23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada həyata keçirilən uğurlu siyasət müasir nəqliyyat sisteminin qurulmasını və inkişafını təmin etmişdir. Ötən dövrdə nəqliyyat sektorunun dinamik inkişafını sürətləndirən və müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində dövlət dəstəyi nəticəsində muxtar respublikanın yol infrastrukturu yenilənmiş, yeni yollar salınmış, körpülər tikilmiş, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmışdır.
Belə ki, muxtar respublikanın blokada şəraitindən çıxaraq qonşu ölkələrlə xarici ticarət əlaqələrinin genişləndirilməsində, İpək Yolunun bir hissəsi olan beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulmuşdur. Bundan əlavə, ötən dövr ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan­-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilmişdir.

Həmçinin Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-­Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulmuşdur. Son on ildə muxtar respublikada 1305 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 51 körpü tikilmiş, 17 körpü isə əsaslı təmir olunmuşdur.
Əhaliyə nəqliyyat xidmətinin göstərilməsi və nəqliyyat sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni avtobuslar alınaraq muxtar respublikaya gətirilmiş, rayon mərkəzlərinə və bütün kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilmişdir. Həmçinin ötən dövrdə müasir avtobus parkı istifadəyə verilmiş, Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri inşa olunmuş, sərnişin daşınması istiqamətində mühüm yenilik kimi İran ərazisindən keçməklə Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlamışdır.
Muxtar respublikada nəqliyyatın mühüm sahələrindən olan hava nəqliyyatının inkişafı istiqamətində də ötən dövrdə kompleks tədbirlər həyata keçirilmiş, yeni aero­vağzal kompleksi tikilib istifadəyə verilmişdir. Naxçıvan Beynəlxalq Hava Limanında yeni inzibati bina inşa olunmuş, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır.
Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində karqo terminalı yenidən qurulmuş, maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılmışdır. Bundan əlavə, ötən dövrdə Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir.
Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilmiş, infrastruktur yenidən qurulmuşdur. Belə ki, son dövrdə Naxçıvan, Şərur, Culfa, Şahtaxtı sərnişin vağzalı binalarında, Naxçıvan, Vəlidağ, Nehrəm, Dəstə, Dərəşam, Culfa, Qıvraq, Şahtaxtı stansiyalarının idarəetmə mərkəzlərində və digər inzibati və yardımçı binalarda əsaslı təmir işləri aparılmışdır.
Həmçinin Culfa stansiyasında Yük və Sərnişin ­Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radiorabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmiş, dəmir yolu keçidləri yenidən qurulmuş, yeni dəmir yolu keçidi salınmışdır.
Ötən dövrdə qonşu ölkələrlə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlamış, 3 ədəd yeni sərnişin vaqonu alınaraq muxtar respublikaya gətirilmişdir.
2018-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunun bütün sahələri üzrə 7495 min ton yük, 47 milyon 693 min nəfər sərnişin daşınmışdır ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 88,7 və 98,1 faiz çoxdur.

Nəqliyyat sektorunda yük və
sərnişin daşınması

Yük və sərnişin daşınmasından, bütövlükdə, 26 milyon 904 min manat gəlir əldə olunmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 98,6 faiz çoxdur.
Cari ilin ötən dövrü ərzində müasir yol infrastrukturunun qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış və agentliyin yeni inzibati binası istifadəyə verilmiş, yeni texnikalar alınmışdır. Şərur rayonunda Xanlıqlar-Vərməziyar-Ərəbyengicə-Qarahəsənli-Çəmənli avtomobil yolu, Kəngərli rayonunun Qarabağlar kəndində avtomobil yolu yenidən qurulmuşdur.
Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması, iki asfalt-beton zavodunun quraşdırılması və 400 yerlik avtomobil parkının tikintisi davam ­etdirilmişdir.
Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunun İbadulla-Qışlaqabbas, Kosacan, Babək rayonunun Aşağı Buzqov və Yuxarı Buzqov, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Qazançı, Şahbuz rayonunun Ağbulaq kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin iyul ayında 5 yeni avtobus gətirilərək Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə təqdim olunmuşdur.
Muxtar respublikanın dəmir yolu təsərrüfatı 8 yeni sərnişin vaqonu ilə təmin olunmuş, Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad yol sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri başa çatdırılmışdır. Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri davam etdirilmişdir.
Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir nəqliyyat sisteminin inkişafı Naxçıvan Muxtar Respublikasında bundan sonra da uğurla davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR