Şərur rayonunda əldə edilən nəticələr daha böyük uğurlardan xəbər verir
Tərəqqinin təməli möhkəmdir
Şərur təkcə muxtar respublikamızın deyil, ümumilikdə, ölkəmizin sayılıb-seçilən rayonlarındandır. Öz əzmkarlıqları, dövlətçiliyə sədaqət prinsiplərini əsas amala çevirmələri ilə fərqlənən şərurlular həmişə zəhmətləri ilə çətin işlərin öhdəsindən layiqincə gələ bilmişlər. Bu da maraqlı məqamdır ki, rayonun bütün iqtisadi göstəriciləri həmişə diqqətlə izlənilir. Hələ sovet dönəmində Şərur əməkçilərinin qazandığı uğurlar təqdir olunur, bölgə getdikcə şöhrətlənirdi. İndi isə, necə deyərlər, dövran dəyişib – sosializmdən bazar iqtisadiyyatının mühüm rol oynadığı başqa bir ictimai formasiyaya keçilib. Ancaq şərurluların işgüzarlığı, zəhmətsevərliyi dəyişməyib. Məhz buna görədir ki, 2012-ci ili və bu ilin ötən dövrünü uğurla başa vuran rayonlar içərisində Şərurun adı ön sıralardadır.
Şərurun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlara diqqət yetirsək, ilk növbədə, görəcəyik ki, bu tərəqqinin möhkəm təməli ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində Şərur iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başlamışdır. Həmin dövrdə geniş üzüm plantasiyaları və meyvə bağları salınmış, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv zavodu, həmçinin yağ-pendir, dəmir-beton konstruksiyaları, asfalt zavodları istifadəyə verilmişdir. Ümumilikdə, o illərdə Şərurda fəaliyyətə başlayan iyirmidən artıq istehsal müəssisəsi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə tikilmişdir. Ötən əsrin 70-ci illərinin ortalarında Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.
Əhalinin həyat səviyyəsi kifayət qədər yaxşılaşmış, kəndlər öz simasını tamamilə dəyişmiş, rayonun bütün yaşayış məntəqələrində o dövr üçün müasir olan yüzlərlə ev tikilmişdir. Onlarla inzibati bina, yenitipli məktəb binası, uşaq bağçası, mədəniyyət, səhiyyə ocaqları və digər sosial obyektlər inşa olunmuş, yollar çəkilmiş, körpülər salınmışdır.
Respublika rəhbərinin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, sovet dönəmində Şərurda hər il yüz min tondan çox üzüm, xeyli taxıl, tütün, meyvə-tərəvəz məhsulları istehsal olunurdu. Şərurda tərəqqinin möhkəm təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Odur ki, “Heydər Əliyev ili”ndə bütün bunları bir daha qısaca xatırlatmağı özümə borc bildim.
Həqiqət faktdan doğur
Bu yazı üzərində işləyərkən mümkün qədər rəqəmlərdən, fakt və göstəricilərdən qaçmağa çalışdım. Amma… mümkün olmadı. Əvvəla ona görə ki, əsaslı və sürətli inkişafdan, rayonun ümumi irəliləyişindən xəbər verən ürəkaçan, fərəhdoğuran yeniliklər o qədərdir ki, onlardan yan keçmək ədalətsizlik olardı. İkinci bir tərəfdən, axı, həqiqət faktdan doğur. Beləliklə, iqtisadi, sosial və mədəni sahələrdə əldə edilən yüksəlişi əks etdirən yüzlərlə fakt və rəqəmlərdən yalnız bir hissəsini oxucuların nəzərinə çatdırırıq.
Götürək təkcə ötən ili. 2012-ci ildə rayonda sənaye məhsulunun həcmi 78038,8, əsas kapitala yönlədilən investisiyaların həcmi 69559, tikinti-quraşdırma işlərinin həcmi 65539,6 min manat təşkil etmişdir. Keçən il rayon üzrə 383 daimi iş yeri açılmışdır. Əsas odur ki, Şərurda heç kim uğurlardan arxayınlaşmır. Böyükdən-kiçiyə hər kəs bugünkü nailiyyəti sabahkı qələbənin rəhni sayır. Buna görədir ki, cari ilin birinci rübü də şərurlular üçün uğurlu olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 7,5, əsas kapitala yönəldilən investisiya 8,1, tikinti-quraşdırma işlərinin həcmi 7,8, pərakəndə əmtəə dövriyyəsi 17,9, əhaliyə göstərilən pullu xidmətlər 17,4 faiz artmışdır. Rayonda 2009-cu ildən bəri 2336 yeni iş yeri açılmışdır. Bunun 129-u cari ilin ilk üç ayının payına düşür.
