23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rabitəçiləri yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər

Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sisteminin istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Ordubad rayonunda istifadəyə verilən yeni nəsil telefon stansiyaları dünya səviyyəli şirkət olan “Huawei” şirkətinin ən müasir avadanlıqları hesabına qurulmuşdur. Bu da ölkəmizin inkişafının göstəricisidir. Bu inkişafa isə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttin ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunmuşdur. Çünki ölkəmizdə iqtisadi inkişaf, sabitlik və dövlətin sosialyönümlü siyasəti olmasaydı, bu işləri həyata keçirmək də mümkün olmazdı”.
Bu inkişafı muxtar respublikamızın bütün bölgələrində və müxtəlif sahələrdə görmək olar. Elə strateji sahə sayılan rabitə sistemini götürək. Qeyd olunmalıdır ki, hazırda muxtar respublikanın əsas və alternativ magistral telekommunikasiya xətlərinin 1600 kilometri fiber-optik xətlərdir. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verib. Qlobal internet sisteminə dördtərəfli çıxışın, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin edilməsi əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsini xeyli yüksəldib. Bu istiqamətdə görülən işlər sırasında 2010-cu ildən muxtar respublika ərazisində mövcud telefon sisteminin rekonstruksiyasına başlanılmasını da xüsusi qeyd etmək lazımdır. Bu günə qədər həmin layihənin 4 mərhələsi başa çatdırılıb. Bu sahədə görülən işlərin davamı kimi, Ordubad rayonu ərazisində mövcud avtomat telefon stansiyalarının rekonstruksiyası bölgə sakinləri tərəfindən yüksək dəyərləndirilib. Yeni Rabitə Evi və 11 min 300-dən artıq nömrə tutumu olan 35 yeni nəsil telefon stansiyası qurulub, 10 qovşaq yaradılıb. Həmçinin rayonda 4-cü nəsil “Naxtel” mobil operatorunun bütün yaşayış məntəqələrini əhatə edən 16 baza stansiyası mövcuddur.

Əsas və alternativ fiber-optik kabel xətləri üzərində tam kəsintisiz telekommunikasiya əlaqələrinin təmin edilməsi üçün Şərur-­Naxçıvan və Naxçıvan-Babək-Culfa-Dəstə-Ordubad məntəqələri arasında rəqəmsal transmissiya avadanlıqları qurulub. Yeni sistem abunəçilərə telefon, videotelefon, IP televiziya, genişzolaqlı internet, qapalı virtual şəbəkələr və 23 adda əlavə servis xidmətləri göstərilməsinə imkan verib.
Bu günlərdə rabitəçilərin iş şəraiti ilə tanış olmaq üçün həmin ünvana üz tutduq. Onların abunəçilərə göstərdikləri müxtəlif rabitə xidmətlərini müşahidə etdik. Rayon Rabitə İdarəsinin rəisi Şahmar Məmmədovla həmsöhbət olduq. O bildirdi ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Ordubad Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad rayon filialı üçün lazımi iş şəraiti yaradılıb. Rabitə Evində 16 iş otağı, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, 56 yerlik zal, 1792 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyası, bufet və qazanxana yerləşir. “Naxtel” müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı həyata keçirilir, eyni zamanda sakinlərin mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur.

Hazırda rayon üzrə 35 avtomat telefon stansiyası vasitəsilə 8 min 261 abonentə rabitə xidməti göstərilir. Rayonda Mərkəzi Poçt və 25 kənd poçt məntəqəsi mövcuddur. Bütün poçt məntəqələri kompüterləşdirilib və POS-terminallar quraşdırılıb. Poçt bölmələrində ənənəvi xidmətlərlə yanaşı, kommunal, üzvlük və sığorta haqlarının, dövlət yol polisi cərimələrinin, bələdiyyə rüsumlarının və kreditlərin ödənişləri də aparılır. Burada pensiya və sosial yardımların paylanması təşkil olunub. Bundan başqa, poçt məntəqələrində itmiş əşyaların sahibinə çatdırılması, elektron imzanın sertifikat xidməti və “Naxtel” müştəri xidmətləri də əhalinin istifadəsindədir.
Yeni ünvanda abunəçilərlə də görüşdük. Rayonun Behrud kənd sakini, bu yaşayış məntəqəsində müəllim işləyən Novruz Tağıyev bildirdi ki, bu gün Naxçıvan rabitəsi böyük inkişaf yolu keçib. Qısa zaman kəsiyində belə böyük inkişafa nail olmaq heç də kiçik məsələ deyil və çoxlarına inanılmaz görünür. Maraqlı cəhət ondan ibarətdir ki, muxtar respublikamızda, o cümlədən Ordubad rayonunda müasir rabitə sisteminin qurulmasına ucqar dağ və sərhəd yaşayış məntəqələrindən başlanılıb. Bu, həmin ünvanlarda yaşayan və ümumilikdə, muxtar respublika sakinlərinə göstərilən yüksək qayğının ifadəsidir.
Rayonun Azadkənd sakini İsgəndər Kazımov da bölgədə rabitə sisteminin bugünkü səviyyəsindən razılıqla danışdı. Bildirdi ki, bu gün ölkəmizin rabitə sistemində tətbiq olunan yeniliklər tezliklə muxtar respublikamıza da ayaq açır. Bu da sakinlər tərəfindən yüksək dəyərləndirilir. Çünki indiki sistem vasitəsilə əhaliyə müxtəlif və keyfiyyətli rabitə xidmətləri göstərilir. Belə şəraiti yaratmaq isə əmin-amanlıq, insanlara qayğı olan yerdə mümkündür.
Son olaraq onu da deyək ki, Ordubad rayonunda həyata keçirilən bu tədbirin nəticələrini hər bir sakin öz gündəlik həyatında hiss edir. Yeni sistem onlara rahatlıq, müasirlik gətirib. Təbii ki, bütün bunlar rayon rabitəçilərinin qarşısında yeni vəzifələr qoyub. Açılış mərasimində Ali Məclis Sədrinin dediyi kimi: “Ordubad rayonunun rabitəçiləri qurulanları qorumalı, onlardan uzun müddət və səmərəli istifadə etməli, əhaliyə nümunəvi xidmət göstərməlidirlər”.
Ordubad rabitəçiləri bu vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR