23 Dekabr 2024, Bazar ertəsi

Bu gün muxtar respublikamız öz istehsal imkanlarını daha da artır­maqda, dünyanın 65-ə yaxın ölkəsi ilə ticarət əlaqələrini inkişaf etdirməkdədir. Məhz bu proseslərdə Naxçıvan məhsullarının əhatəsini genişləndirən istehsalın həcminin xüsusi yeri vardır. Onu da qeyd edək ki, diyarımızda təmin edilmiş sağlam iqtisadi mühit sahibkarlıq təşəbbüslərini artırmaqdadır. Artıq bu gün muxtar respublikada güclü sahibkarlıq təbəqəsi formalaşıb. 

 Yeni istehsal müəssisələrinin yaradılması və əmək ehtiyatlarından düzgün istifadə edilməsi nəticəsində muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bunun 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Həmin məhsulların bəziləri bu gün həm xarici ölkələrə ixrac olunur, həm də ölkəmizin digər bölgələrində satışı təşkil edilir.

Çox sevindiricidir ki, artıq bu məhsullar ölkəmizin paytaxt Bakı şəhərində də özünə xeyli alıcı qüvvəsi tapıb. Naxçıvan məhsulları hər bir paytaxt sakini üçün qiymətli nemətə çevrilib və bu, əmtəələrin bazardakı mövqeyinin güclənməsinin göstəricisidir. Meyvə və tərəvəz, heyvandarlıq, ərzaq məhsullarının, mineral suların, bir sözlə, gündəlik tələbatımızı dolğun ödəyəcək əmtəə­lərin satışı tələb və təklif arasındakı müvazinətin qorunmasında da mühüm təsirə malikdir.
2017-ci ilin sentyabr ayında Bakı şəhərində Naxçıvan məhsullarının satışı üzrə mağaza fəaliyyətə başlayıb. Mağazada 30-dan artıq çeşid alıcıya təklif olunur.
“Naxçıvan məhsulları” mağazasında diyarımızda istehsal edilən təbii ot çayları, quru meyvələr, qovurma, “Sirab”, “Badamlı”, “Çınqıllı” kimi mineral sular, duz, pendir, mürəbbələr, müxtəlif ət və balıq məhsulları, çobanyastığı, solmazçiçək, səhləb, eləcə də digər məhsullar özünə yer alıb. Ekoloji cəhətdən təmiz olan bu məhsullar öz keyfiyyəti ilə müştərilərin rəğbətini qazanıb.
Babək rayonunun Nehrəm kəndindəki 143 hektarlıq üzüm bağından bu il ilk dəfə olaraq yığılan məhsulun Naxçıvan bazarları ilə yanaşı, yaxın günlərdə paytaxt Bakı şəhəri və ölkənin digər bölgələrinə də göndərilməsi nəzərdə tutulur.
Təbii ki, bu, ərzaq təhlükəsizliyinin, iqtisadi tarazlığın, sosial dayanıqlığın, bir sözlə, milli iqtisadiyyatın perspektivləri baxımından olduqca zəruri amildir. Satılan məhsulların keyfiyyətinə zəmanət var, ekoloji təmizdir.
Alıcıların həmin mağazada satılan məhsullar haqqında informasiya almaları məqsədilə ticarət obyekti haqqında xüsusi paketlər buraxılıb. Bununla bağlı fəaliyyət göstərən sayt vasitəsilə ölkə daxilində, hətta xarici ölkələrdə də bu məhsullarla onlayn tanış olmaq mümkündür.
Qeyd edək ki, bu il Gəncə şəhərində də Naxçıvanda istehsal olunan məhsulların satış mərkəzi açılıb. Burada müxtəlif meyvələrdən hazır­lanan şərablar, cürbəcür şirniyyat növləri, qarışıq çərəzlər, eləcə də müalicəvi əhəmiyyətli mineral sular və meyvə şirələrinin satışı həyata keçirilir. Mağazada alıcılara Naxçıvanın kоlbаsа və sоsisləri, qədim diyarın brendinə çevrilən duzu, müxtəlif meyvələrdən hazırlanan mürəbbələr, bəkməz, konservləşdirilmiş ət məhsulları, baldırğan və çaşır turşuları, ətri və keyfiyyəti ilə seçilən çaylar da təklif edilir.
Bütün bunlar onu göstərir ki, muxtar respublikamızın istehsal imkanları günü-gündən genişlənir, bu sahədəki potensialı artır. Bu məhsullara olan tələbatın çoxluğu yaxın gələcəkdə ölkəmizin digər bölgələrində də mağazaların fəaliyyətə başlamasına səbəb olacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR