ton buğda üyüdülən müəssisədə bütün işlər mexanikləşdirilib, 6 nəfər işlə təmin olunub. Ötən illərdə dəyirmanın istehsal sahəsi genişləndirilib və çörəkbişirmə sahəsi fəaliyyətə başlayıb.
Onu da öyrəndik ki, kənddə fəaliyyət göstərən dəyirmana təkcə Cəhri kəndindən deyil, qonşu yaşayış məntəqələrindən də taxıl üyütmək üçün məhsul gətirilir. Müəssisədə un və kəpək hazırlanır. Burada bişirilən çörək Cəhri kənd sakinləri ilə yanaşı, rayonun Nəzərabad, Didivar, Vayxır, Gülşənabad, Payız, Buzqov və digər kəndlərinə də göndərilir.
Məlumat üçün onu da bildirək ki, Sənan Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Güntac ŞAHMƏMMƏDLİ