Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Xüsusilə ucqar yaşayış məskənlərində daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir.
Son illərdə bu sahədə atılan əhəmiyyətli addımlardan biri də dünya təcrübəsində mühüm məşğulluq modeli kimi özünü təsdiq etmiş ailə təsərrüfatlarının yaradılmasıdır. Muxtar respublikamızda da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla bu sahənin inkişaf etdirilməsi daha çox diqqəti cəlb edir. Belə ki, ailə təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, bunun vasitəsilə də belə təsərrüfatlarda məşğul olan insanların gəlirlərinin artırılması məqsədi daşıyır.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün mühüm addımlar atılır, dövlət tərəfindən təsərrüfatçılara hərtərəfli dəstək verilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin birinci yarısında muxtar respublikada 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Bundan əlavə, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan şəhərində taraların satışı mağazası istifadəyə verilib ki, bu da yerli istehsalçıların öz məhsullarını bazara təqdim etməsində əhəmiyyətli rol oynayır.
Xəbərlər şöbəsi