“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən abonentlərə göstərilən xidmət yaxşılaşdırılır, istehlakçılar fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin olunurlar.
Birliyin mətbuat xidmətindən aldığımız məlumata görə, istehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyiciləri, daşıyıcı və paylayıcı qaz kəmərləri, nəzarət-ölçü cihazları, digər texnoloji avadanlıqlar yenilənir.
Görülən işlər çərçivəsində “Modul” qazpaylayıcı stansiyasında olan ROC-407 qaz sayğacını əvəz edən Almaniya istehsalı G-650 markalı Elstertipli 2 ədəd qaz sayğacı quraşdırılıb. Onlardan 1 ədədi istismara verilməklə digəri ehtiyatda saxlanılıb. Həmin qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarət üzrə informasiya – ölçü qeydiyyat sistemi yaradılıb. Naxçıvan şəhəri üzrə dairəvi yeraltı ortatəzyiqli dy-273 millimetr olan paylayıcı qaz kəməri üzərində korroziyaya qarşı mühafizə üçün katod elektrokimyəvi mühafizə qurğusu quraşdırılıb.
Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma kursları təşkil olunub. Kursu bitirən müdavimlərə sertifikatlar verilib.
Bu dövrdə muxtar respublikada tikilən və ya yenidən qurulan binalar, müxtəlif təyinatlı obyektlərdə qazlaşdırma işləri yerinə yetirilib. Birliyin nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyası qrafik üzrə qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının kalibrlənmə işlərinin metroloji təminatını keyfiyyətli, təhlükəsiz həyata keçirib.
Muxtar respublikanın şəhər, rayon Qaz İstismar idarələrinin qəza-dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə 7 min 352 ədəd çağırış daxil olub. Çağırışlara əsasən fasiləsiz təbii qazın nəqli bərpa edilib, kənar müdaxilələrdən qorunması məqsədilə mexaniki qaz sayğacları üçün 26 min 631 ədəd mühafizə qutusu quraşdırılıb.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilir. Ümumilikdə, 17 min 151 ədəd, cari ildə isə 575 ədəd smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb.
Qaz şəbəkəsində qazın təzyiqinin texnoloji rejimə uyğun nəqlini və normal istismarını təmin etmək üçün 34 ədəd yeni, müxtəlif markalı qaztənzimləyiciləri, siyirtmələri və nəzarət-ölçü cihazları quraşdırılıb. Anbarda odorant maddəsinin ehtiyatının qaz sərfinə uyğun tələbata görə olması təmin edilib.
Xəbərlər şöbəsi