Aqrar sahədə də göstəricilər uğurludur
Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən, yaxşısı budur ki, bir az da bu sahədən danışaq. 2012-ci ildə 1766 torpaq mülkiyyətçisinə buğda istehsalının stimullaşdırılması məqsədilə 7425 hektar əkin sahəsinə görə 297 min manat məbləğində pul vəsaiti, 1145 ton mineral gübrə verilmişdir. Bütün bunların nəticəsidir ki, zəmilərdən 28 min 230 ton taxıl toplanmışdır. Digər sahələrdə də yüksək nailiyyətlər qazanılmışdır. 9774 ton kartof, 19 min 454 ton tərəvəz, 2125 ton dən qarğıdalı, 76,3 ton günəbaxan, 1510 ton paxlalı bitki, 17 min 971 ton meyvə, 1401 ton üzüm, 5218,2 ton bostan məhsulları istehsal olunmuşdur. Bütövlükdə, ötən il 100 milyon 974,6 min manatlıq bitkiçilik və heyvandarlıq məhsulları hasilə gətirilmişdir.
Kənd təsərrüfatı məhsullarının sərbəst satışına əlverişli şərait yaradılması bu sahəyə marağı daha da artırmışdır. Şərurlu məhsul istehsalçıları Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında fəal iştirak etmişlər. Yarmarkalarda 10 min tondan çox müxtəlif növ məhsul satılmışdır. Bu ilin məhsulu üçün payızda 7425 hektar sahədə taxıl əkini keçirilmişdir ki, bunun da 7312 hektarı buğda, 113 hektarı isə arpadır. Yaz əkinləri də mütəşəkkilliklə başa çatdırılmış, 752 hektara kartof, 623 hektara qarğıdalı, 29 hektara günəbaxan, 1569 hektara tərəvəz, 488 hektara paxlalı, 471 hektara bostan və 3035 hektara yonca toxumu səpilmişdir.
Yeni obyektlər bu yerlərin bəzəyidir
Rayonun hər yerində tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Ötən il rayon mərkəzində və kənd yaşayış məntəqələrində 50-dək ünvanda tikinti-quruculuq işləri aparılmışdır. Şərur Rayon Rabitə İdarəsi binasının, Danyeri kəndində məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, məscid, Dərəkənddə məktəb, kənd və xidmət mərkəzləri, Qorçulu kəndində məktəb, kənd və xidmət mərkəzləri, Aralıq kəndində məktəb, Yuxarı Daşarx kəndində Uşaq Musiqi Məktəbi binalarının tikintisi və yaxud yenidən qurulması başa çatdırılmışdır. Bu gün də rayonun hər tərəfində qızğın iş gedir. Rayon mərkəzində yaşayış binalarının təmiri, Araz çayı boyunca sahilbərkitmə işləri, “Arpaçay-2” Su Elektrik Stansiyasının, rayon İcra Hakimiyyətinin, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Şərur Rayon Şöbəsinin inzibati binalarının, Xanlıqlar, Dəmirçi və Sərxanlı kəndlərində məktəb, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin, Şahbulaq kəndində məktəb, kənd və xidmət mərkəzlərinin, Gümüşlü kəndində kənd və xidmət mərkəzlərinin, Məmmədsabir kəndində likör, araq və limonad istehsalı sahəsinin tikintisi, rayonda içməli su və kanalizasiya xətlərinin çəkilişi, Püsyan-Xanlıqlar, Aşağı Yaycı-Şahbulaq avtomobil yollarına asfalt örtük salınması, rayon Qeydiyyat Şöbəsi üçün inzibati binanın əsaslı təmiri və digər quruculuq tədbirləri davam etdirilir.
Ümumiyyətlə, Şərurda ilin bütün fəsillərində işin ahəngi pozulmur. Özü də göründüyü kimi, aparılan quruculuq işlərinin miqyası, inkişafın və yüksəlişin dinamikası təkcə rayon mərkəzini əhatə etmir. Tikinti-abadlıq işləri bütün yaşayış məntəqələrində eyni sürətlə və keyfiyyətlə aparılır.
