Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu gün özünün dinamik inkişaf dövrünü yaşayır. İqtisadi sahədə ildən-ilə qazanılan uğurlu nəticələr hazırda muxtar respublikanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirməklə yanaşı, ümumi daxili məhsul istehsalının həcminin də artmasına müsbət təsirini göstərir.
Məlumdur ki, ümumi daxili məhsul ölkə daxilində müəyyən zaman intervalında istehsal olunan məhsul və xidmətlərin bazar dəyəridir. Bu interval il və yaxud rüblər əsasında götürülür. Eyni zamanda ümumi daxili məhsulda istehsalın həcmi ölkənin sərhədləri daxilində ölçülür. Məsələn, muxtar respublikanın hər hansı bir şirkəti, deyək ki, Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstərdiyi xidmət Türkiyənin ümumi daxili məhsulunda əks olunacaq. Ümumilikdə götürsək, ümumi daxili məhsulun həcmi parametrinə görə ölkə iqtisadiyyatının güzgüsü rolunu oynayır.
Aydın məsələdir ki, ölkə iqtisadiyyatı o zaman inkişaf etmiş və yaxud etməkdə sayılır ki, iqtisadiyyat istehsal üzərində qurulsun. İstehsal üçün isə ilk növbədə, maddi mənbələr və insan resursları lazımdır. Digər tərəfdən, bu mənbə və resursların istifadəsi üçün münbit şəraitin olması, eyni zamanda dövlətin istehsalçılar üçün yaratdığı imkanlar zəruri amillərdəndir.
Sevindirici haldır ki, ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə başladı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadi kurs və bu kurs əsasında bazar iqtisadiyyatına keçid qısa müddətdə Azərbaycanın, eləcə də muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasını təşkil etdi. Ekspertlər hər zaman ölkə iqtisadiyyatının inkişaf parametrlərinə toxunarkən müstəqillik dövründən bu günümüzədək keçilən yolu iki mərhələyə bölürlər. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi durğunluq və islahatlar dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Naxçıvan Muxtar Respublikasında da təmin olunmuş makroiqtisadi sabitlik nəticəsində son illərdə iqtisadiyyatın dinamik inkişafı təmin olunub, yaradılmış istehsal müəssisələri hesabına yerli məhsulların həcmi xeyli artıb. Bu da, öz növbəsində, muxtar respublikada ümumi daxili məhsulun həcmində özünü göstərir. Muxtar respublika iqtisadiyyatında ümumi daxili məhsul istehsalını ayrıca olaraq illər və ya rüblər üzrə götürsək, bu dinamikanı daha əyani şəkildə görə bilərik. Məsələn, ilk dəfə 2013-cü ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard manata yaxınlaşıb. Daha dəqiq desək, 2013-cü ilin yanvar-iyun aylarında ümumi daxili məhsulun həcmi 975420,6 min manat təşkil edib ki, bu da bir il öncəki müvafiq göstəricini 9,3 faiz üstələyir. Həmin dövrdə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2271,6 manat (2894,9 ABŞ dolları) səviyyəsində olub. 2014-cü ilin ilk 6 ayında isə bəhs olunan məhsulun həcmi 1 milyard 14 milyon 85 min manat təşkil edib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul aylarında isə muxtar respublikada ümumi daxili məhsulun istehsal payı 1 milyard 505 milyon 444 min 900 manata çatıb. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Eyni zamanda hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötüb.
Əvvəlki illərdə olduğu kimi, cari ilin yanvar-iyul aylarında da yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Qeyd etmək lazımdır ki, bu gün muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarının yaxşılaşdırılması yerli məhsul istehsalında önəmli rol oynamaqdadır. Təkcə bu ilin ilk 7 ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 30 milyon 760 min 400 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 3 milyon 141 min 800 manatı və yaxud 10,2 faizi qısamüddətli, 27 milyon 618 min 600 manatı və yaxud 89,8 faizi uzunmüddətli kreditlər olub. Həyata keçirilən iqtisadi tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada 382 növdə məhsul istehsal olunur. Bunun 126 növü ərzaq, 256 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Beləliklə, ümumi daxili məhsul istehsalının həcminin artması muxtar respublikada sahibkarlığın inkişafına göstərilən davamlı dövlət dəstəyinin əyani göstəricisidir.
Səbuhi HƏSƏNOV