Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur göstərilən davamlı dövlət qayğısı hesabına müasir Azərbaycan rayonuna çevrilib.
Hər il rayonun bir neçə yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri aparılır. Məktəb, səhiyyə, mədəniyyət, rabitə müəssisələri və digər təşkilatlar üçün yeni binalar tikilərək istifadəyə verilir, yollar müasir standartlara uyğun olaraq yenidən qurulur. Cari ilin ötən dövrü ərzində də rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilib. Bu isə hər bir Şərur sakininin qurub-yaratmaq əzminə yeni qüvvə verir.
Bölgənin Kosacan, İbadulla, Kərimbəyli kəndlərində kompleks quruculuq tədbirləri sürətlə davam etdirilir. Kosacan kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları 234 şagird yerlik 2 mərtəbəli məktəb binasının tikintisi ilə məşğuldurlar. Layihəyə əsasən nəzərdə tutulmuş tikinti tədbirlərinin böyük əksəriyyəti başa çatdırılıb.
Burada yaxın aylarda kənd və xidmət mərkəzlərinin binaları istifadəyə veriləcək. Həmin obyektlər üçün inşa edilən binada da əsas tikinti işləri, demək olar ki, yekunlaşdırılıb. İki mərtəbədən ibarət olacaq kənd mərkəzində poçt, ATS, kitabxana, polis və baytarlıq məntəqələri, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və klub fəaliyyət göstərəcək. Binada Yeni Azərbaycan Partiyasının ilk təşkilatı üçün də otaqlar nəzərdə tutulub. Birmərtəbəli xidmət mərkəzində isə mağazalar, ət satışı dükanı və məişət xidməti sahələri fəaliyyət göstərəcək.
Kompleks quruculuq işləri İbadulla kəndini də əhatə edib. Üç mərtəbədən ibarət olan 522 şagird yerlik məktəb binasında müəllim və şagirdlərin ixtiyarına zəngin kitabxana, laboratoriyalar, idman zalı və müəllimlər üçün otaqlar, şahmat və kompüter otaqları, elektron lövhəli siniflər veriləcəkdir.
İbadullada da kənd və xidmət mərkəzləri inşa olunur. Kənd mərkəzi sakinlərin mövcud problemlərinin həllində mühüm rol oynayacaqdır. Bərbərxananın, gözəllik salonunun, ərzaq və təsərrüfat malları mağazalarının, həmçinin ət satışı dükanının fəaliyyət göstərəcəyi xidmət mərkəzi də kənd sakinlərinə dövlət qayğısının ifadəsidir.
Kərimbəyli kənd tam orta məktəbində yenidənqurma işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları aparırlar. Üçmərtəbəli məktəb binası 270 şagird üçün nəzərdə tutulub. Bu obyektdə də işlər sürətlə və keyfiyyətlə davam etdirilir. Adıçəkilən ünvanlarda işıq, qaz, rabitə və su xətlərinin də təzələnməsi, yolların əsaslı təmiri, binaların ətrafının abadlaşdırılması və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulub.
Quruculuq tədbirləri rayon mərkəzində də həyata keçirilir. Belə ki, Şərur şəhərinin Kapitan M.Seyidov küçəsindəki 7 nömrəli 40 mənzilli yaşayış binasının əsaslı təmiri və Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi başa çatmaq üzrədir. Yaşayış binasının dam örtüyü dəyişdirilib, fasad hissə yenidən suvanıb, nəzərdə tutulmuş yerlərə cilalanmış travertin daşlar bərkidilib. Həmçinin zirzəmi və giriş hissələr, mərtəbələrarası pilləkənlər təmir olunub, məhəccərlər, kommunikasiya xətləri təzələnib, qapı və pəncərələr dəyişdirilib. Dördmərtəbəli muzey binasının isə tikintisi, suvaq işləri, kommunikasiya xətlərinin çəkilişi başa çatdırılıb. Hazırda hər iki obyektin yerləşdiyi ərazilərdə səliqə-sahman işləri aparılır.
Xəbərlər şöbəsi