Şəhərdə yollar, səkilər təmir olunur, yerə naxışlı daşlar vurulur – daş xalçalar döşənir; güllər əkilir – əlvan ilmələr hörülür. Təzə obyektlərin hamısı zövqlə, fərqli layihələrlə tikilir, müasir şəhər elementləri çoxluq təşkil edir. Şair demişkən, əl işdən soyumur, ürək arzudan. “Şərurun üzü gülür”, – desək, yanılmarıq. Adamlar doğma yurdlarına bu təbəssümü bəxş edən dövlətimizdən haqlı olaraq razılıq edirlər. Axı tikinti-quruculuq işlərinin həcmi artdıqca həyat da gözəlləşir.
Əhaliyə nümunəvi xidmət göstərilir
Rayonda əhaliyə göstərilən poçt və rabitə xidmətinin səviyyəsi qənaətbəxşdir. 2013-cü ilin birinci rübündə Şərurda informasiya və rabitə xidmətlərinin həcmi 1 milyon 677,2 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Bölgənin Dərəkənd, Danyeri, Aralıq, Tumaslı, Qarxun, Qorçulu və digər kəndlərində rabitə sistemi tamamilə yenidən qurulmuşdur. Hazırda rayonda abonentlərin sayı 14 minə yaxındır.
Əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində də əsaslı tədbirlər həyata keçirilmiş, problemlər aradan qaldırılmışdır. Bütün evlərdə elektrik və qaz sayğacları quraşdırıldığından sərf olunan enerji və qaz haqları hər ay 100 faiz ödənilir.
Rayonda 58 ümumi və tam orta məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. İldən-ilə məktəblərin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılır, təhsilin səviyyəsinin yüksəldilməsinə çalışılır. Təhsil ocaqlarında 687 kompyuterdən istifadə olunur ki, onların 550-si internetə qoşulmuşdur. Şagirdlərin ixtiyarına 105 elektron lövhə verilmişdir. Ötən tədris ilində məktəbi 822 məzun bitirmiş, onlardan 598 nəfəri ali təhsil müəssisələrinə sənəd vermiş, 291 abituriyent tələbə adını qazanmışdır. Tələbə adını qazananlardan 10 nəfəri 600-dən, 7 nəfəri isə 650-dən yuxarı bal toplamışdır. Üç nəfər qəbul imtahanlarında daha yüksək nəticə göstərdiyindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Rayonda qazanılan nailiyyətlər səhiyyə sahəsini də əhatə edir. Bu gün Şərurda rayon Mərkəzi Xəstəxanası, 1 kənd sahə xəstəxanası, 28 həkim ambulatoriyası və 23 feldşer-mama məntəqəsi əhalinin xidmətindədir. Uşaqlara tibbi xidmətin səviyyəsi yüksəlmişdir. Onlar üçün vaxtlı-vaxtında elektron sağlamlıq kartı alınmış, peyvəndlər öz qaydasında aparılmışdır. Yoluxucu xəstəliklərlə mübarizə işinin gücləndirilməsinin nəticəsidir ki, belə xəstəliklər qeydə alınmamışdır.
Rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Şərurdakı 1 Mədəniyyət Sarayı, 25 mədəniyyət evi, 39 klub, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və 59 kitabxana filialı, Uşaq Kitabxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bölgənin “Yallı” ansamblları və Rza Təhmasib adına Şərur Xalq Teatrı həmişə maraqlı repertuarlarla çıxış edirlər.
Şərur növbəti prezident seçkilərinə hazırlaşır
2013-cü ilin payızında növbəti prezident seçkiləri keçiriləcəkdir. Respublikamızın hər yerində olduğu kimi, Şərurda da bütün diqqət və səylər məhz bu istiqamətə yönəldilmişdir.
Prezident seçkilərinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə təşkil olunması, azad, demokratik, şəffaf keçirilməsinin təmin edilməsi, vətəndaşların rahat səs verməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyət göstərməsi üçün 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Dairə Seçki komissiyaları üzrə seçki məntəqələri təmir olunur, lazımi avadanlıqlar alınır, fasiləsiz elektrik və dayanıqlı rabitə üçün zəruri tədbirlər görülür.
Bu yazı üzərində işləyərkən bölgənin bir çox yaşayış məntəqələrinə getdik, adamlarla görüşüb söhbət etdik. Hər yerdə də yüksək əhval-ruhiyyənin, mütəşəkkilliyin, sağlam ab-havanın şahidi olduq. Şərurlular gələcəyə böyük inamla baxırlar. Onlar əmindirlər ki, ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan XXI əsrdə daha uca zirvələrə qalxacaq. Çünki Azərbaycanın sükanı etibarlı əllərdədir.
Cəfər ƏLİYEV